01 may, 2023
Paylaş:

Coan Ketlin Roulinq

Coan Ketlin Roulinq... Dünyaya  "Harry Potter" kimi məşhur romanları bəxş edən bu ingilis yazıçısı haqqında o qədər hekayələr danışılıb və yazılar yazılıb ki, çətin ki biz bu deyilənlərə təzə nəsə əlavə edə bilək. Bu xanım təkcə "Harry Potter"in fanatları arasında deyil, kitab oxumağı sevməyən insanlar arasında da kifayət qədər  məşhurdur...

Dünyanın ən zəngin yazıçısı olan Coanın bütün həyatı prinsip etibarilə başdan-başa sınaqdan ibarətdir. Onun həyatının keşməkeşləri hələ məktəb vaxtlarından başlayıb. Belə ki, yazıçının öz sözlərinə görə, o məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç xoşlamır, Roulinqi heç sevmirdilər.

Bütün bunların üstünə sonralar gənc qızın anasının bərk xəstələnərək iflic olması da əlavə olunur. Üstəlik anası dağınıq sklerozdan da əziyyət çəkirdi. Atasına gəldikdə  isə münasibətləri heç də  yaxşı deyildi. Məhz anasına baxmalı olduğu üçün Coan Roulinq "Oxford" universitetinin tələbəsi ola bilmir, baxmayaraq ki, o qəbul imtahanını verə bilmişdi. Daha sonra o, Ekstersk universitetinə daxil olur, buranı isə  fransız dili ixtisası üzrə başa vurur.

Qısa müddət sonra Roulinqin anası vəfat edir. Bu itki gələcək yazıçının həyatına o qədər təsir edir ki, o, İngiltərəni tərk etmək qərarına gəlir. Beləliklə, İngiltərəni tərk edən Roulinq bir neçə illiyə Portuqaliyada məskən salır. Burada o, ingilis dilindən dərs deyir və bütün boş vaxtını roman yazmağa sərf edir. Lakin sonradan bu məşğuliyyətlərin hər ikisini lazımsız hesab edərək onları dayandırır. Elə bu ərəfədə də  tələbəsi Xorxe Arantesə ərə gedir, lakin üstündən cəmi bir il keçməmiş onlar boşanırlar. Bu nikahdan Coanın Cessika adlı bir qızı dünyaya gəlir və o, qızını götürərək Böyük Britaniyaya qayıdır.   Məhz  həmin dövrdə də Coan Roulinq "Harry Potter" haqqında  romanlarını yazmağa başlayır. Birinci kitabın yazılmasına Coan Roulinq iki il yarımdan çox vaxt sərf edir, ən maraqlısı isə odur ki, ilk öncə 20-dən çox nəşriyyat və demək olar ki, Coanın ünvanını tapa bildiyi bütün ədəbiyyat agentləri romanı  nəşr etməkdən imtina edir. Ona görə də "Bloomsbury" nəşriyyatı onun "Harry Potter və fəlsəfə daşı" adlı ilk romanına olan hüquqları 4000  ABŞ dollarına almağa razılaşanda o, bunu əsl uğur kimi qiymətləndirir.

Əhvalatın maraqlı hissəsi isə məhz burada başlayır: cəmi bir neçə ay keçdikdən sonra Amerikanın məşhur nəşriyyatlarından biri kitabın ABŞ-da satışı üçün hüquq əldə edir, bunun sayəsində Coan Roulinq kifayət qədər pul qazanır ki, fransız dili müəllimliyini atıb, yazıçılıqla peşəkar səviyyədə məşğul olsun.

Onu da qeyd edək ki, yazıçı uzun müddət kliniki depressiyadan əziyyət çəkib. Yazıçının öz etiraflarına görə, gənc sehrbaz haqqında kitab yazmaq onun üçün bir növ terapiya olmuşdu. Məhz depressiyada olduğu üçün yazıçı insandan onun həyat sevincini "sovuran" dementorları (filmdəki mənfi obrazlar) yaratmışdı...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()