29 may, 2025
Paylaş:

Bəxtiyar Vahabzadə: Elə bil ona milli şüur dərsini beşikdə olanda keçiblər... (II-ci hissə)

- Erməni faşizmi Mixail Qorbaçovun himayəsində qol-qanad açanda - quduzlaşanda Mərkəzi Komitədə tez-tez "fəallar iclası" keçirirdilər, ancaq bu "fəallar iclası"na yalnız nazirlər, Bakıdan digər rəsmi şəxslər və 2-3 ziyalı dəvət olunurdu. Mən bir dəfə də mətbuatda "Xalq qəzeti"ndə demişəm. Yan-yana əyləşdiyimiz belə "tədbirlər"dən biri heç yadımdan çıxmır. Bəxtiyar müəllim növbəti kəskin çıxışında üzünü o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin DİK sədrinə tutub hədsiz hiddətlə soruşdu: "Gözünüzün qabağında bu həngamələr baş verir, Sizin necə xəbəriniz olmur?! Evdə arvadla beş kəlmə danışanda xəbəriniz olur, amma ermənilərin törətdikləri o boyda həngamədən xəbəriniz olmur?! Bunu necə başa düşək?"

Doğrudur, ondan bir neçə ay sonra, əsasən də, guya Sumqayıt hadisələrinə görə DTK-nın sədrini vəzifədən kənarlaşdırdılar, amma onun yerinə ümumiyyətlə, Azərbaycana heç bir aidiyyatı olmayan birini - İvan Qorelovskini gətirib qoydular. Bu təyinat əsla anlaşılmayan idi, heç şübhəsiz, Moskvadan verilmiş "xüsusi göstərişdi... Düzdür, Azərbaycanda cəmi bir il işlədi, amma bu bir ildə bəs elədi ki, İrəvandan təlimat alan Qorbaçovun tapşırıqlarını yerinə yetirsin.

Bəxtiyar müəllimin belə mövzularda çoxsaylı narahat söhbətlərimiz onun evində, mənim "Gənclik" nəşriyyatındakı iş otağımda, başqa yerlərdə görüşlərimizin əsas mövzusu və hədsiz narahatlığımız idi.

Doxsanıncı ildə Mütəllibov qaragüruhunun "bariz" nümunəsi - ölkə Ali Sovetinə saxta seçkilərin təyin olunmuş deputatlarının əxlaqa, abır-həyaya sığmayan hədyanlarını televiziya ilə birbaşa izləyən və bu gün də yaşayan milyonlarla yurddaşlarımızın yaxşı yadındadır. Ulu Öndərimizin vəzifədən-vəzifəyə keçdiyi, çörək verdiyi deputatların susqunluğu bir yana, kürsüdən eşitdikləri hədyanlara arınmaz-arınmaz əl çalanda, Ulu Öndər çıxış edəndə ayaqlarını yerə döyəndə Bəxtiyar Vahabzadənin məhz haqq cəsarəti, mən deyərdim - qəhrəmanlığı çatırdı söyləsin: "Bu binanı da o tikib və bu kürsüdən necə təriflər söylənib onun haqqında!" Bu taxtalar (əlini kürsüyə vurdu) şahiddir! "partokratları, rəsmi adamları qoyuram bir kənara - o "parlament" deyilən yığımın tərkibində Mütəllibovdan "vəsiqə almış" yaradıcı ziyalılar da az deyildi. Və... Ulu Öndərimiz haqqında baş hədyanlar danışan da yazıçı idi.

- Hidayət müəllim, bilirik ki, Bəxtiyar müəllimin sizə xüsusi sayğısı vardı. Xətrinizi çox istəyirdi. Və bu, səbəbsiz də deyildi...

- Bəxtiyar Vahabzadə demişdi: "Mən Hidayəti ona görə çox istəyirəm - elə bil ona milli şüur dərsini beşiyində olanda keçiblər. Bu sözləri özü mənə deməmişdi (bu da ona böyüklüyünün göstəricisi idi!), dünyasını dəyişəndən sonra ailə üzvləri söylədilər. Əgər özü söyləsəydi deyərdim: "Ustad, beşiyimdən də öncə! Zəngəzurdan, Dərələyəzdən, Vedibasardan, Zəngibasardan, Göyçədən, Qaraqoyunludan, Hamamlıdan... hələ 1918-ci ildə didərgin düşən babalarımızın, nənələrimizin üzləşdikləri daşnak işgəncələri nəsil-nəsillərin yaddaşından yaddaşlara köçürülüb. Mirzə Fətəlidən, Mirzə Cəlildən, Mirzə Sabirdən... Sonra Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Xəlil Rzanın... milli ruhu bugünkü nəsillərimizə mənəvi dayaqdır!

- "Atüstü olsa da, qısa bir söhbət "Dönür unudulmaz bir xatirəyə" yazırdı ustad Səməd Vurğun. O da olmuş ola Bəxtiyar Vahabzadə ilə olan söhbətlər!.. Duzu, məzəsi, yumoru da öz yerində... Bir ömür boyunca xatırlamağa dəyər...

- Yumor müdrikliyin göstəricisidir, - deyirlər. Bəxtiyar müəllimin maraqlı söhbətlərində bir az da şirin-şəkər Şəki yumoru vardı. Bir epizod heç yadımdan çıxmır. Prezident Aparatına yalnız Ulu Öndər Heydər Əliyevin qəbuluna gələrdi, bir də mənim yanıma. Ulu Öndərin yanına gələndə də öncə mənə baş çəkərdi. Prezidentin köməkçisi Tariyel Ağayevə deyərdi ki, mən Hidayətin yanında olacağam. Tariyel zəng çalardı:

- Bəxtiyar müəllim Sizin yanınızdadır?

- Bəli.

- Cənab Prezident gözləyir.

Ulu Öndərin qəbulundan sonra yenə mənim yanıma qayıdardı. Sözüm onda deyil. Bir dəfə görüşümüz başlayan kimi yeni çapdan çıxmış kitabını mənə bağışladı:

- Avtoqrafı oxu, - dedi.

- Ustad, mən həmişə Sizin kitablarınızı son səhifəsinədək oxuyuram, - dedim. Sonra avtoqrafa baxdım. Yazmışdı: "Hidayət, sənin bu kitabı oxumağa vaxtın olacaq?" İkimiz də ürəkdən qəh-qəhə çəkdik.

- Olar, ustad, mütləq olar, Sizin kitabınıza həmişə vaxt tapılar, - dedim.

Respublikanın Milli Siyasət Məsələləri üzrə Dövlət müşavirinin iş stolunun üstü həmişə sənədlərlə dolu olurdu, stolun yan artırmasında 7-8 telefon - hərəsi bir cür zəng çalırdı... Və... bunlar da ustadın diqqətindən yan keçməmişdi. Bir dəfə mənə gileyləndi:

- Şəkiyə gedirsən, gəlirsən, böyük bölgə müşavirləri, vacib iclaslar keçirirsən... Amma biz orda - ata yurdumda görüşmürük...

Mən Şəkiyə gedəndə həmişə tərs kimi Siz orda olmursunuz. Soruşuram, - dedim.

- Bilirəm, soruşursan, hərtərəfli maraqlanırsan, məni icra başçılarına tapşırırsan, onlar mənə deyirlər...

- Sizin mənim tapşırığıma ehtiyacınız yoxdur, ustad! - dedim.

Bir dəfə Şəkiyə gedəndə xoşbaxtlıqdan Bəxtiyar müəllim orda idi. Oğlum Zəfər də mənlə getmişdi. Görüşdük. Bizi əvvəlcə anadan olduğu, böyüdüyü ata evinə apardı. Ev gözəlliklər məskəni Şəkinin başındaydı. Ordan əsrarəngiz mənzərələrə göz gəzdirməkdən doymaq olmurdu. Aşağılara xeyli baxandan sonra Zəfər heyrətini gizləyə bilmədi.

- Baba, yalnız burda böyüyən gənc böyük şair ola bilər, - dedi.

Bizlə olan icra hakimiyyətinin başçısı bildirdi ki, ata evini uşaq bağçasına hədiyyə edib.

Sonra şəhərin ətəklərində özü tikdiyi evə gəldik, doyunca söhbət etdik.

- Hidayət məllim, ustad Bəxtiyar Vahabzadəyə həsr etdiyiniz "Padşahlar, şairlər" adlı şeirinizi dönə-dönə oxumuşam. Əzbər bildiyim bəndlər də var... Amma şeiri müəllifin öz dilindən eşitmək bir özgə aləmdi. Fürsət qaçırmaq istəməzdim. O şeiri söyləsəniz, maraqla dinlərdim.

- Bizim bu söhbətimizdə mən əsasən epizodlar üzərində dayandım. Bəlkə də əsil poeziya nədir, Bəxtiyar Vahabzadə kimdir - anlayışını tam əhatə edə bilmədim. Buna görə 1989-cu ildə yazdığım, kitablarıma daxil edilmiş, xarici dillərə çevrilmiş bir şeirimi xatırlayıram:

Padşahlar, şairlər

Bəxtiyar Vahabzadəyə

I

Ana laylamızın ilki hardadır?

Ata şeirimizin kökü hardadır?

Bu gün nəğməmizin sönməz ilhamı

Dədəmiz Qorquddan min il o yana

Torpaqdan göyərən misralardadır...

Odun özünü də nəğmə çətirlər,

Şeir bu millətə

ilk iman,

ilk din.

Zamana sığmayan odlu sətirlər

Nə vaxtsa alova çevrilib yəqin.

Elə ona görə qalib ordudur,

Bir ayağı yerdə, biri yəhərdə,

Elə ona görə Odlar Yurdudur

Adı pozulsa da xəritələrdə.

II

Üsyankar şairlər gələr dünyaya -

Onda ki dünyanı bürüyər ahlar,

Onda ki milləti salmazlar saya

Cavan müstəbidlər,

qoca padşahlar.

Çox vədə şairi anlamayıblar,

Tərifləməyiblər,

danlamayıblar.

Elə ki... dünyanın işləri əydi,

Məzlumlar

padşahın "xətrinə dəydi"

Əsl şairləri "sınayıbdılar".

Əsl şairləri qınayıbdılar

Əsl şairləri "anlayıbdılar",

Əsl şairləri danlayıbdılar,

Əsl şairləri damlayıbdılar,

Fərman veribdilər ölümlərinə...

Elə ki, səbrlər kükrədi, daşdı,

Elə ki, su gəlib başlardan aşdı,

Cavan müstəbidlər,

qoca padşahlar

Əsl şairləri "anlayıbdılar",

Əsl şairləri yanlayıbdılar.

Cavan müstəbidlər,

qoca padşahlar.

Taxtdan yıxılandan bir saat əvvəl

Pula satılmayan sənətkarları,

Şana atılmayan sənətkarları

Tutublar, asıblar dar ağacından...

Hər vaxt belə olub şairə dövran.

Şair vurulubdur - ruhu yaşayıb,

Şair qovrulubdur - ahı yaşayıb,

Çinarlar ucalıb - şair yaşayıb,

Dağlar da qocalıb - şair yaşayıb,

Ürəklər ovudub misralarını.

Nə cavan müstəbid, nə qoca padşah

Vura bilməyibdi söz qatarını.

Gülləsi açılıb,

özünə dəyib,

Qəfilcə, beləcə gəbəribdilər.

Ürəklər hər gecə, hər təzə səhər

Elin nəğməsini elə yayıblar,

Şairlər

köksündə iztirab, qəhər

İllərin üstüylə addımlayıblar.

- Təşəkkür edirəm. Doğrudan da, şairanə xatırlamalar etdiniz.

 

                                                                                                                S.Hüseynoğlu,

“Ədəbiyyat qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()