Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 iyul 2017-ci il tarixdə “Ağdam rayonunun işğalı. Qarabağ mövzusu şair və yazıçılarımızın yaradıcılığında” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən Qarabağın mübarizlik istinadgahı olan Ağdam rayonu işğal edilmişdir. Artıq o qanlı tarixdən düz 24 il ötür. İşğaldan əvvəl Ağdamda yüzlərlə sosial-iqtisadi tikinti obyekti, sənaye, ticarət, ictimai iaşə, məişət müəssisəsi, sosial bina, həmçinin, məktəbəqədər uşaq, ümumtəhsil müəssisələri, bir neçə ali məktəb filialı, mədəniyyət evi, muzeylər, klublar, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan “Çörək muzeyi” var idi. İndi onların hamısı dağıdılaraq məhv edilmişdir. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. Biz əminik ki, tezliklə bu haqsızlığa mütləq son qoyulacaq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Veteran jurnalist Rey Kərimoğu Qarabağın işğal tarixindən danışandan sonra Qarabağ müharibəsinin qazısı, şair, publisist Rafael Tağızadənin yaradıcılığı, bu yaradıcılığın əsas xüsusiyyətləri ətrafında öz fikirlərini söylədi. Azərbaycanın əməkdar artisti Azad Şükürov şair, publisist Rafael Tağızadənin Qarabağ mövzusunda yazdığı bir neçə şerini söylədi. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Qarabağ müharibəsində hadisələrin ilk günlərindən ən böyük ağırlıqların məhz Ağdamın üzərinə düşməsindən danışdı. Asif Məhərrəmovun (Fred Asif) qardaşı Ədalət Məhərrəmov Ağdamsız ötən illərin ağrı-acısından danışaraq Qarabağ döyüş məktəbini kişilik məktəbi adlandırdı. Tədbirdə həmçinin, şair Nadir Qədimli, politoloq Taleh Əliyev, “Qarabağ azadlıq təşkilatı”nın üzvü Rəsmiyyə Qarayeva, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, müğənni, bəstəkar Elxan Rəsuloğlu, “Respublika veteranlar təşkilatının üzvü Vəfa Həbibzadə, şair-publisist Şahlar Baba, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, yazıçı Eyvaz Zeynalov, məcburi köçkünlər Fəxrəddin Rəcəbov, Nadir Qədirli, Vasif Qurbanzadə də iştirak edirdilər. Tədbirin sonunda “Ağdamsız 24 il” adlı kitab sərgisinə baxış keçirildi.