26 fevral, 2025
Paylaş:

Elizabet Teylor

Qadınların çoxunun demək olar ki, zəif nöqtələri eynidir. Onlar arasında ən başlıcası dəbdəbəli zinət əşyalarına olan böyük maraqdır. Haqqında söhbət açacağımız bu xanımda isə zinət əşyalarına qarşı təkcə maraq deyildi, qarşısıalınmaz ehtiras idi. Saysız-hesabsız zinət əşyaları ilə həm kino, həm də moda dünyasında dərin izlər qoyan cazibədar aktrisa Elizabet Teylor sözün əsl mənasında brilyantlarla eşq yaşayırdı...

"Kleopatra" filmindəki Kleopatra rolu ilə şöhrət qazanan aktrisa Londonda dünyaya gəlib. Böyük Britaniya əsilli aktrisanın ulduzu hələ uşaqlıq illərindən parlayır. O, yetkinlik dövründən öz istedadı, bacarığı, qabiliyyəti, həyat tərzi, gözəlliyi, bənövşəyiyə çalan gözləri ilə başqalarından fərqlənirdi.

Elizabet Teylorun brilyantlarla yaşadığı məhəbbət macərasına gəldikdə isə bu haqda danışsaq, böyük bir novella alınar. Elə buna görə də ona "brilyantlarla eşq yaşayan" aktrisa deyirdilər. O sanki bu həyata brilyantlarla bərq vurmaq üçün gəlmişdi. Kişilər çoxsaylı həyat yoldaşları və pərəstişkarları olan Hollivudun kino divasını sevir və ona gözəl zərgərlik nümunələri göndərirdilər. Bütün dünyada məşhur olan "Elizabet Teylor kolleksiyası"nı o, pəristişkarlarının hesabına yaratmışdı. Elizabet Teylor həm qədim şahzadələri canlandıranda, həm də gündəlik həyatında brilyantlardan bir dəqiqə belə olsun ayrıla bilmirdi.

O təkcə istedadlı aktrisa kimi deyil, həm kişilərin qəlbini fəth edən afət, həm də unikal zərgərlik məmulatları kolleksiyasının sahibi kimi dünyanın hər yerində məşhurdur. Elizabet Teylorun məşhur kitabını məhz qiymətli daşlar haqqında yazması onun zinət əşyalarını həddindən çox sevməsini bir daha sübut edir. Kitabda aktrisa bütün ərlərinin çariçası olduğunu qürurla etiraf edirdi. Aktrisanın 3-cü həyat yoldaşı Mayk Todd ona üzərində "Sən mənim kraliçamsan" yazılmış tacı əbəs yerə hədiyyə etməmişdi. Yeri gəlmişkən, aktrisa zaman-zaman özü-özünə də hədiyyə edirdi. Məsələn, bir dəfə o, fransız zərgər Joelo Artur Rozentalyuya sapfir sırğalar sifariş verir. Onların hazırlanmasında Elizabetin gözlərinin xüsusi çalarını əldə etmək üçün daşların müxtəlif rənglərindən istifadə edilib. Dizayner xatirələrində yazıb: "O deyirdi ki, gözləri mənimki kimi mavidir. Bəzən isə yaşıl olurdu. Bəzilərinə isə elə gəlir ki, onun gözləri bənövşəyidir".

Elizabet Teylor dünyanın bütün zinət əşyalarını onun ayaqları altına tökməyə hazır olan kişilərin qəlbini fəth edirdi... Teylorun dəbdəbəli kolleksiyasını təşkil edən zinət əşyalarını yalnız bu sözlərlə təsvir etmək olar: tarixi, dini, sirli, əfsanəvi, hətta çox bahalı.

Hollivudun Kleopatrası təkcə daş-qaş deyil, həm də 8 dəfə ərə getdiyi üçün "kişi kolleksioneri" idi. Onlar arasında 5-ci həyat yoldaşı Riçard Barton səxavətli olması ilə xüsusi seçilirdi. Şübhəsiz, məhz bu cəhətinə görə aktrisa onunla iki dəfə ailə qurmağa razı olmuşdu. Riçard Barton Teylora evlilik təklifini edəndə ona 69 karatlıq brilyant qaşlı üzük hədiyyə etmişdi. "Teylor-Barton" adlı həmin üzük indiyədək dünyanın ən bahalı brilyantı sayılır.

Aktrisaya bahalı daş-qaşlarından ayrılmaq asan olmasa da, o, ömrünün son illərində zinət əşyalarına olan sevgisini belə ifadə etmişdi: "Bilirəm ki, mənim qiymətli zinət əşyalarımda qeyri-adi magiya və tilsim var. Lakin ümid edirəm ki, onları əldə edən digər insanlar zinət əşyalarını mənim kimi saxlayacaq və qoruyacaqlar. Çünki biz hamımız bu gözəlliyin müvəqqəti sahibləriyik".

Aktrisa 79 yaşında Los-Anceles xəstəxanasında ürək çatışmazlığından vəfat edib. 2012-ci ildə onun ən qeyri-adi zinət əşyaları hərraca çıxarılıb. Əldə olunan bütün vəsaitlər müxtəlif xeyriyyə təşkilatlarına göndərilib. Bunu Teylorun özü ölümündən əvvəl vəsiyyət etmişdi. Bəlkə bu qədər kişinin onu sevməsinin səbəbi nə gözəlliyi, nə də ki, şöhrəti idi. Yəqin, kişilər onu hissiyyatlı və belə səxavətli olduğu üçün sevirdilər...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()