Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Unudulmaz incəsənət və kino xadimlərimiz” silsiləsindən xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərovla görüş keçirildi
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Canəli Əkbərovun həyatı, Azərbaycan muğam sənətinin inkişafında, təbliğində fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, görkəmli sənətkar muğamın sirrlərini atasından öyrənmiş, müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş, öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almış, Dövlət Filarmoniyasında, Dövlət Opera və Balet Teatrında solist kimi uğurlar qazanmışdır. Xanəndə teatr səhnəsində uzun illər Məcnun, İbn Səlam, Şah İsmayıl, Aşıq Qərib kimi obrazlar yaratmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə Canəli Əkbərovun vətənini, xalqını sevən və onun dəyərlərinə dəyər qatan bir insan olduğunu bildirdi. Respublikanın xalq artisti Simarə İmanova ifaçılıq sənətində qazandığı uğurlara görə Canəli Əkbərovun dəstəyini xüsusi vurğuladı. Çıxışını muğam ifası ilə bitirdi. Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova, görkəmli xanəndə Canəli Əkbərovun tələbələri bir neçə musiqi nömrəsi ilə çıxış etdilər. Respublikanın xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərov Azərbaycan muğam sənətindəki çoxillik fəaliyyətindən, yaradıcılıq uğurlarında müəllimilərinin, xüsusilə, Xan Şuşinskinin böyük dayağından danışdı. Tədbirdə həmçinin, “Xəbər Press az.” saytının jurnalisti Esmira Mirzəyeva, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova, həkim Elxan Babayev, Azərbaycan Texniki Universitetinin müəllimləri Nailə Mirzəyeva, Rəhilə Teymurova, “İlham çeşməsi” qəzetinin şöbə müdiri, şairə, publisist Mahirə Zahidli, həkim, şair Şahlar Baba, şair Nadir Qədimli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirdilər.