“Gənclərin baxışında şəhərsalma və tarixi irsin qorunması” adlı tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmuşdur. Bu mühüm təşəbbüs çərçivəsində ölkənin müxtəlif elm və mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərdə şəhərsalma ənənələri, müasir yanaşmalar və tarixi irsin qorunması məsələləri geniş müzakirə olunur.
Bu istiqamətdə növbəti tədbir Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin təşəbbüsü ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizdə milli-mədəni irsin qorunması istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. Təşkil edilən bu tədbirlərin gənclərin milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi, onların şəhərsalma və memarlıq sahəsində biliklərinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, eyni zamanda, bu təşəbbüslərin Azərbaycanın zəngin tarixi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addım kimi qiymətləndirildiyini bildirdi.
Tədbirin əsas mövzuları Azərbaycan şəhərlərinin keçmişi, bu günü və gələcək inkişaf perspektivlərini əhatə edib.
Tələbə Ulduz Əliyeva “Əgər biz şəhərlərimizi düzgün qura bilsək, əslində gələcəyimizi qurmuş olarıq” fikrini səsləndirərək Bakı Dövlət Universitetinin tələbələrinin tədbir çərçivəsində təqdim edəcəyi mövzuların gənclərin həm tarixi irsə bağlılığını, həm də innovativ düşüncəsini əks etdirdiyini bildirdi.
Tələbə Gülsurə İsmayılovanın çıxışında Bakı şəhərinin tarixi siması, burada yerləşən memarlıq incilərinin qorunması və bərpası istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Tələbə İnci Mehdiyeva öz çıxışında Bakıdakı tarixi abidələrin restavrasiyası və onların milli-mədəni irsimizin ayrılmaz hissəsi kimi gələcək nəsillərə çatdırılması əhəmiyyətindən danışıb.
Tələbə Səbinə Əliyeva öz çıxışında Şuşanın təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət paytaxtı kimi zəngin irsə malik olduğunu və burada aparılan bərpa və yenidənqurma işlərinin milli kimliyimizin dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə həmçinin tələbə Aysun Abbasovanın Azıx mağarası haqqında təqdimatı da dinlənilib. O bildirib ki, bu qədim yaşayış məskəni yalnız Azərbaycanın deyil, ümumilikdə bəşər tarixinin ən qədim izlərini özündə saxlayan unikal abidələrdən biridir və onun qorunması qlobal əhəmiyyət daşıyır.
Tələbə Rəna Hümbətova öz çıxışında Qarabağ bölgəsindəki tarixi abidələrin dirçəlişi mövzusunu qeyd edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin yalnız fiziki infrastrukturun deyil, həm də tarixi yaddaşın bərpasına xidmət etdiyini bildirib.
Tələbə İlahə Şahnəzərova “Ağıllı şəhər və gələcək” mövzusunda çıxış edərək, müasir texnologiyaların şəhərsalma prosesinə inteqrasiyasını, ekoloji davamlılıq, rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi ilə şəhərlərin daha funksional və komfortlu mühitə çevriləcəyini qeyd edib.
Tələbə İdris İsmayılov bu kontekstdə Sumqayıt və Mingəçevir şəhərlərinin gələcək inkişaf modeli ilə bağlı maraqlı fikirlər səsləndirib.
Tədbirdə çıxış edən “Sənəd və informasiya menecmenti” fakültəsinin “Kitabxanaşünaslıq” kafedrasının müəllimi Aygün Əliyeva tələbələrin bu cür tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirərək, o qeyd edib ki, müasir dövrdə informasiya mühitinin sürətlə inkişaf etdiyi bir zamanda tarixi irsin düzgün sənədləşdirilməsi, qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir.
Tədbir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi abidələri əks etdirən videomateriallar nümayiş olundu. Bu materiallarda abidələrin keçmişi, tarixi əhəmiyyəti və bu gün aparılan bərpa işləri geniş şəkildə təqdim edilib.











