Frida Kahlo
Məşhur meksikalı rəssam, kommunist, ekspressiv və ekssentrik olan Frida Kahlo ölümündən çox az müddət əvvəl şöhrət qazanan sənətkarlardandır. Əsərlərinin milyon dollarlıq dəyəri olan bu rəssamın şöhrətinə paxıllıq edənlər az deyildi, amma taleyinə görə heç kim onun yerində olmaq istəməzdi...
6 yaşında ikən poliomielit keçirən Fridanın sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldığı üçün arıq və nisbətən gödək idi. Bir sözlə, sağ ayağı sanki "qurumuşdu". Buna görə də ömrü boyu axsayan rəssam ayağını gizlətmək üçün daim uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirdiyi bu xəstəlik Fridaya həmyaşıdları arasında "taxta ayaq" ləqəbi qazandırmışdı, ancaq bu, hələ harasıdır ki...
Elə bil Fridanın əzabları növbə ilə onu gözləyirdi. 12 il sonra Frida dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür - onun olduğu avtobusla tramvay toqquşur. Alexandro bu qəzadan canını salamat qurtara bilsə də, Frida elə zədələnir ki, həkimlər bütün ümidlərini itirir. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxmışdı. Bütün bunlara baxmayaraq, Frida həyatda qalmış, yaşamaq üçün güc tapa bilmişdi. Nə az, nə çox - düz 32 dəfə əməliyyat keçirən rəssam ömürlük dözülməz ağrılar yaşayaraq illərlə gips və əlil arabasında qalmışdır.
Başına gələn bu dəhşətli hadisələrdən sonra Frida ciddi şəkildə incəsənətlə məşğul olmağa başlayır. Atası Fridanın çarpayısı üzərində güzgü və xüsusi çərçivə quraşdırır. Hansı ki, bunun köməyi ilə Frida çarpayıda ola-ola rəsm çəkə bilirdi.
Əksər hallarda Frida avtoportretlər çəkirdi, çünki bu, onun yatağa dustaq olduğu zaman yeganə görə biləcəyi təsvir idi. Bir neçə ildən sonra nisbətən özünü toparlayan Frida, həmin dövrdə "meksikalı Mikelancelo" kimi tanınan məşhur rəssamı Diyeqo Riveranın yanına gəlir. Frida ona bir il ərzində çəkdiyi bütün rəsmləri göstərir. Onun rəsmləri məşhur rəssamı təəccübləndirə, hətta heyrətə gətirə bilir. Nəinki rəsmləri, özü də rəssamı cəlb edir. Aralarındakı romantik münasibətlərdən az müddət sonra evlənən Frida Riveranın üçüncü arvadı olur. Qeyd edək ki, cütlüyün izdivacı "fillə göyərçinin evliliyinə" bənzədilib.
Cütlüyün keşməkeşli evlilik həyatı olub. Səhhətində yaranan problemlərə görə ard-arda 3 dəfə uşaq salan Frida ərindən xəyanət üzündən ayrılsa da, bir il sonra yenidən ona qayıdır.
Deyilənə görə, Frida da evlilikləri ərəfəsində boş durmamış, müxtəlif kişilərlə münasibətdə olubmuş. Onlardan biri də rus inqilabının aparıcı simalarından biri Leon Trotski imiş. Hətta bu adam bir müddət Fridanın evində də məskunlaşmış, ta ki, Trotskinin arvadı onların aralarındakı münasibətdən xəbər tutana qədər. Ancaq bundan sonra Frida Trotskidən ayrılmışdı.
Cəmiyyət içərisində Frida həmişə şə
n olur, ürəkdən gülür, ucadan danışırdı. Bir sözlə, xoşbəxt görünməyə çalışırdı. Onun səmimiyyəti, iç dünyasının həqiqəti, emosiyalarının reallığı ancaq rəsmlərdə və gündəliyində təsvir olunub.
Sonralar Fridanın onurğası üzərində daha bir neçə əməliyyat keçirilir. Bundan sonra o, ömürlük əlil arabasına məhkum olur. Ölümündən bir il qabaq isə sağ ayağını amputasiya edirlər. Taleyin işinə bax ki, bu ərəfədə Meksikada onun ilk sərgisi açılır. Sərginin açılışına Frida təcili yardım maşınında gətirilir. 47 yaşlı rəssam ölümündən bir həftə əvvəl "Yaşasın həyat!" (Viva la Vida) rəsmini çəkir və dünyanı, həyatı sevərək tərk edir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.