Demokratik cəmiyyətin təməl prinsipləri: söz və mətbuat azadlığı
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda bir araya gələn media nümayəndələri dünya miqyasında azad və müstəqil informasiya vasitələrinin mövcudluğunu təmin etmək məqsədilə Vindhuk Bəyannaməsini qəbul etdilər. Sənəd mətbuat azadlığının insan hüquqları və demokratiya üçün vacibliyini vurğulayır, bütün dövlətləri bu dəyərləri qorumağa və təşviq etməyə çağırırdı. Bu təşəbbüsün nəticəsi olaraq BMT Baş Məclisi 1993-cü ildə 3 mayı Dünya Mətbuat Azadlığı Günü elan etdi.
Söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas sütunlarındandır. Tarix göstərir ki, sözün susdurulduğu, mətbuatın nəzarət altında saxlanıldığı cəmiyyətlərdə fundamental hüquqlar tapdalanır, azadlıq isə formal məna kəsb edir. Söz azadlığı fərdlərə öz düşüncələrini sərbəst ifadə etmək, informasiya almaq və yaymaq imkanı verir. Bu isə bütövlükdə cəmiyyətin maariflənməsi üçün mühüm amildir. Müasir dövrdə kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradio yayımçıları, informasiya agentlikləri və rəqəmsal platformalar ictimai rəyi formalaşdıran, cəmiyyətin problemlərini səsləndirən əsas vasitələrdir. Azad və müstəqil KİV-lər, eyni zamanda korrupsiya, hüquq pozuntuları və idarəçilikdəki boşluqların aşkarlanmasında mühüm rol oynayır. Bununla yanaşı, informasiya vasitələri ictimai dialoqun qurulmasına və müxtəlif baxışların cəmiyyətə çatdırılmasına şərait yaradır. Bu isə fikir plüralizmini, demokratiya və vətəndaş fəallığını stimullaşdırır. Azad söz hüququ təkcə sərbəst danışmaq və yazmaq imkanı deyil, həm də məsuliyyətli davranmağı, cəmiyyətin maraqlarını nəzərə alaraq informasiyanı düzgün təqdim etməyi tələb edir. Bu səbəbdən mətbuat fəaliyyəti peşəkarlıq və etik dəyərlər üzərində qurulmalıdır, manipulyasiya və dezinformasiyadan uzaq, obyektiv və balanslı fəaliyyət cəmiyyətdə sağlam informasiya mühitini qoruyur.
İngilis ədəbiyyatının parlaq simalarından olan Con Miltonun 1644-cü ildə yazdığı "Aeropagitika" əsəri bu gün də söz və mətbuat azadlığının simvolik təməl daşlarından sayılır. Dərin fəlsəfi düşüncə, siyasi mühakimə və vətəndaş cəsarəti ilə yazılmış əsər ideyaların senzurasız yayılmasının insan ləyaqətinin ayrılmaz hissəsi olduğunu bəyan edir. Miltonun fikrincə, azad cəmiyyətin formalaşması üçün əvvəlcə fikir azadlığı, ardınca isə azad mətbuat təmin olunmalıdır. Bu kontekstdə Azərbaycan milli düşüncə tarixinin nəhəng simalarından olan Məhəmməd Əmin Rəsulzadənin "Mətbuat azadlığı" məqaləsi bu gün də müstəsna dəyərə malikdir. Rəsulzadə Miltonun "Aeropagitika" əsərinə istinadla, azad mətbuatın millət və dövlət üçün həyati əhəmiyyətini vurğulayır. Onun təbirincə desək, mətbuatın azad olmadığı yerdə millət nəfəs ala bilməz, cəmiyyətin ruhu kar və lal hala düşər.
Azərbaycan mətbuatı tarixində xüsusi yeri olan "Əkinçi" qəzetinin nəşri xalqımızın maarifçilik yolunda ilk ciddi addımlarından biri kimi dəyərləndirilir. Bu qəzet milli düşüncənin, ictimai tərəqqinin və maarifçilik ideyalarının carçısı olmuşdur. Onun yaradıcısı və baş redaktoru, görkəmli ziyalı, maarifçi və mütəfəkkir alim Həsən bəy Zərdabi idi. XIX əsrin ikinci yarısı çar Rusiyası tərkibində yaşayan xalqlar üçün mürəkkəb, lakin eyni zamanda oyanış dövrü idi. Azərbaycan xalqı da bu dövrdə öz milli kimliyini qorumaq və inkişaf etdirmək yolunda maarifə və mətbuata ehtiyac duyurdu. Məhz bu tarixi zərurətdən "Əkinçi" qəzeti 1875-ci il iyulun 22-də işıq üzü gördü. Qəzetin başlıca məqsədi xalqı maarifləndirmək, ana dilində düşünmək və yazmaq ənənəsini yaymaq, eləcə də kəndli, zəhmətkeş və sadə xalq kütləsinin səsini eşitdirmək idi. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, xalqın tərəqqisi üçün savad və maarif əsas şərtdir. O, rəsmi dairələrin təzyiqlərinə və senzura məhdudiyyətlərinə baxmayaraq, "Əkinçi" vasitəsilə bu ideyaları yaymağa çalışdı. Qəzetin səhifələrində kənd təsərrüfatı, təbiət elmləri, gigiyena, maarif və əxlaq məsələləri ilə bağlı yazılar dərc olunurdu. Eyni zamanda xalq dilində yazılmış "Əkinçi"ni geniş oxucu kütləsinə çatdırırdı. Qəzet sadə, aydın və səmimi üslubu ilə xalqın sevgi və hörmətini qazandı. "Əkinçi" cəmi 56 nömrə nəşr olunsa da, onun təsiri illərlə davam etdi. Bu nəşr milli jurnalistikamızın əsasını qoydu və sonrakı mətbu orqanlara örnək oldu.
Sovet dövründə mətbuat azadlığı mövzusu yalnız formallıqdan ibarət olmuşdur. Mətbuata nəzarət və cəmiyyətə təqdim edilən informasiya dövlətin rəsmi orqanları tərəfindən həyata keçirilirdi. "Qlavlit" (Baş Senzura İdarəsi) və SSRİ Ali Soveti bu işi təşkil edirdi. Kitab və qəzetlərin nəşrinə, elmi məqalələrin dərc olunmasına, filmlərin çəkilməsinə bu qurumlar tərəfindən nəzarət edilirdi. Mətbuat yalnız partiya və dövlətin təsdiq etdiyi mövzulara yer verə bilərdi. Hər hansı bir tənqidi yazı ya ləğv edilir, ya da təhrif olunurdu. Bu prinsip Sovet mətbuatının əsasını təşkil edirdi. Mətbuatın vəzifəsi həqiqəti üzə çıxarmaq yox, partiyanın qərarlarını təbliğ etmək, sosialist quruluşunun uğurlarını göstərmək və xalqı "doğru düşünməyə" yönəltmək idi. "Pravda", "İzvestiya", "Kommunist", "Bakinskiy Raboçiy" kimi qəzetlərdə real sosial-iqtisadi problemlər, korrupsiya və repressiya məsələləri deyil, rəsmi ideologiyanın diktə etdiyi "müsbət" həqiqətlər önə çıxarılırdı.
Azərbaycan SSR-də nəşr olunan "Kommunist", "Ədəbiyyat və İncəsənət", "Bakı" kimi qəzetlər də Moskvadan gələn təlimatlar çərçivəsində fəaliyyət göstərirdi. Bu mətbu orqanlarında milli məsələlərə, yerli məmurların səhvlərinə və Sovet quruluşuna qarşı tənqidlərə yer verilmirdi. Əksinə, partiyanın təbliğatını yerinə yetirən qəhrəmanlıq hekayələri, beşillik planların uğurları və "xalqla partiyanın vəhdəti" haqqında yazılar tirajlanırdı. Sovet dövründə bir çox azərbaycanlı yazıçı, şair, jurnalist və publisist öz fikirlərinə görə repressiyaya məruz qalmışdı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi tanınmış şairlər milli ruh və azadlıq məsələlərini irəli sürdükləri üçün ya güllələndilər, ya da sürgünə göndərildilər. Həmçinin qadağan olunmuş ədəbiyyat kimi əsərlər arxivlərə atıldı və bəziləri məhv edildi.
Azərbaycanda müstəqil mətbuatın və söz azadlığının inkişafı ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx əlaqəlidir. Ulu öndər mətbuatın və söz azadlığının demokratik cəmiyyətdəki rolunu yüksək qiymətləndirmiş, onun inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarına doğru ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunması ilə bağlı mühüm addımlar atılmışdır. 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı təsbit edildi. Konstitusiyada mətbuatın cəmiyyətdəki əhəmiyyəti vurğulanaraq, azad sözün inkişaf etdirilməsi və jurnalistlərin hüquqlarının qorunması əsas prinsiplər kimi müəyyən edilmişdir. Ulu öndər deyirdi ki, mətbuat yalnız məlumat yaymaqla kifayətlənməməli, həm də cəmiyyəti doğru istiqamətə yönəltməli, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir. Azad mətbuatın inkişafı ilə yanaşı, müstəqil jurnalistlər öz fikirlərini sərbəst şəkildə ifadə etməyə başlamış, cəmiyyətin sosial, iqtisadi və siyasi həyatını tənqid edən yazılar dərc edilmişdir. Bu, cəmiyyətin daha açıq, şəffaf və demokratik inkişafına şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ölkəmizdə söz və mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi üçün hüquqi və siyasi baza yaratmışdır. Senzuranın ləğvini və müstəqil mətbuatın inkişafını təmin edən əsas hüquqi aktla o dövrdə mətbuatın fəaliyyətinə tətbiq olunan senzura, ideoloji təzyiqlər və dövlətin məhdudiyyətləri ortadan qaldırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mətbuatın inkişafını hüquqi əsaslarla təmin etmək üçün 1999-cu il dekabrın 7-də "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının hüquqi çərçivəsini müəyyən etmiş, mətbuat sahəsində fəaliyyət göstərən jurnalistlər və təşkilatlar üçün əsas hüquqi təminatlar yaratmışdır. Həmçinin jurnalistlərin hüquqlarını qorumağa, onların müstəqil və obyektiv şəkildə fəaliyyət göstərməsinə şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyev mətbuatla bağlı keçirdiyi görüşlərdə jurnalistlərə doğru, obyektiv və tərəfsiz məlumat yaymağın vacibliyini bildirirdi. O, jurnalistləri məsuliyyətli olmaları və yalnız həqiqəti ortaya çıxarmağa çağırırdı. Heydər Əliyevin bu sahədəki islahatları bu gün Azərbaycanda söz və mətbuat azadlığının qorunmasının əsasını təşkil edir. Bu gün müstəqil Azərbaycan mətbuatı cəmiyyətin doğru məlumatlarla təmin olunmasına xidmət edir. 2015-ci il iyulun 21-də Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə demişdir: "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır".
Firuzə Xudiyeva,
"Respublika qəzeti”