Cordano Bruno
"Həqiqət yolu çətin yoldur, çox az adam bu yolla gedə bilir, amma bu yolun sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır". Bu cür düşünərdi italyan filosofu və şairi Cordano Bruno... Amma istədiyi o qeyri-adi "mənzərəni" görmək ona nəsib olmadı. Düşüncə tərzinə görə hamıdan fərqlənən bu filosof bəlkə də "çoxbilmişliyindən" cəzaya məhkum olundu və ölümün cəngindən canını qurtara bilmədi. Hardan bilərdi ki, bir gün onu düşüncələrinə görə edam edəcəklər...
Bir çox mənbələrdə onu əsl qəhrəman, elm fədaisi, gözəl mühazirəçi və istedadlı yazıçı kimi qələmə verirlər. Lakin bəzi mənbələrdə isə onun alim adlandırılması yanlışlıq hesab edilir.
Avtobioqrafiyası ilə yaxından tanış olduqda açıq-aydın görünür ki, elmi həqiqət heç vaxt onun ciddi maraq obyekti olmayıb. Bununla bərabər istər sağlığında, istərsə də ölümündən sonra Brunonun ideyaları elmi dairələrdə hələ də güclü tərəfdaş toplaya bilməyib. Səbəb isə çox sadədir: Cordano Bruno nə riyaziyyatçı, nə də ki astronom idi, təbiət elmlərindən isə yalnız müəyyən dərəcədə başı çıxırdı.
Onun nə elmi baxışları, nə də dünyanı və elm aləmini silkələyəcək kəşfləri olub. Ortaya maraqlı bir sual çıxır: bəs nə idi onu bu qədər məşhur edən səbəb?
Brunonun adının bu günə qədər məşhur olması, ilk növbədə, onun həyatının faciəli finalı ilə bağlıdır. Tam məsuliyyətlə demək olar ki, o, özünün elmi baxışlarına və kəşflərinə görə cəzalandırılmayıb.
Əslində bu italiyalı mütəfəkkir alim yox, ilahiyyatçı filosof idi. Təbii-elmi kəşflər isə onu, ilk növbədə, həyatın məğzini, kainatın mövcudluğunun mənasını və əsla elmi xarakter daşımayan digər məsələlər barəsində baxışlarını təsdiqləmək vasitəsi kimi maraqlandırırdı.
Üç Tanrının mövcud olduğuna inanan bu adam Kainatı - birinci Tanrı, bütün dünyanı - ikinci Tanrı, insanı isə üçüncü Tanrının yaratdığını iddia edirdi.
Hətta İsa Məsihin, daha doğrusu, Məryəmin belə paklığına şübhə ilə yanaşırdı. Əsərlərində bu və digər psevdodini nəzəriyyələri inkişaf etdirmək, özünün heç də elmi xarakter daşımayan nəzəriyyələrini əsaslandırmaq məqsədilə Kopernikin təlimindən yararlansa da, elə bununla da təlimi təhrif olunmuş şəkildə şərh etmişdi.
Brunonun şəxsi həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Həyatı boyu heç vaxt evlənməyən "dahi mütəfəkkirin" nə övladı, nə tələbələri, nə də davamçıları olub. Bəzi bioqrafları onun cinsi azlığın nümayəndələrindən olduğunu belə iddia edirlər. Orta əsrlərin adət-ənənələri və xüsusən də kilsə xadimlərinin hansı oyunlardan çıxmasını nəzərə alsaq əslində bu da təəccüblü görünmür...
O, magiya ilə ciddi maraqlanır və hər şeydən göründüyü kimi, magiya sənətini praktikada fəal tətbiq edirdi. Buna görə də Katolik Kilsəsi ilə onun arasında münaqişə yaranmaya bilməzdi.
Əgər həmin dövrə nəzər yetirsək görərik ki, mütəfəkkirlər də Kilsə ilə münaqişə vəziyyətində olublar. Brunonun həmin mütəfəkkirlərdən əsas fərqi ondan ibarətdir ki, o, şüurlu şəkildə xristianlığa zidd və kilsəyə qarşı yönəlmiş mövqedən çıxış edirdi. Bruno mütəfəkkir alim kimi deyil, qaçqın rahib və dinsiz bidətçi kimi mühakimə edilib. Onun işi üzrə materialları araşdırdıqda məlum olur ki, o, heç kəslə işi olmayan filosof deyil, Kilsənin şüurlu və fəal düşməni olub.
Onunla bacara bilməyəcəyini görən kilsə məhkəməsi İtaliya və digər Avropa ölkələri üçün məşhur olan inkvizisiya (tonqalda yandırma) cəzasını tətbiq edib. Hətta onu tonqalda yandırmağa apararkən belə cəlladlara "siz hökmü oxuyarkən belə səsiniz əsir, mən isə tonqalda yanmağa getdiyim halda qorxmuram", - deyib. Daha sonra isə 52 yaşlı Bruno kilsə məhkəməsinin qərarı ilə xalqın gözü qarşısında Romanın "Güllər" meydanında tonqalda yandırılıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.