Əcəmi Naxçıvani
Atabəylər dövlətinin baş memarı Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani... Ömrünü, ağlını, zəkasını xalqına, millətinə həsr etmiş dahi şəxsiyyət... Tarix öz qoynunda Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə Xatun türbəsi üzərində belə yazmışdır: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik bu bizdən xatirə qalar. İlahi, bədnəzərdən uzaq elə". Bəli, o ölməz sənət abidəsi bu gün də yaşayır...
Əcəminin fəaliyyəti XII əsrdə Azərbaycanın qüdrətli Atabəylər dövlətinin dövrünə təsadüf edir. Onun yaradıcılığı Naxçıvanla bağlı olmuşdur. Başqa memarlara bənzəmirdi, heç kimi yamsılamır, özünəməxsus yeni ülgülər, naxışlar tapırdı. Gülləri, çiçəkləri daş üzərinə elə köçürürdü ki, sanki daş gül-çiçək açmışdı. İnsanlar onun qabiliyyətinə valeh olurdular. Məşhur Avropa səyyahları, alimləri belə, onun tikdiyi binalara heyranlıqlarını gizlətmirdilər. O, memarlıqda yeni bir yol açmışdı. Hansı ki, memarlıq və ya başqa sənətlərdə bu cür yeni açılan yola məktəb deyilir...
Memarın təxəyyülündən və barmaqlarının qabarından süzülərək bizə qədər gəlib çatmış əsərləri Yusif ibn Küseyir və Möminə Xatun türbələri onun öz dövrünün əvəzolunmaz sənətkarlarından biri olmasının əyani sübutudur. Yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsi Naxçıvan şəhərinin mərkəzində yerləşir və el arasında "Atababa günbəzi" adı ilə tanınır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan Möminə Xatun türbəsi isə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə Xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə Xatun türbəsi monumental abidədir. Rəvayətə görə, memardan bu abidənin nə zamana qədər bitirəcəyini soruşanda uzun müddət desə də bu müddətin on il olmasına qərar verilmişdir. Məhz buna görə də abidə "əsrin onda biri" kimi də yaddaşlara həkk olunmuşdur.
Əcəminin həyatı haqqında təəssüf ki, cox az məlumat var. O, ailə qursa da övladı olmamışdır. O, insan həyatının keçici olduğunu və yalnız əməllərinin dünyada qalacağının qənaətində olmuşdur. Bəlkə də elə buna görə Möminə Xatun abidəsinin kitabəsində - "Biz gedirik ancaq qalır ruzigar, biz ölürük əsər qalır yadigar" cümləsini həkk etmişdir. Beləliklə, insan övladının fani dünyada yalnız qurub yaratmaqla ad qoyub, əsrlər boyu yaşamaq şansının olduğunu sübut etmişdir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.