Cerom Selincer
"Daima deyirəm: "Sizinlə tanış olmağıma çox məmnunam". Halbuki, qətiyyən məmnun deyiləm. Ancaq insanların arasında yaşamaq istəyirsənsə, nə gəldi danışmağa məhkumsan". Bu sözlər Amerikanın məşhur yazıçısı Cerom Selincerin ona dünya şöhrəti qazandıran "Çovdarlıqda uçurumdan qoruyan" adlı yeganə romanındandır. Məşhurların ən tənhası, tənhaların isə ən məşhuru olan bu yazıçı 91 il 27 günlük ömrünün 45 ilini tərki-dünyalıqda keçirib. O, özünü könüllü şəkildə cəmiyyətdən təcrid etmişdi. Ona görə yox ki, bu dünyanı sevmirdi, ona görə ki, bu dünyanın düzəni, necə qurulması, insanların tapındığı "dəyərlər" onu təmin etmirdi. O, bu dünyada susqun, sonsuz və əbədi olanı seçdi. Həyat onun qarşısında bütün qapılarını açanda, Selincer bu qapıların hamısını qıfılladı...
Cerom Devid Selincer Nyu-Yorkda anadan olub. Litva yəhudisi olan atası Solomon Selincer yağ-pendir istehsalı ilə məşğul idi. Yazıçının katolik təriqətli anası Meri Cillik ailə üzvlüyünə qəbul olunmaq üçün adını dəyişərək Məryəm adıyla yəhudiliyi qəbul edib. Oxuduğu nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer normal ali təhsil ala bilməyib. Gənc ikən pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, böyük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.
Selincer 22 yaşında olarkən füsunkar Uno O'Nilə aşiq olur. 16 yaşlı Uno Nobel mükafatı qazanan yeganə amerikalı dramaturq Yucin O'Nilin qızı idi. 17 yaşından aktrisalıq eləməyə başlayan bu xanım həmişə özündən yaşca böyük kişilərlə eşq macərası yaşayırdı, onu adətən intellektual qocalar cəlb edirdi... 1941-ci ilin sonunda Cerom cəbhəyə getmək üçün siyahıya yazılır və müharibəyə yollanır. Bundan sonra cəbhədən Unoya yazdığı məktublar onun yeganə əyləncəsinə çevrilir. Ancaq xanım O'Nil Kaliforniyaya köçəndən sonra Selincerin məktublarına cavab gəlmir. Həmin illərdə Uno özündən 36 yaş böyük Çarli Çaplinlə ailə qurur. Bu xəbər Selinceri sarsıdır. Avropanı fəth etməyə hazırlaşan gənc sevdiyi qızdan məktublarına cavab gözlədiyi bir vaxtda qəzetlərdən onun Çaplinə ərə getdiyini öyrənir və ömrü boyu bu nakam sevginin kabusu altında əzilir.
Vətəndaş müharibəsi Amerikaya Mark Tvenlə Uolt Uitmen kimi yazıçılar bəxş etdi, İkinci Dünya müharibəsi də Selinceri qazandırdı. O, cəbhədə ağır döyüşlərlə, insan itkiləriylə üzləşməsəydi, çətin ki, belə istedadlı yazıçı ola bilərdi. Müharibə illərində əks-kəşfiyyatçı olan yazıçı xidməti vəzifəsini yerinə yetirəndə bəzən maşını yolda saxladıb nəsə yazır, qeydlər aparırdı. "Çovdarlıqda uçurumdan qoruyan" romanının ilk altı fəsli beləcə yollarda, güllə səsi altında yazılıb. Selincerin əvvəldən də mürəkkəb olan xasiyyət və davranışları 40-cı illərdə daha da qəlizləşir. Müharibə illərində əsirlərlə işləyən, bir neçə düşərgənin boşaldılmasında iştirak edən yazıçı ağır psixoloji zədə alıb aylarla hərbi hospitalda müalicə olunur.
Hitler hakimiyyətinə nifrət bəsləyən Selincer bir dəfə Nasist Partiyasının üzvü olan gənc qızı həbs edir və ona aşiq olur. Həmin ərəfədə Amerika əsgərlərinə alman qızlarıyla ailə qurmaq qadağan olunduğundan Selincer hərbi tribunal qarşısına çıxarıla bilərdi. Ancaq yazıçı Silviya adlı həmin alman qızını özüylə Amerikaya gətirir. Gənc ailə bir müddət Solomon atanın evində yaşayır. Lakin bu qəribə evlilik cəmi bir ay çəkir. Ancaq bu, Selincerin son uğursuz sevgi macərası deyildi. Daha sonralar isə yazıçı Kler Duqlasla tanış olur. Onda Selincerin 31, Klerin isə 16 yaşı vardı. Kler orta məktəbi bitirməmiş Ceromla ailə qurur. Bu ərəfədə yaradıcılığının çiçəklənmə dövrünü yaşayan Selincer saatlarla iş otağından çıxmır, Klerin ikinci dəfə hamilə olduğunu eşidəndə əməlli-başlı qəzəblənir. Bu cür həyata dözə bilməyən Kler iki uşağıyla birlikdə evi tərk edir. Həmişə gənc xanımlara aşiq olan Selincerin sonuncu sevgilisi isə özündən düz 50 yaş kiçik idi...
Yazıçının üzərində 9 il işlədiyi "Çovdarlıqda uçurumdan qoruyan" romanı əməlli-başlı səs-küyə səbəb olub. Belə ki, əsər müəyyən əxlaqi dəyərlərə qarşı çıxdığı üçün təzyiqlərə məruz qalmış, hətta kommunizm ideyalarının təbliğinə görə Vaşinqtonun bəzi məktəblərində qadağan olunmuşdu. Onu da qeyd edək ki, roman hələ də ABŞ-da ən qalmaqallı əsər kimi qəbul olunur. Leonardo Di Kaprio daxil olmaqla bir çox məşhurlar romanın motivləri əsasında film çəkmək istəsələr də bu, müxtəlif səbəblərdən mümkün olmayıb…
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.