Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şuşanın işğalının 25 illiyi münasibəti ilə “Şuşa həsrəti” mövzusunda tədbir keçirildi.

08 may, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şuşanın işğalının 25 illiyi münasibəti ilə “Şuşa həsrəti” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdi. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılmış, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Nəticədə minlərlə eksponatın olduğu muzeylər talan edildi, yüzlərlə tarix-mədəniyyət abidələri dağıdıldı, çox sayda nadir əlyazma nümunələri məhv edildi, təhsil və səhiyyə ocaqları xarabazara döndərildi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrildi. Tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu çıxışında bildirdi ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri Qarabağın konservatoriyası adlandırıln, vaxtilə iyirmi üç min əhaliyə, iki yüz səksən doqquz kvadrat kilometr əraziyə malik, otuz yeddi kənddən ibarət, Qarabağın üzük qaşı, gözəl havası, ecazkar memarlığı, təkrarsız gözəlliyi ilə öyündüyümüz Şuşa şəhərində Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Şair-publisist Şahlar Baba qeyd etdi ki, Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə də musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Lakin çox ağır olsa da həqiqət budur ki, Şuşa kimi tarixi diyarımız, gözəl yurdumuz artıq iyirmi beş ildir ki, erməni qəsbkarları tərəfindən tamamilə məhv edilmişdir. Şahlar Baba çıxışını uşaqlıq illərinin xatirələri ilə yaddaşına həkk olunan Şuşaya həsr etdiyi “Şuşa”, “Şuşanın” şerlərini söyləməklə bitirdi. Tədbirdə həmçinin, “Sahibkarlıq və hüquq” qəzetinin redaktoru Məhərrəm Şəmkirli, “İlham çeşməsi” qəzetinin şöbə müdiri Mahirə Zahidli, Laçın rayonu sakini Sücaət Hüseynova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, BDU-nun tələbələri də iştirak edirdilər. Tədbir boyu Şuşaya həsr olunmuş mahnılar səsləndirildi, işğaldan əvvəlki və sonrakı görünüşünü əks etdirən süjetlər nümayiş olundu. Tədbirin sonunda “Şuşa- İtirilmiş cənnət” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()