Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında füzulişünas, qəzəlxan-şair Həkim Qəniyə həsr olunmuş Cavid Qənioğlunun “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabının təqdimatı keçirildi.
Tədbir gənc xanəndə Zülfiyyə Məmmədovanın muğam ifası ilə başladı. Akademik, millət vəkili Rafael Hüseynov çıxışında bildirdi ki, kitab təqdimatı biliyin, zəkanın bayramı deməkdir. Çünki, hər bir kitabdan hamımız nə isə öyrənirik. Qəni müəllimin özünün qələmə aldığı və onun haqqında yazılan hər bir kitab çox dəyərli və qiymətlidir. Həkim Qəninin qeyri-adiliyi onda idi ki, insanların içindəki ilhamı coşdura bilirdi.
Xanəndə, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədov qeyd etdi ki, Həkim Qəni gözəl şair, əsl insan idi. Həkim Qəninin dahi Məhəmməd Füzuliyə yazdığı təxmislərindən danışandan sonra uzun illər davam edən dostluqdan, birlikdə iştirak etdikləri məcləslərdən söhbət açdı.
Filologiya və fəlsəfə doktoru Tahir Şirvanlı Həkim Qəni ilə görüşlərindən, onunla bağlı xatirələrindən danışıb şairin məzmunca çox dəyərli qəzəllər ustası olduğunu xüsusi vurğuladı.
Həkim Qəninin oğlu Cavid Qənioğlu füzulişünas, qəzəlxan-şair Həkim Qəninin şerləri və qəzəllərinin bir qismi, eyni zamanda onu tanıyan ziyalıların xatirələrindən ibarət olan “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabı və atası ilə bağlı xatirələrindən danışdı.
Tədbir boyu tarzən Fərhad Paşayev, kamançada Mərkəz Şuşalı və qarmonda Aslan Aslanovun müşayiəti ilə xanəndələr Eyyub Aslanov, Tofoq Qurbanoğlu muğamlar ifa etdilər.
Tədbirdə həmçinin, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov, şair-publisist Rauf İlyasoğlu, qəzəlxan-şair Arif Buzovnalı, Mədəniyyət Mərkəzinin sədri Arif Mədətov, şair, rəssam Bəxtiyar Məmmədov, pedaqoq Məhəmməd Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solosti Balakişi Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Səidə Babanlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fərhad Quliyev, Surxay Atakişiyev, Tariyel Abbaslı, şairə Simuzər Nüsrətbəyli, “Kredo” qəzetinin baş redaktoru Əliriza Xələfli, Həkim Qəninin qohumları, ailə üzvləri də iştirak edirdilər.
Təqdimat mərasiminin sonunda tədbir iştirakçılarına müəllif tərəfindən “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabından bir neçə nüsxə hədiyyə verildi.