Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə anım günü keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. O, Naxçıvan MSSR-da Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində xidmət edəndən sonra Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil almış və həmçinin, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1969-cu ildə dahi rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə yenidən Azərbaycana qayıtmış, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, ümümmilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. BDU-nun tələbəsi Jalə Mustafazadə dahi rəhbərin Azərbaycanın daxili və xarici siyasətindəki xidmətlərindən danışıb bütün gəncləri dahi rəhbər Heydər Əliyev dühasından bəhrələnməyə səslədi. Tədbirdə Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri iştirak edirdilər. Tədbir boyu ümummilli lider, dahi öndər Heydər Əliyevin Azərbaycanın rifahı, daxili və xarici siyasəti sahəsində fəaliyyətini əks etdirən kadrlar nümayiş olundu. Anım gününün sonunda “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda kitab sərgisinə baxış keçirildi.