“Birgə mütaliə edək” layihəsi çərçivəsində görüş
23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Günü ilə əlaqədar olaraq, “Birgə mütaliə edək” layihəsi çərçivəsində 22 aprel 2022-ci il tarixdə Yasamal rayonu 31 saylı orta məktəbin 3-cü və 4-cü sinif şagirdləri Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın direktoru Aslan Cəfərov müəllimələr Rübabə Abbasova və Natəvan Məmmədovanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onların bu gəlişini kitaba, mütaliəyə olan marağın və sevginin göstəricisi olduğunu söylədi. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.
Kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, fondu, fondunda olan uşaq ədəbiyyatı, kitabxanada təşkil edilən sərgilər haqqında məlumat verdilər. Şagirdlər “Xurşudbanu Natəvan poeziyası”, “Yazıçı Mir Cəlal Paşayev”, “Akademik Zərifə Əliyeva” və “Qarabağın zirvə tacı Şuşa - 270” sərgiləri ilə tanış oldular. Sərgilərin təşkilində önəm verilən məqamlar, sərgilənən materialların hansı meyarlar əsasında seçilməsi, “Xurşudbanu Natəvan poeziyası” və “Qarabağın zirvə tacı Şuşa - 270” sərgilərinin Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq təşkil edilməsi haqqında məlumatlandırıldılar.
Sonradan 31 saylı orta məktəbin şagirdləri - Məmmədli Fərid, Əliyev Ülvü, Həmidli Leyla, Əliyev Əli və başqaları Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin” şerini kompaziya formasında səsləndirdilər. 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Gününün tarixi, məqsədi haqqında qısa çıxışlar etdilər, mütaliə, kitab mövzusunda aforizmlər söylədilər.
Sonda direktor Aslan Cəfərov 31 saylı məktəbin kitabxanasına kitab hədiyyə etdi. Məktəbin müəllimələri – Rübabə Abbasova və Natəvan Məmmədova kitabxanaya əməkdaşlığa və kitab hədiyyəsinə görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.







