Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 dekabr 2017-ci il tarixdə Təbib Əli Həsənoğlunun “Ata yurdum Sədərək” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb fəxri doktor, professor Təbib Əli Həsənoğlunun həyatı, fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, əvvəl Moskva Tibb İnstitutunda, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirən Təbib Əli Həsənoğlu yeddi kəşfin müəllifidir. Bunlardan ikincisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Diplomuna layiq görülmüşdür. Ədəbi yaradıcılığına isə qiymət olaraq Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Doktoru, professor və “Türk ədəbiyyatına Xidmət” Beynəlxalq Mükafatı Laureatı adına layiq görülmüşdür.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva Təbib Əli Həsənoğlunun “Şərq qapısı”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədalət” qəzetlərində, “Elm və həyat”, “Azərbaycan təbiəti” jurnallarında ədəbi yaradıcılığının əks olunmasından danışdı.
“Kreativ Gənclər” ictimai birliyinin idarə heyətinin üzvü Səidə Allahverdizadə bildirdi ki, Təbib Əli Həsənoğlu XX-XXI əsrin görkəmli ziyalısıdır. Onun kitablarında məhsuldar yaradıcılığının fərqli dövrlərini əhatə edən şerləri toplanmışdır.Yüksək mənəvi- əxlaqi dəyərlər, vətən məhəbbəti, yurd sevgisi şerlərinin əsas ideyasını təşkil edir. “Salsaldan Bozdağa” kitabı 2005-ci ildə, “Sədərək şəhidləri”, “Yad qızı” kitabları 2007-ci ildə, “Həyat qismətin nübarıdır” kitabı 2008-ci ildə çap olunmuşdur.
Tədbirdə həmçinin, “Kreativ Gənclər” ictimai birliyinin sədri Fərhad Allahverdizadə, Zəngilan rayonunun keçmiş icra başçısı Ələkbər Həşimov, sosioloq Zəminə Səfərova, “Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri” cəmiyyətinin baş katibi Saleh Salehzadə, “Dəqiq Xəbər” informasiya saytının baş redaktoru Nəzər Pələngov, AMEA-nın fəxri işçisi Nailə Əliyeva, “Ədalət” partirasının Laçın rayon təşkilatının sədri Nəsimi Məmmədov, şairə Xuraman Camalqızı, şairlər Məhəmməd Abdullayev, Şahlar Baba və “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər