Emili Elizabet Dikinson
Özünəməxsus, qəribə ve qeyri-adi yazı tərzi ilə seçilən Emili Elizabet Dikinson Amerika ədəbiyyatı tarixində tərki-dünyalığı seçən ilk şairlərdən hesab edilir. Özünü ətraf həyatdan tamamilə təcrid edən bu şairə gənc yaşlarından ölən günə qədər, demək olar ki, həyatının çox hissəsini Amherstdə - ata evində yaşamış, yalnız bağa qulluq etmək üçün hərdən həyətə çıxmışdı. O, hətta atasının dəfn mərasimində iştirak etmək üçün yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağından da aşağı enməmişdi.
Amerikalı şair nəinki evdən çölə çıxmağı sevməyib, hətta 7 il kollecdə dərs oxuduğunu çıxsaq, yaşadığı kənddən addımını belə çölə atmayıb. Buna baxmayaraq, deyirlər, şairə çox dünyagörüşlü və intellektli olub. Həmişə ağ geyinən, subay Emilinin ölümündən sonra şeirlər toplusu, ağır redaktə və dəyişikliklərlə yayımlanıb. Amerika ədəbiyyatını yaman günə qoyan bu naşir “qırıq vəznli şeirləri”, “uyğun olmayan qafiyələri” ilə şeirlərini “düzəldib, gözəlləşdirmək” istəyirmiş. Emilini oxuyanda adama elə gəlir ki, öz zehniyyətini, təsəvvürünü bir kənara qoymalısan. Anlayırsan ki, onların heç birinə güvənmək olmaz. Tamamilə yeni təcrübə ilə üzləşirsən, hətta reallığın belə, göründüyü kimi olmadığını anlayırsan.
Şairə təkcə gözəl şeir yazmağı deyil, həm də əla yemək bişirməyi bacarırmış. Deyilənlərə görə, həyatda ikən o, şairə kimi deyil, daha çox aşpaz kimi tanınırmış. Görünür, onun yaradıcılığı aşpazlıqla sıx əlaqədə olub. Belə ki, faktiki olaraq o, bəzi şeirlərini məhz mətbəxdə yazırmış. Təəccüblü deyil ki, Emili Dikinsonun yemək reseptləri (onlardan yalnız bir hissəsi bu günədək gəlib çatmışdır) hələ də insanları valeh edir. Əgər bir gün siz də istəsəniz Emilinin yemək reseptləri ilə tanış ola bilərsiniz. Nə bilmək olar, bəlkə, bu yeməklər sizə də ilham verər, bir neçə misra da siz yazarsınız...
Gözəl zahiri görünüşü, ədəbi istedadı və yaşadığı zamanda tanına bilmə imkanı olmasına baxmayaraq, onun nə üçün qapalı həyat tərzini seçdiyi tam olaraq bilinmir. Bu yöndə bir çox fərziyələr irəli sürülsə də, daha çox nakam bir məhəbbət hekayəsi ehtimalı üzərində dayanılmış, Emilinin həyatı boyunca evlənməməsi də bu ehtimalı qüvvətləndirmişdir.
Fəqət səbəb hər nə olursa-olsun, bu, sadəcə əhəmiyyətsiz bir təfərrüatdır. Əsas olan şairənin ortaya qoyduğu özünəməxsus və fərqli bir dərinliyə sahib əsərləridir. Görünür o, ruhunun azadlığını cisminin dustaqlığında görürmüş. Odur ki, dünyaya qapılarını açmaq yerinə, öz qapalı otağında yeni bir dünya yaradıb, orada yaşamağı seçdi. Ta ki, 55 yaşında olanda ölüm bu otağa girənədək...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.