Franklin Delano Franklin
Məşhur Ruzveltlər nəslinin davamçısı, Teodor Ruzveltin əmisi nəvəsi-Franklin Delano Ruzvelt. ABŞ-ın 32-ci prezidenti Ruzvelt yeganə prezidentdir ki, prezident seçkilərində ard-arda düz 4 dəfə qalib gəlib. Səhhətində yaranan problemlərə baxmayaraq, ABŞ-ı iqtisadi böhranlardan xilas etməklə, karyera pilləsinin ən uca zirvəsinə ucalan siyasətçi ölənə qədər öz postunu qorumağa müvəffəq olub.
Ruzveltin ən çox sevdiyi hobbilərindən biri dünyanın hər yerindən müxtəlif markalar toplamaq idi. Səkkiz yaşından marka kolleksiyası yığmağa başlayan gələcəyin siyasətçisi, illər sonra şəxsi kabinetində xüsusi taxta qutuda marka dolu çoxlu albom saxlayırdı. Hər gecə yatmazdan əvvəl marka kolleksiyasını yenidən nəzərdən keçirməkdən həzz alan Ruzvelt, buna bir neçə saat vaxt sərf edirdi. Digər hobbisi isə demək olar ki, ilin bütün fəsillərində dənizdə çimmək idi. Gənclik illərindən dənizçiliyə böyük marağı olan zavallı Ruzvelt haradan bilərdi ki, bu hobbisi bir gün başına bəla olacaq...
Günlərin birində sahil suları ilə ömürlük vidalaşmalı olan siyasətçi, polimelit xəstəliyinə tutularaq gəzmə qabiliyyətini birdəfəlik itirir. Ayaqları tutulan, əlil arabasına möhtac qalan, ruhdan düşmüş siyasətçi ancaq səhhətinin qayğısına qalmalı olur. Nəyin bahasına olursa-olsun, ayağa qalxacağına ümid edirdi. Amma əbəs yerə... Ölkənin ən məşhur həkimləri onun sağalıb, ayağa qalxmayacağını deyib, təslim bayrağını qaldırdılar. Həmin ilədək siyasətdən və digər ictimai fəaliyyətdən kənarda qalan Ruzvelt özü də reallıqla barışmalı oldu.
Ruzveltin də digər dahilər kimi fobiyaları var idi. Hətta o, qorxu haqqında belə bir ifadə də işlədib: “İnsanın ən çox qorxduğu şey elə qorxunun özüdür”. Həyatında ən çox oddan qorxan Ruzvelti, bu fobiya ömrünün sonuna qədər müşayiət edib. Sərbəst hərəkət etmə bacarığını itirdikdən sonra isə onda bu hisslər daha da artıb. Ruzvelt heç vaxt, hətta gecələr də olduğu otağın qapısını bağlamayıb. Yanğın baş verdiyi halda qapını aça bilməmək qorxusu Ruzvelti buna məcbur edib.
Prezident postu uğrunda mübarizədə Ruzveltə həmişə həyat yoldaşı, keçmiş ABŞ prezidenti Teodor Ruzveltin qardaşı qızı Eleanora Ruzvelt çox kömək edirdi. Kənardan hər zaman xoşbəxt görünməyə çalışan bu çütlüyün həyatı heç də göründüyü kimi deyildi. Bir-birləri ilə siyasi mənada dil tapa bilsələr də, Ruzveltlər ailəsinin şəxsi cəbhəsində həmişə gərginlik hökm sürürdü. Belə ki, daha çox qədd-qamətli xanımlara üstünlük verən prezident əlil arabasında da dinc durmurdu. Məşuqə axtarışlarında və seçimində çox da çətinlik çəkməyən yaraşıqlı prezidentin əsas sevgi macəraları Ağ Evdə çalışan katibələr Lyusi Merser və Missi Lexand olub. Əslində onun sevgi siyahısı çox "zəngindir", amma Lyusi ilə olan gizli eşqi isə düz 30 il davam edib. Hətta həyatının sonuncu dəqiqələrinə az qalmış Lyusi Franklinin yanında olub və prezident onun üçün şəkil də çəkdirib. 63 yaşlı Franklin sevgilisinə “bizim cəmi 4 saatımız qalıb!” deyib və beyninə qan sızmadan gözlərini əbədi olaraq yumub.
“Mən özümdən çox Amerikaya başsağlığı verirəm”. Eleonara sonralar belə demişdi. Demək o, Franklinin xəyanətini bağışlamamışdı...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.