Əzizə Cəfərzadə
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli yazıçılardan biri də Əzizə Cəfərzadədir. Qızı qucağından düşüb ölən, ömründə bir dəfə xoşbəxt olan, ilk kitabı yandırılan Əzizə xanım keşməkeşli həyat yolu keçib...
Əslən Şamaxıdan olan yazıçı Bakıda dünyaya gəlib. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1937-ci ildə köhnə əlifba ilə yazılmış kitabların yandırılması ilə bağlı qərar verilir. Əzizə xanım evdəki kitablarını kisəyə yığıb çay kənarında basdırır. Deyilənlərə görə, Əzizə xanım dərsdə sovet ideologiyasına uyğun olmayan çağırışlar etdiyi, rusların işğallarından danışdığına görə onun səsini yazmaq üçün, hətta sinfinə səsyazan cihaz da yerləşdiriblərmiş.
Yazıçı uşaqlıqdan pilot olmaq arzusunda olub, lakin boyu qısa olduğu üçün Aviasiya klubuna qəbul edilməyib. Həyat yoldaşı ilə də Aviasiya klubunda tanış olub. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Lakin tale Əzizə xanıma analıq sevincini doyunca dadmağa imkan verməyib. Belə ki, yeni doğulmuş körpəsi küçədə qucağından düşüb, başından zərbə alaraq vəfat edib. Bu hadisədən sonra o, qardaşı uşaqları Turanı və Kəmaləni öz övladı kimi böyüdüb. Kəmalədən fərqli olaraq, hətta Turanı övlad kimi də rəsmiləşdirib.
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb, "Əzrayıl" adlı ilk hekayəsi 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap edilib. İlk kitabı 1948-ci ildə çap edilsə də, Moskvanın qərarı ilə qadağan olunur və yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır. Həyat yoldaşı Qana prezidenti Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya köçür. Afrikada yaşadığı vaxt "Qızıl səyahət" adlı kitabını yazır. O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparır. Məşhəddə olanda həmin Quranı tapır.
Yazı makinasına "sevgilim" deyərmiş. Ancaq ömrünün son günlərində yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, imtina edir. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürür. Füzuli haqqında "Eşq sultanı" adlı sonuncu romanını da diktofona diktə etmişdi.
Hacıqabulun Tağılı kəndində məktəb tikdirən yazıçı Moskvada çap olunan kitablarının bütün qonararını ora xərcləyir. Hətta tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır. Onun həyatı digər həmkarlarından fərqlənib. O, qadından çox kişi kimi mübarizə aparıb. Həmişə mənsub olduğu xalqın içində olub. Öz dediyinə görə, həyatda yalnız bir dəfə xoşbəxtliyin nə olduğunu dadıb. "Xalqlar həbsxana"sının dağılmasından sonra Kirovun Bakının Dağüstü Parkındakı "Çalağana" bənzəyən heykəlinin uçurulduğu gün Əzizə Cəfərzadənin həyatında ən xoşbəxt gündür. Bunu o özü dəfələrlə etiraf edib.
Ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.