Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olmuşlar
12 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları müasir texnologiyalar infrastrukturuna malik olan ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olmaq məqsədilə kitabxanada qonaq oldular. Kitabxananın direktoru Elçin Məmmədov öz fəaliyyətləri haqqında ətraflı məlumat verdi və bildirdi ki, kitabxana yeni informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Kitabxanada tətbiq edilən Millennium Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi yeni-OCLC WMS Kitabxana-İnformasiya Sistemi ilə əvəz edilmiş və hal-hazırda kitabxananın bütün informasiya prosesləri bu sistem vasitəsilə avtomatlaşdırılmışdır. ADA Universiteti kitabxanasının mütəxəssisləri – Vəfa Məmmədova istifadəçi xidməti haqqında, Nigar Babayeva isə Tədqiqat və Tədris Xidmətləri haqqında praktiki məlumat verdilər, sualları ətraflı cavablandırdılar. Görüş zamanı ADA Universiteti Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında kitab mübadiləsi və kitabxanalararası əməkdaşlıq haqqında ilkin razılıq əldə edilmişdir.