Ejen Syu
Məşhur ingilis yazıçısı Ejen Syu Parisdə anadan olub. Napoleon ordusunun görkəmli cərrahı Jan-Jozef Syu və İmperatriça Jozefinanın ailəsində dünyaya gələn bu yazıçı ömrünün sonuna kimi atasından qalan miras sayəsində zəngin həyat yaşayıb. 1851-ci ildə Fransada baş verən çevrilişə etiraz etdiyi üçün Parisdən sürgün edilib. Lakin bu sürgün onun ədəbi yaradıcılığına təkan verib.
Deyilənlərə görə, yazıçı "Parisin sirləri" adlı romanı üzərində işlərkən bir müddət oğruların həyat tərzini öyrənməyə başlayır. O hər axşam oğruların toplandığı yerə gəlir və öyrəndiyi oğurluq üsullarını, müxtəlif söz və ifadələri xüsusi kitabçasına yazırdı. Bir dəfə axşam E.Syu izdihamlı bir yerə düşür və oradan çıxıb evə qayıdanda dəftərçəsinin oğurlandığını yəqin edir. Dəftərçənin içərisində 150 franklıq bank çeki və son günlərdə aldığı bir neçə məktub varmış. Yazıçını məyus edən isə ancaq qeyd dəftərçəsi idi. Bu hadisədən bir gün sonra yazıçı imzasız məktub alır. O, zərfi açır və oğurlanmış qeyd dəftərçəsini görüb çox sevinir. Zərfin içərisindəki məktubda aşağıdakıları oxuyur: "Hörmətli cənab Ejen. Dəftərçədəki qeydlərinizi oxuduqda yəqin etdim ki, siz Paris şəhərinin oğrularına məxsus olan xəbər və ifadələri ədəbi fəaliyyət məqsədilə toplamışsınız. Təəssüflə qeyd etməliyəm ki, qeydlərinizin bir çoxu düzgün yazılmamışdır. Cəsarət edib həmin sözlərdə düzəliş apardım. Təcrübəmə inana bilərsiniz. Bundan başqa, dəftərçənizə sizə tanış olmayan və yaradıcılığınızda lazım olacaq yeni 35 ifadə əlavə edirəm, onlardan mütləq istifadə edin. Bank çekini isə özüm üçün saxladım, çünki yamanca pulsuzlamışam. Hörmətlə, sizin sadiq oxucunuz".
Bir gün yazıçı xarici ölkədə səfərdə olarkən romanlarının birinin keyfiyyəti ilə maraqlanmaq istəyir. Yazara hörmət əlaməti olaraq əsəri onun üçün oxuyurlar. Ətrafındakılar 40-50 dəqiqə onun bu romana necə diqqətlə qulaq asdığını hiss edir. Aralarından bir nəfər yazıçıdan soruşur: "Cənab, elə diqqətlə qulaq asırsınız ki, sanki haqqında bilmədiyiniz bir şeydir. Axı bu sizin öz əsərinizdir?".
Hazırcavab yazar isə hamının gülüşünə səbəb olan bir cavab verir: "Mane olmayın, qulaq asım görüm bu romanın qəhrəmanı axırda öləcək, ya sağ qalacaq?".
Yazıçının qeyri-adi yazı vərdişi olub. O hər gün çox tez yuxudan oyanır və əsərlərini yazmazdan əvvəl qəzetləri oxuyurmuş. Deyilənlərə görə, Syu yaradıcı krizisdən baş-ayaq dayanmaqla çıxırmış. Yazıçının fikrincə, bu cür terapiya ona fikirlərini yeniləməyə kömək edirdi. Bundan başqa, stolunun üstündən sevimli qum saatı da əskik olmazdı. Bir saat yazı ilə məşğul olandan sonra mütləq fasilə verər, idman edərdi. O inanardı ki, bu cür fasilə və idman ona ilham verir. Bundan başqa, o həm də əsl qələm həvəskarıymış. Yazı yazanda yanına müxtəlif cür qələmlər qoyarmış.
Yazıçı Savoy ştatının Annecy-le-Vieux şəhərində 53 yaşında qəflətən vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.