Cabbar Qaryağdıoğlu
Sevgilisinə görə 20 otaqlı ev tikdirən, özündən 35 yaş cavan qızla evlənən, səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə Cabbar Qaryağdıoğlu...
Cabbar Qaryağdıoğlu Şuşada "Seyidli" məhəlləsində boyaqçı Məşədi İsmayıl kişinin ailəsində dünyaya göz açıb. Atası oğlunun da özü kimi boyaqçı olmasını istəyib, lakin Cabbarın gözəl səsi, anadangəlmə istedadı onu xanəndəliyə istiqamətləndirib. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın olub. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşı", "Qırxpilləkən", "Ağzıyastı kaha"da quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərmiş. Deyirlər, Cabbar oxuyanda quşlar da civiltisini kəsib ona qulaq asarmış...
Şuşada xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu sonralar Bakıya gəlir. Öz evi olmadığından, kirayədə yaşamağa başlayır. Qonşuluqda 13 yaşlı Səliməxatuna vurulur. Qıza elçi düşür. Lakin Səliməxatunun atası inad edir, deyir, evi-eşiyi olmayan bir adama qız vermərəm. Cabbar Qaryağdıoğlu da bundan sonra 20 otaqdan ibarət üçmərtəbəli bir mülk tikdirir. Bundan sonra Sələməxatunu ona ərə verirlər.
Cabbar Qaryağdıoğlu Səliməxatunla evlənəndə 48 yaşı olub. Onların bu evlilikdən səkkiz övladı dünyaya gəlib. Şəhla xanım atasını belə xatırlayırmış: "Atam bizi çox istəyirdi. Amma anama olan məhəbbəti o qədər güclüydü ki, biz kölgədə qalmışdıq. Yadımdadır, o, həmişə anamı mahnı, şeirlə oyadardı".
Deyilənə görə, Qaryağdıoğlu böyük qardaşının oğlu Cəlalı Şuşadan Bakıya, buradakı evinə gətirərək himayəsinə götürüb: "O, böyük rəssam olacaq", - deyə, təhsil verib. Gənc Cəlal da əmisinin etimadını doğruldub, heykəltəraş Cəlal Qaryağdı kimi tanınıb.
"Şərq musiqisinin peyğəmbəri" adlandırılan Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. Onun yaradıcılığı Üzeyir bəyin musiqi yaradıcılığına çox böyük təsir göstərib. Üzeyir Hacıbəyovun on iki yaşı olanda Şuşada Cabbar Qaryağdıoğlu Məcnunun Leylinin qəbri üstündəki ölüm səhnəsini aktyor kimi ifa edib. Bunu izləyən Üzeyir Cabbar əminin ifasından təsirlənir, sonralar müsəlman şərqinin ilk operasını "Leyli və Məcnun"u yazır. Bu fakt "Uzun ömrün akkordları" filmində də yer alıb.
Deyirlər, Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün qonşuluqda gözəl səslə oxuyan qızı görəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra "Bu qızdan yaxşı oxuyan olacaq" deyib. Bir dəfə İrəvanın varlı adamlarından biri Cabbar Qaryağdıoğlunu oğlunun toyuna dəvət edir. Toyun axırıncı gecəsi qaydası üzrə bəy tərifi olur. Cabbar əmi də qayda üzrə bəyi tərif etməyə başlayır. Bu zaman gəlinin atası narazı şəkildə xanəndədən qızını tərifləmədiyi üçün inciyir. Cabbar əmi bunun həm adətə zidd olduğunu, həm də qızın üzünü görmədiyini deyir. Ancaq gəlinin atasının pərtliyi keçmir. Cabbar əmi gəlinin nişanələrini xəbər alanda ona deyirlər ki, qızın üzündə qoşa xal var. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimova baxıb deyir: "Qurban, tarı götür, gəl dalımca". Qaryağdıoğlu bədahətən sonradan hamıya yaxşı tanış olacaq "İrəvanda xal qalmadı" mahnısını bəstələyir.
83 yaşında dünyasını dəyişən Cabbar əmi ölümündən bir həftə öncə övladlarına belə deyib: "Balalarım, heç kimin valideyni əbədi yaşamır. Bir gün gələr, mən də bu dünyadan köçərəm. Mənim üçün kimsəyə minnət etməyin, ağız açmayın. Əgər mən bu millətin mədəniyyəti üçün nə isə etmişəmsə, özləri gəlib axtaracaqlar"...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.