Deyl Karneqi
Məşhur amerikalı yazar, psixoloq, pedaqoq, natiq, dostluğun təbliğatçısı Deyl Brekendric Karneqi... İlk baxışdan adama elə gəlir ki, insanlarla pozitiv əlaqələrin qurulması nəzəriyyəsini yaratmış bu yazıçının xoşbəxt və uğurlu həyatı olub. Amma sən demə, belə deyilmiş...
Deyl Karneqi Missuri ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az olduğundan ailə bəzən çörək və suyla keçinməyə məcbur olub. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil bir uşaq olan Karneqi nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar. Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi. Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün çətin idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yemədən atla altı mil çaparaq dərsə getməli olurdu.
Bu, hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər. Amma istənilən kasıb insan kimi, o da "böyümək" və öz yaşıdlarını ötüb keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə üstünlüyünü tapdı - natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla, qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh düşkünlüyünə uğrayan gənc Karneqi, hətta həyatla vidalaşmaq haqda da düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Tezliklə fermerlərə natiqlik dərsləri vermək qərarına gələn Karneqi bu məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq işlərini atmaq istəyənlər tapılmır. Deyl yenidən depressiyaya düşür. Hər şeyi atıb son puluna Omahu şəhərinə (Nebraska ştatı) bilet alır. Orada özünə otaq tutub bekon, sabun və sala satışı üzrə agent vəzifəsində çalışmağa başlayır. Burada gərgin işləsə də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab yazır. Çox keçmir ki, Deyl Karneqinin ən məşhur kitabı işıq üzü görür: "Necə dost qazanmalı və insanlara təsir göstərməli". Kitabın əsas şüarı belə idi: "Müvəffəqiyyət qazanacağına inan və sən ona nail olacaqsan". Deyl Karneqinin bu kitabı dünya bestsellerlərindən biri oldu.
Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə - biznesdə, fermerlərə - kənd təsərrüfatında, qadın və kişilərə - şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı boşanmayla bitmişdi, ikinci nikahda bir qızı dünyaya gəlsə də Deylə bədbəxtlik gətirmişdi. Amma bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu oynayırdı.
Deyl Karneqinin həyatının sonu da kədərlidir. Belə ki, Limfoma (limfa düyünlərinin bədxassəli şişi) diaqnozu qoyulan yazıçının bu xəstəlik səbəbindən öldüyü bildirilir. Lakin digər bir versiyaya görə isə müalicə nəticə vermədiyindən xəstəliyə tab gətirə bilməyən Karneqi 66 yaşında özünə qəsd edərək həyatına son qoyub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.