Emmanuel Svedenborq
"İnsan ölmür, o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir", - belə deyərdi o biri dünyanı görüb gəlmiş isveçli alim, filosof və ilahiyyatçı Emmanuel Svedenborq... Ömrünün sonlarına yaxın mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqə yaratdığını söyləyən bu dahi mələklər, cinlər və ruhlarla danışa bildiyini iddia edirdi...
Təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhurlaşan alim anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdı.
Svedenborq ixtiraçı və alim kimi çox məhsuldar bir karyera qursa da, əlli altı yaşından sonra mənəvi oyanış yaşayır və Allahın xristianlığı təbliğ etmək üçün onu yer üzünə peyğəmbər olaraq göndərdiyini iddia edirdi. Ömrünün qalan iyirmi səkkiz ilini ölümdən sonrakı həyatı əks etdirən əsərlərə həsr etmişdir. Kliniki ölüm keçirdikdən sonra "Cənnət və Cəhənnəm", "Cənnətin sirləri" kimi əsərləri ilə daha çox məşhurluq qazanan alim axirət dünyasını ziyarət etmək üçün Allahın onun gözlərini açdığını söyləyirdi. O, deyirdi ki, ölümün ilk mərhələsindən keçmiş və özünü bədənindən xaricdə hiss etmişdir: "Mən tamamilə hissiyyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki, başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim".
Həyatı boyu heç vaxt evlənməyən Svedenborqun yazılarının tez-tez müzakirə olunan ən maraqlı cəhəti onun evlilik haqqında fikirləridir. O düşünürdü ki, həyatda subay olsa da, axirətdə mütləq şəkildə evlənəcəkdir.
Alim gələcəklə bağlı hadisələri qabaqcadan proqnozlaşdıra bilmə qabiliyyətinə malik idi. Hətta, bir dəfə dostları ilə birgə şam yeməyində olan alim qəflətən həyəcanlı və rəngi ağarmış vəziyyətdə evinin təhlükədə olduğunu deyərək zalı tərk edir. Qısa müddət sonra geri qayıdan Svedenborq sevinclə "Şükür Allaha, evimdən bir az aralıda baş verən yanğın söndürüldü" demişdi. Həmin gün doğrudan da, alimin evinin ətrafında yanğın xəbəri bütün şəhərə yayılmışdı.
İkinci bir maraqlı hadisə isə rus çarının ölümü ilə bağlıdır. Günlərin birində evinə dəvət etdiyi qonaqların qarşısında fikrə gedən alim bir müddət sonra dərin hüznlə "Rusiya imperatoru III Pyotr indicə dünyasını dəyişdi" demişdi. Onun bu proqnozu bir az gec də olsa düz çıxmış, çarın ölüm xəbəri 23 gün sonra qəzetlərdə dərc olunmuşdu. Bu kimi bir neçə hadisə Svedenborqu daha da məşhurlaşdırmışdı. Amma təəssüf ki, 84 yaşında insult keçirən alim öz ölümünü qabaqcadan görə bilmədi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.