Dmitri Şostakoviç
Burda güllələnmiş hər bir qoca mənəm,
Burda güllələnmiş hər bir uşaq mənəm.
Dahi rus bəstəkarı Dmitri Şostakoviçin 13-cü Simfoniyasının birinci hissəsinin qayəsini təşkil edən bu sözləri onun özünə də şamil etmək olar. O, XX əsrdə ölkəsinin payına düşən ağır sınaqları bütün qəlbi, ruhu ilə yaşayıb...
Bəstəkar Rusiya imperiyasının Sankt-Peterburq şəhərinin Podolskaya küçəsində Dmitri Boleslavoviç Şostakoviç və Sofiya Vasiliyevna Kokoulinanın ailəsində anadan olub. Şostakoviçin 9 yaşı olanda valideynləri onu Ticarət Gimnaziyasına göndərib. Eyni zamanda anası ona pianoda ifa etməyi (anası pianoçu idi) öyrədib. Görkəmli bəstəkar uşaq ikən ömrü boyu yaddaşından silinməyən dəhşətli bir hadisənin şahidi olub. Onun gözü qarşısında bir uşaq kazak tərəfindən qılıncla kəsilib. Sonralar gənc bəstəkar "İnqilab qurbanlarının xatirəsinə cənazə yürüşü" adlı əsərini baş verən həmin hadisəyə həsr edib.
Dünya simfonik musiqisinin Bethoven, Çaykovski və Maler kimi böyük ustadları ilə bir sırada duran Şostakoviçin kəskin dramatik, hətta faciəvi bəstələri zorakılığa, qəddarlığa qarşı çıxır, insanın xoşbəxt gələcəyinə inadkarlıqla can atmasını tərənnüm edir. Petroqrad Konservatoriyasını bitirən bəstəkar diplom işi kimi Birinci simfoniyasını bəstələyib. Bu simfoniya 19 yaşlı bəstəkara dünya şöhrəti gətirib. 1936-cı ildə SSRİ-nin baş qəzeti "Pravda"da redaksiyanın rəyini ifadə edən "Musiqi əvəzinə səs-küy" adlı məqalə dərc olunub. Məqalədə tamaşaçıların böyük rəğbətini qazanmış "Mtsensk qəzasının ledi Maqbeti" operası xeyli əvvəl səhnəyə qoyulmasına baxmayaraq, tənqid atəşinə tutulub.
Şostakoviç başa düşürdü ki, bu məqalə sadəcə onun konkret operasına deyil, bütövlükdə yaradıcılığına qəsddir. Siyasi repressiyaların qızğın çağında belə bir narazılıq, mübahisə yaratmaq və özünü müdafiə etmək ölüm fərmanını imzalamaq demək idi. Mayakovskinin təbirincə desək, D.Şostakoviç "öz mahnısının boğazına çökməli oldu".
Bundan sonra bəstəkarın sözlə müşayiət olunan bütün əsərləri artıq sifariş xarakteri daşıyırdı, O, həmin əsərləri dolanışıq, bəlkə də salamat qalmaq xətrinə yazırdı. Bu səbəbdən D.Şostakoviç diqqətini simfoniyalar üzərində cəmləşdirir. Bir-birinin ardınca Dördüncü, Beşinci, Altıncı və nəhayət, ən məşhur Yeddinci simfoniyalarını (Leninqrad) yaradır.
XX əsr kimi Şostakoviçin taleyi də enişli-yoxuşludur. O, həm hökumət mükafatları ilə təltif olunub, həm yaradıcılığının ideoloji təzyiq altında daim əzildiyini hiss edib. Ardı-arası kəsilməyən təqiblər onun həyatını cəhənnəmə döndərib. Çox vaxt nə istədiyini yazır, nə də düşündüklərini deyirdi.
Şostakoviçin musiqi yazmaq manerası maraqlı idi. O öz əsərini uzun-uzadı, bəzən aylarla düşünür, onu bir növ öz "başında səsləndirirdi". Nəhayət, istədiyi kimi səslənməyə başlayanda, tələm-tələsik, heç bir düzəliş etmədən nota köçürürdü. Ətrafdakılara elə gəlirdi ki, Şostakoviç ən mürəkkəb əsərlərini çox asanlıqla, əlüstü yaradır. Deyilənə görə, reportyorlardan biri bu haqda müsahibə verməsi üçün az qala bəstəkarı təqib edib. Şostakoviç hər dəfə "çox sadə şəkildə" deyib, onu başından edib.
Amma bu cavab jurnalisti razı salmayıb. Buna görə də bəstəkardan əl çəkməyib, prosesin necə getdiyini mütləq öyrənmək istəyib. Nəhayət, Şostakoviç davam gətirməyib belə cavab verib: "Cavan oğlan, proses bax belə baş verir: kağız, qələm və mürəkkəb götürürəm, masanın arxasına keçirəm. Qələmi mürəkkəbə batırıb yazıram, batırıram və yazıram...".
Dahi bəstəkar üç dəfə ailə qurub. İlk həyat yoldaşı astrofizik Nina Vasiliyevna olub. Bu izdivacdan cütlüyün oğlu Maksim və qızı Qalina dünyaya gəlib. Şostakoviç xanımı Nina Vasiliyevnanın ölümünə qədər onunla 20 il yaşayıb. Bəstəkar daha sonra Marqarita Kainova ilə ailə qurub, lakin bu evlilik çox uzun sürməyib. Şostakoviçin üçüncü evliliyi isə İrina Supinskaya ilə olub. Ömrünün sonuna qədər bu xanımla birlikdə yaşayıb. Qadın ərini sevdiyi üçün xəstə olduğu müddətdə də onun qayğısına qalıb.
Ömrünün son illərində Şostakoviç ağciyər xərçəngi və eyni zamanda ayaq əzələlərinin zədələnməsi ilə nəticələnən yan amiotrofik skleroz (ing. ALS) xəstəliyindən əziyyət çəkib. Dövlətin dəstəyi ilə yerli və xarici mütəxəssislər tərəfindən müalicə olunsa da, xəstəliyi irəliləməyə davam edib, səhhəti günü-gündən pisləşib. 68 yaşlı bəstəkar müalicə aldığı xəstəxanaların birində ürək çatışmazlığından vəfat edib. Deyilənə görə o, ölümünə az qalmış həyat yoldaşı ilə palatada futbola baxmağı planlaşdırıb. Arvadı futbolun başlanmasına az qalmış nə isə gətirmək məqsədilə otaqdan çıxıb və geri qayıdanda ərini ölmüş görüb...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.