Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 may 2017-ci il tarixdə Azərbaycanın kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin xatirə gecəsi keçirildi.

05 may, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 may 2017-ci il tarixdə Azərbaycanın kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli sənətkarın həyatı, aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Moskva şəhərində təhsilini davam etdirib. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi, rejissor vəzifələrində işləyib, həmçinin, aktyor kimi Azərbaycan tamaşaçılarının rəğbətini qazanıb. “Ögey Ana”, “Görüş”, “Lətifə”, “Yol əhvalatı”, “Yenilməz batalyon”, “Koroğlu”, “İstintaq davam edir”, “İşarəni dənizdən gözləyin”, “İmtahan” və bu kimi doxsana yaxın filmlərdə çəkilib. Son çəkdiyi və həmçinin, baş rolun ifaçısı olduğu “Fəryad” filmini isə özü görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Azərbaycan Dövlət Mükafatı laureatı, kino operatoru Kənan Məmmədov Ceyhun Mirzəyevin rejissor kimi son filmi “Fəryad”ın çəkilişləri zamanı baş vermiş maraqlı, təsirli anlardan danışdı. Azərbaycanın əməkdar artisti Elxan Qasımov bildirdi ki, Ceyhun Mirzəyev çox səmimi və vətənpərvər insan idi. Kinostudiyada onunla görüş zamanı həmişə vətənpərvərlik mövzusunda söhbətlərimiz olardı. Geyhun Mirzəyevin ürəyi daima Qarabağla döyünürdü. Azərbaycanın xalq artisti Şamil Süleymanlı Ceyhun Mirzəyevlə bağlı xatirələrindən, kino çəkilişlərində onun böyük əməyindən söhbət açdı. Vaxtsız qırılan aktyor ömrünün Azərbaycan kino sənətində ağır itki olduğunu bildirdi. Tədbir boyu görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin çəkildiyi və özünün rejissoru olduğu filmlərdən fraqmentlər göstərildi. Tədbirdə həmçinin, Azərbaycanın xalq artisti Eldost Bayramov, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, kinoşünas İlqar Əsgərov, iqtisadçı İftixar Zeynalov, iki şəhid anası Dürnisə Əliyeva, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, müğənni, bəstəkar Elxan Rəsuloğlu, Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, şairlər Zakir Ağdamlı və Şahlar Baba, BDU-nun tələbələri də iştirak edirdilər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()