Edit Varton
Amerikanın tanınmış yazıçısı və modelyeri Edit Varton... Daha çox "Məsumiyyət çağı" adlı romanı ilə məşhurlaşan bu xanım yaradıcılığı ilə yanaşı, ölmüş itlərinin kabusları ilə söhbət etməsi ilə də yaddaşlarda qalıb.
Amerikada imkanlı bir ailədə dünyaya gələn yazıçı hələ uşaq ikən valideynləri ilə birgə demək olar ki, bütün Avropa ölkələrini gəzib. Amma bu səyahətlər balaca Editə çox baha başa gəlib. Belə ki, yoluxduğu tif qızdırması üzündən bir müddət həyat mücadiləsi verən balaca qızcığaz sağalsa da, sonralar dəhşətli kabuslar görməyə başlamış, uzun illər qaranlıqda yatmaqdan qorxmuşdur. Bəlkə də qarşıdakı illərdə onda yaranan psixoloji problemlərin qaynağı elə bu imiş...
O, bir çox roman və hekayələr yazmışdır. Ən məşhur romanı isə "Məsumiyyət çağı" adlı romandır. Bu romana görə yazıçı Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. Həyatının çox hissəsini Fransada keçirən Edit Henri Ceyms, Andre Jid, Ernest Heminquey kimi dövrünün məşhur yazıçıları ilə yaxın dostluq münasibəti qurmuşdur.
Yazıçı özündən on iki yaş böyük Edvard (Teddi) Robbins Uorton adlı kişi ilə evlənib. Lakin bu izdivac çox da uzun sürməyib. Belə ki, əri tərəfindən dəfələrlə fiziki zorakılığa və xəyanətə məruz qalan yazıçı boşanmaq məcburiyyətində qalıb. Uğursuz evliliyindən sonra başını götürüb Parisə gedən yazıçı Amerikanın məşhur qəzetlərindən birinin jurnalisti Uilyam Morton Fullerton ilə dillərə dastan olan eşq macərası yaşayıb.
Deyilənlərə görə, yazıçı itləri o qədər sevib ki, yataq otağının pəncərəsi ilə üzbəüz yüksələn təpədə onlar üçün it qəbiristanlığı tikdirib və bir çox əsərlərini burada yazıb. Hər səhər yuxudan oyandıqdan sonra saat 11-ə kimi ölmüş itlərinin (belə deyirdi) "kabuslarına" baxıb, onlarla söhbət edib.
75 yaşında insult nəticəsində vəfat edən yazıçı vəsiyyətnaməsinə əsasən Fransada yaxın dostu Valter Berrinin yanında dəfn edilib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.