Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 noyabr 2017-ci il tarixdə Milli Dirçəliş gününə həsr olunmuş “Milli Dirçəlişə gedən yol” mövzusunda tədbir keçirildi.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycanın Milli Dirçəliş günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Tarixinə hər bir mübarizənin zəfərli sonluğu yazılan ölkəmiz ümummilli lider Heydər Əliyevin və onun layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti sayəsində gün-gündən inkişaf edir və daha da böyük uğurlara imza atacaqdır.
Baş kitabxanaçı İradə Kərimova çıxışında bildirdi ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr - Milli Dirçəliş günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Kitabxanaçı İlhamə Təhməzova çıxışında bir daha qeyd etdi ki,17 Noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci ilin noyabrında yüz minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Xaıqımızın azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.
Baş kitabxanaçı Vüsalə Yusifova bildirdi ki, 1988-ci ilin noyabr-dekabr hadisələri
Azərbaycan xalqını daha da birliyə, düşmən qarşısında əyilməzliyə, həmrəyliyə səslədi. Məhz bu birliyin, əsl xalq hərəkatının, azadlıq hərəkatının nəticəsi idi ki, Azərbaycan milli dirçəlişə, müstəqilliyə nail oldu.
Tədbirdə həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.
Tədbir boyu Milli Dirçəliş gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.