Frederik Şopen
Avropa romantik dövrünün ən önəmli simalarından olan klassik musiqi bəstəkarı, dünyaşöhrətli rəssam, pianoçu Frederik Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən də onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Nəşi Fransada, ürəyi Polşada dəfn olunan bu "ikivətənli" dahinin şəxsiyyətinə pərəstiş edən polyaklar Varşavadakı hava limanına onun adını veriblər.
Həyatı ikiyə bölünən bəstəkarın qırx ilə yaxın ömrünün yarısı Polşada, yarısı isə Fransada keçib. İyirmi yaşına qədər həyatsevər, hərəkətli biri olan Şopen Fransaya getdikdən sonra sakit, küskün və xəstə birinə çevrilir. Sanki şəxsiyyəti də ikiyə bölünmüşdü dahi bəstəkarın. Xalqın içində sıradan biri, kübar mühitdə isə özünü oraya aidmiş kimi göstərirdi. İç dünyasını sadəcə piano və bəstələriylə ortaya çıxara bilirdi. Bir musiqi tarixçisinin dediyi kimi, o, piano diliylə danışırdı.
Hələ 7 yaşında ikən Varşavanın kübar salonlarında konsert proqramları ilə çıxış edən mavigözlü, bəstəboy, sarısaçlı bəstəkar fövqəladə bir insan olub. Deyilənlərə görə, Şopenin ruhlarla "danışa" bilmə istedadı var imiş. Özü etiraf edirdi ki, qohumlarının ruhu onu qarabaqara izləyir. Hətta dediyinə görə, gecələr onu yaradıcılığa sövq edən "xoşməramlı" kabuslardan da əziyyət çəkirmiş. Gecələr tez-tez oyanan Şopen həm də qaranlıq "dəlisi" imiş. Bütün işıqları söndürüb qaranlıqda musiqi bəstələməyi sevən dahi bu vasitə ilə musiqiyə köklənir və misilsiz əsərlər yazmaq üçün ilham alırdı. Bütün akkordlarda ifa edə bilmək üçün hətta Şopen barmaqlarını da uzadıbmış. Bu prosedur nə qədər ağrı versə də, sənəti yolunda hər cür çətinliyə qatlanırdı gənc pianoçu.
Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla olan məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.
Ömrünün yarısından çoxunu vərəmdən əziyyət çəkən dahi cəmi 39 il yaşaya bildi. O, öləndən sonra bitirməmiş olduğu əsərlərinin heç birinin yayımlanmamasını, hamısının yandırılmasını istəmişdi. Amma onun bu sözü yerinə yetirilmədi. Bitməmiş əsərlərindən bəziləri bu gün də heyranlıqla dinlənilir. Ancaq vəsiyyət etdiyi kimi, nəşi Fransada, ürəyi Polşada dəfn olundu...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.