Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü manasibəti ilə “Qüdrətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1918-ci il iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunu yaratmasına hüquqi əsas vermişdir. 1991-ci il oktyabr ayının 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan olunmuş və hər il Azərbaycan xalqı bu günü bayram kimi qeyd edir. Bu gün mübariz ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edən Azərbaycan ordusu tezliklə Qarabağı da düşmən əsarətindən xilas edəcəkdir. Qarabağ müharibəsi veteranı Rafael Tağızadə çıxışında bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq ulu öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Qarabağ müharibəsi veteranı Ədalət Məhərrəmov qeyd etdi ki, bizim hamımızın əsas məqsədimiz vətənə, dövlətə, millətə, bayrağımıza sadiqliyi, milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi qorumaq, müasir gənc nəsli də bu istiqamətdə tərbiyə etməkdir. Şairə Şərafət Dağıstanlı, şair Zakir Ağdamlı, şair-publisist Şahlar Baba qüdrətli Azərbaycan ordusunun yaranması, mübarizəsi haqqında danışandan sonra müəllifləri olduqları şerlər söylədilər. Tədbirdə həmçinin, şair-publisist Rauf İlyasoğlu, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Qarabağ müharibəsi veteranları Fəxrəddin Rüstəmov, Salman Xudaverdiyev, ictimaiyyətçi Xalidə Dəmirəl də iştirak edirdilər. Tədbir boyu Azərbaycan ordusunun sücaətini əks etdirən slaydlar nümayiş olundu.