09 dekabr, 2024
Paylaş:

Çingiz Aytmatov

Elə bədii əsərlər var ki, onları oxuyanda sanki kinoya baxırsan, hər şey gözlərinin önündə canlanır, sanki oxucu deyil, tamaşaçısan və hadisələri ekranda görürsən. Bu fikirləri, sözün əsl mənasında, "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" kimi bir-birindən maraqlı əsərləri ilə oxucularının qəlbində taxt quran dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun yaradıcılığına şamil etmək olar...

Yazıçı Qırğızıstanın Şəkər kəndində dünyaya göz açıb. Atası Torekul Aytmatov görkəmli dövlət xadimi, anası Nagima Aytmatova isə yerli teatrda aktrisa olub. Bir məmur uşağı olaraq dünyaya gələn Çingiz Aytmatov ilk təhsilini kənd məktəbində alıb. İkinci Dünya müharibəsi zamanı yaşadığı kənddə kişilərdən ibarət əhali sayının azalması nəticəsində az yaşda ikən kənd sovetində katib kimi işə başlayıb.

8-ci sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna daxil olub. Daha sonra isə Qırğızıstanın Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Ədəbi və siyasi elitadakı kişilər arasında paxıllığını çəkənlər çox olsa da, o, qadınların sevimlisi idi. Milyonlarla pərəstişkarı olan Aytmatov qadınların ürəyini fəth edə bilmişdi. O, daxilən zəngin olduğu kimi, zahirən də yaraşıqlı idi. Ucaboy, gursaçlı yazıçı dostlarının dediyinə görə, idmançılara məxsus sağlam və tökmə bədən quruluşu ilə seçilirdi...

Çingiz Aytmatov iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Kerez Şamşibayeva ixtisasca həkim olub. O, Çingizi və ədəbiyyatı ürəkdən sevirdi. Ədəbiyyat həvəskarı olan həkim qız, hətta bir müddət Moskvada Ədəbiyyat İnstitutunda təhsil almışdı. Lakin sonralar təhsilini davam etdirməmiş və onların bu qarşılıqlı sevgisi evliliklə nəticələnmişdi.

Cütlüyün iki övladı - Səncər və Əsgər dünyaya gəlib. Lakin bir müddətdən sonra yazıçı həyat yoldaşından "dost kimi" ayrılıb, ardınca başqa xanım Mariya Urmatovna ilə ailə qurub. Bu xanım da yazıçıya iki övlad (Eldar və Şirin) bəxş edib. Mariya Moskvada ssenarilik kursunu bitirib.

Amma Çingiz Aytmatovun həyatının ən maraqlı və ən coşqun çağları məşhur bir qadınla bağlıdır. On beş il davam edən bu gizli sevginin "qəhrəmanı" Qırğızıstanın ən gözəl və ən məşhur qadınlarından biri hesab olunan Bibisara Beyşanəliyeva idi. O, Qırğızıstanın ilk peşəkar rəqqasəsi, SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin deputatı, pedaqoq idi, vaxtilə Ulanovanın tələbəsi olmuşdu. İki dəfə ailə qursa da, uğursuz bir tale yaşamışdı. Xanım az qala bütün kişilərdən uzaq gəzməyi qərara almışdı. Oğlu Ərməkin tərbiyəsini isə həyatının başlıca qayəsi hesab edirdi. Lakin dünyaşöhrətli yazıçı ilə yaxın tanışlıq onun həyatını tamamilə dəyişmişdi. Onlar uzun illər odlu-alovlu, təkrarsız, coşqun bir eşq yaşamışdılar.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu eşq ortaya çıxandan sonra böyük ədibin düşmənləri ona qarşı hücuma keçmiş, onu "sovet həyat tərzinə" zidd çıxmaqda, məişət pozğunluğunda, "kommunistə-partiyaçıya yaraşmayan hərəkətdə" və nəhayət, bütün bu hərəkətləri cəmiyyətdən gizlətməsində ittiham etməyə başlamışlar. Yazıçı öz "səhvini" etiraf etməli olmuşdu. O, öz xatirələrində Bibisara Beyşenəliyeva ilə münasibətlərinə aydınlıq gətirmiş, sevdiyi qadınla əlaqələrini parlaq bir üslubda təqdim edərək demişdi: "Əlbəttə, biz bu sevgidə bəxtəvər idik, amma ailədə yox... Mən özümə hərdən sual verirəm: buna dəyərdimi?.. Doğrusu, konkret cavab verməyə çətinlik çəkirəm... Sevəndə evlənmək məsələsi nə zəfərdir, nə də qələbə; bu, bütün hisslərin mürəkkəb qammalarının təzahürüdür... Biz Bibisara ilə bir-birimizi axtarmadıq, hər şey birdən, öz-özünə baş verdi... Və bu gözlənilməz görüş mənim taleyimin ən qiymətli hədiyyəsi idi... Həyatıma işıq gətirmiş bu qadın - qırğız incəsənətinin ulduzu bu gün də yuxularıma gəlir, mənim qəlbimi keçmişə aparır... Bəs biz onunla niyə ailə qurmadıq? Mən ona bu təklifi edəndə Bibisara özünün uydurduğu, mənim ad-soyadımı birləşdirən müraciət forması ilə deyərdi: "Açinov, bir-birini ürəkdən sevənlər heç vaxt birləşə bilməz... Bəlkə də belə yaxşıdır. Axı gündəlik ailə məsələləri bütün böyük hissləri məhv edir...".

Sonralar Aytmatovun sevdiyi qadın sağalmaz xəstəliyə düçar olur, bir müddət sonra Kreml xəstəxanasında onun gözləri önündə həyatla vidalaşır... Deyilənlərə görə, yazıçı cənazə önündə hönkürərək uşaq kimi ağlayıb. Ümumiyyətlə, Aytmatov təbiətən iradəli, bütün ağrı və itkiləri təmkinlə, soyuqqanlılıqla qarşılayan adam olub. O, həyatında üç dəfə göz yaşları töküb: anası Naqimə, ilk həyat yoldaşı Kerez və sevgilisi Bibisara vəfat edərkən...

Dünyaşöhrətli yazıçı 79 yaşında ağciyər iltihabı və böyrək çatışmazlığı səbəbindən Almaniyanın Nürenberq xəstəxanasında vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()