Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi, faciəli Xocalı” mövzusunda tədbir keçirildi.

23 fevral, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi, faciəli Xocalı” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Kitabxananın direktoru Tahir Sadıqov tədbiri ümummilli lider, dahi öndər Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- sözləri ilə açdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1 mart 1994-cü il tarixdə verdiyi Sərəncama əsasən 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu qanlı hadisə Azərbaycanda "Xocalı soyqırımı", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı etnik azərbaycanlılara qarşı törədilmiş ən qanlı faciədir. Qarabağ müharibəsi iştirakçısı Arif Məhərrəmov çıxışında qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Hər bir xalq onun yolunda canından keçənlərin sayəsində yaşayır və ucalır. Azərbaycanı da daim qəhrəmanlar yaşadacaqlar. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı Xocalı hadisələrində hərbi telefonçu Dürdanə Ağayevanın səkkiz gün ermənilərin əlində əsrlikdə qalarkən gördüyü dəhşətlərdən, işgəncələrdən danışdı. Qeyd etdi ki, vətənpərvərlik ruhunda böyüyən gənc nəsil bilməlidir ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Şair Qəşəm İlqar Ruhdaş Xocalı faciəsinin tarixi, əsas səbəbkarları, erməni xəyanətindən danışandan sonra müəllifi olduğu “Xocalı yarası” şerini söylədi. Tədbirdə həmçinin, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov, Qarabağ müharibəsi veteranı Sabir Məmmədov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Ağsaqqallar Məclisinin Binəqədi Təşkilatının üzvü Vəli Qarabağlı, şair-publisist Rauf İlyasoğlu, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri İradə Əlili, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, “Dünya” Ana və Uşaq ictimai birliyinin direktoru Validə Vəliyeva, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva,“Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, Nərimanov rayon “Veteranlar Şurası”nın üzvü Zemfira Mustafayeva, mühasib Hafiz Səfərov, jurnalist Nəzakət Bədirova, yazıçı Məhərrəm Şəmkirli, şairə Solmaz Kürçaylı, şair Zakir Ağdamlı da iştirak edirdilər. Tədbir boyu Xocalı faciəsini əks etdirən slaydlar nümayiş etdirildi. Tədbirin sonunda “Xocalı fəryadı” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()