17 oktyabr, 2022
Paylaş:

Erik Alfred Lesli Sati

Erik Alfred Lesli Sati - ekstravaqant fransız bəstəkarı və pianoçu... "Dəli bəstəkar" adlandırılsa da, XX əsrin birinci yarısında Avropa musiqisində islahatlar aparan bu  şəxs, fortopiano pyesləri ilə bir çox bəstəkarlara modern tərzdə əsərlər yazmağa təsir göstərmişdir.

Məşhur  bəstəkar yaradıcılığı ilə yanaşı,  bir çox özünəməxsus  qəribəlikləri və qeyri-adi xüsusiyyətləri ilə də  yaddaşlarda qalıb. Sati  o qədər davakar olub ki, hətta  bu səbəbdən bir neçə dəfə həbsə də düşüb. Adı tez-tez məhkəmə salonlarında hallanan bəstəkarın bu xüsusiyyətinin " təsirləri" məşhur bəstəkar dostlarından da yan ötməyib. Belə ki, bəzən onları tərifləyir, sonra isə qəflətən sərt bir şəkildə tənqid edirmiş. Maraqlıdır ki, o böyüklərlə yola getməsə də, uşaqları çox  sevir,  onlara qayğı ilə yanaşırmış.

O, nəinki ətrafındakı insanlara, hətta qidalara qarşı da çox vasvası imiş. Gündəlik qida rasionunda adətən  ağ rəngli məhsullara üstünlük verən Sati daha çox yumurta, qatıq, süd,  Hindistan cevizi, düyü yeyirmiş. Ən çox bəyəndiyi qida isə yumurta imiş. O, bu qidanı o qədər çox sevirmiş ki,  hətta 30 yumurtadan hazırlanmış  omleti birdəfəyə yeyə bilirmiş. Hər gün eyni saatda yatan bəstəkar, eyni vaxtda yuxudan oyanar, eyni vaxtda da yemək yeyərmiş.

Qeyri-adi dəst-xətti ilə seçilən məşhur heç bir dini qəbul etməyib, çünki onun özünəməxsus inancları olub.  Geyim tərzi ilə müxtəlif obrazlara girməyi sevən bəstəkar, qəribə libasları ilə də seçilib. Adətən məxmər parçadan tikilmiş kostyumlar geyinən Satinin üslubuna gəzdirdiyi çətirlər xüsusi rəng qatıb. Çətir seçiminə o qədər həssaslıqla yanaşırmış ki, hətta onlardan kolleksiya da toplayıb.  Deyilənlərə görə, kolleksiyasında 100-ə yaxın müxtəlif üslubda hazırlanmış  çətir olub.

Ömrünün sonuna kimi heç vaxt evlənməyən bəstəkar  tüfeyli həyat tərzi keçirib. Gecə əyləncələrinə çox zaman ayıran Satinin münasibət qurduğu xanımların isə sayı-hesabı olmayıb. Qazandığı pulların hamısını demək olar ki, bir gecəlik  eşq macəralarına və içkilərə xərcləyib. Lakin bioqrafların   söylədiklərinə görə, bəstəkarın  rəssam Suzanne Valadon ilə olan eşq macərası beş ay sürüb. Hətta bəstəkarın  bu xanıma evlilik də təklif etdiyi güman edilir. Amma nə baş veribsə o daha sonra evlənməkdən imtina edib...

Həyatının son bir neçə ilini qaraciyər sirrozundan  əziyyət çəkən bəstəkara həkimlər içkidən imtina etməyi  tövsiyə etsələr də, o, buna əməl etməyib. O bu vərdişinə son qoya bilməsə də, vərdiş onun həyatına son qoyub. Belə ki, bəstəkar uzun sürən xəstəlikdən sonra  59 yaşında  vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()