Con Kennedi
"Soruşma ki, ölkə sənə nə verə bilər, özündən soruş ki, sən ölkəyə nə verə bilərsən"... belə deyərdi ABŞ-ın 35-ci prezidenti Con Fitscerald Kennedi... XX əsrdə doğulmuş bu prezident Teodor Ruzveltdən sonra ənənəvi qaydada seçilmiş ən gənc prezident kimi tarixə düşüb. Digər tərəfdən isə Ağ Evin sahibi olan Kennedi həm də ABŞ tarixində ilk katolik prezident olub. Con Kennedi siyasi fəaliyyəti, yarımçıq qalmış prezidentlik dövrü ilə yanaşı, şəxsi həyatına görə də yaddaşlarda qalıb...
Amerikalıların əksəriyyəti tərəfindən ən yaxşı prezidentlərdən biri kimi qəbul olunan Kennedi irland mənşəli katolik ailəsində dünyaya göz açıb. Conun atası ABŞ-da ən cavan bank müdirlərindən olub. Uşaqlıq illərində çox zəif olan və tez-tez xəstələnən gələcək prezident elmə, təhsilə, kitablara və hətta məktəb illərində qəzetlərə xüsusi marağı ilə fərqlənib. Bu maraq onda o qədər güclü olub ki, o, iyirmi dəqiqəyə dörd qəzet oxuya bilirmiş.
Con Kennedi prezidentliyi dovrundə ciddi sosial-iqtisadi proqramlar həyata keçirib, hərbi blokların və ABŞ Silahlı Qüvvələrinin gücləndirilməsinin tərəfdarı olub. SSRİ-nin Kubada nüvə raketləri yerləşdirmək cəhdi ilə əlaqədar Sovet-Amerika münasibətləri son dərəcə gərginləşdiyi dövrdə məsələni danışıqlar yolu ilə həll etməyə nail olub, növbəti dünya müharibəsinin başlanmasının qarşısını alıb.
Kennedi Jaklin Buvye adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən 4 uşağı dünyaya gəlsə də, onlardan 2-si doğulduqdan dərhal sonra vəfat ediblər.
Prezident siyasi fəaliyyəti ilə yanaşı, eşq macəraları ilə də xatırlanır. Həyatı sevgi oyunları ilə zəngin olan Kennedi yüzlərlə qadın qəhrəmanlarının yaddaşında Amerikanın ən yaraşıqlı və ən ehtiraslı kişisi kimi qalıb. İstənilən statusda olan qadınlarla əylənməkdən zövq alan prezident hələ 17 yaşından əxlaqsızlıq yuvalarının "sevimli qonağı" sayılıb.
Con Kennedi öz sevimli məşğuliyyətini gizli saxlamaq istəsə də, buna nail ola bilməyib. Çünki o, bu məşğuliyyətindən zamanından və harada olmasından, xarici səfərlərində, istirahətdə, hətta Ağ Evdə də əl çəkə bilməyib.
Kennedinin sevgi macəralarında ən maraqlı faktlardan biri də odur ki, o, vaxtilə atasının məşuqəsi olmuş alman aktrisası Marlen Ditrixdən də öz nəvazişini əsirgəməyib. Yaşca özündən çox böyük olmasına baxmayaraq, Kennedi bu xanımdan özünü məhrum etməyib. Nəfsinin əsirinə çevrilən prezident həyat yoldaşı Jaklin Kennedinin mətbuat katibi, 21 yaşlı Pamelanı da öz məşuqəsinə çevirməkdən çəkinməyib.
Kennedinin saysız-hesabsız məşuqələrinin arasında ən iddialısı və səs-küylüsü Hollivud ulduzu Merilin Monrodur. Monro Kennedinin həyatında məşuqə olmaqla kifayətlənməyib. Kennedi ona çox inanıb, elə bu inamın müqabilində Monro Kennedinin demək olar ki, bütün şəxsi həyatına daxil olub. Lakin bir müddət sonra Kennedi onun siyasi karyerasına zərbə olacağını düşünüb yavaş-yavaş geri çəkilməyə məcbur olub. Prezidentin onu tərk etməsindən sonra içkiyə və psixotrop dərmanlara qurşanan Monro bir müddət sonra vəfat edib. Onun müəmmalı ölümü haqqında hələ bu günə qədər də müxtəlif fikirlər səslənir. Hətta bu ölümdə Kennedinin əli olduğu da söylənilir.
46 yaşlı prezident Texas ştatının Dallas şəhərində qətlə yetirilib. Snayperdən açılan atəş nəticəsində başından və boynundan iki güllə yarası alan prezidentin həyatını xilas etmək mümkün olmayıb.
Onun rəsmi qatili sayılan Li Harvi Osvald həbs edilsə də, hadisə ilə bağlı şübhələr və müəmmalar hələ də qalmaqdadır. Çünki qatil özünü günahkar bilməyib və iki gün sonra isə polis əməkdaşları tərəfindən güllələnib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.