George Malenkov
İosif Stalindən sonra qısa müddət ərzində Sovet İttifaqının 5-ci baş naziri olan Georgi Maksimilianoviç Malenkov... Stalinin kürsüsünə oturan, daha sonra isə Kremldən qovulan bu şəxs həyatda şansı gətirənlərdən olub. Hələ gənc yaşlarından siyasi karyerasında daha yüksəklikləri fəth etmək üçün bütün qapılar onun üzünə açılıb. Ancaq o, bu imkanlardan lazımi qədər bəhrələnə bilməyib...
Malenkov Rusiyanın Orenburq şəhərində anadan olub. Onun ata əcdadları XVIII əsrdə Osmanlı Rumeli əyaletindəki Ohrid bölgəsindən (indiki Şimali Makedoniya) köçüblər. Onlardan bəziləri Rusiya İmperator Ordusunda zabit kimi xidmət göstərib. Atası Orenburq quberniyasında varlı fermerlərdən olub. Gənc Malenkov vaxtaşırı atasına məhsul satmaqda kömək edib. Anası dəmirçi qızı və pravoslav keşişinin nəvəsi idi.
Malenkov bütün siyasi fəaliyyəti dövründə iradəsizliyi, qətiyyətsizliyi ucbatından şanslarını əldən verib. Müstəqil şəkildə qərar verə bilməyən, siyasi mövqeyini lazımi məqamda göstərməyi bacarmayan siyasətçi həlledici zamanda sahib ola biləcəyi kürsülərdən kənarda qalıb. Elə günü bu gün də SSRİ rəhbərlərinin adları çəkiləndə İosif Stalindən sonra Nikita Xruşşova keçid edilir. Nədənsə onun çox qısa bir müddətdə də olsa, SSRİ rəhbəri olduğu xatırlanmır.
Çox gənc yaşlarından bacarıqlı kadr kimi Kreml məmurları arasında fərqlənən Malenkov, məsul vəzifələrə təyinat alıb. Stalin komandasının ən fəal üzvlərindən biri olub və mövcud dövrün siyasi proseslərində yaxından iştirak edib.
Malenkov hərb adamı olmayıb. O, nə at çapmağı, nə də silahdan mükəmməl istifadə etməyi bacarıb. Amma repressiya proseslərində sorğu-sual zamanı ağlasığmaz işgəncələr vermək üzrə əsl "peşəkarlıq" nümayiş etdirib. "NKVD"nin rəhbəri Nikolay Yejovla yaxın dostluq münasibəti olan Malenkov cəlladlıqda heç də ondan geri qalmayıb. Xarakteri həlim, mülayim olsa da, Stalinin göstərişi olduğu təqdirdə o əsl canavara çevrilib.
Malenkovla Yejovun dostluğu uzun çəkməyib. Yejov elə Malenkovun kabinetində Lavrenti Beriyanın iştirakı ilə həbs edilib. Çox az müddət sonra Malenkov üçün yeni dost "peyda" olub - Lavrenti Pavloviç Beriya. Sonralar o daha böyük siyasi səhnəyə qədəm qoyur. Partiya qurultayında ona Mərkəzi Komitənin katibi və həm də kadrlar idarəsinin rəisi vəzifəsi həvalə edilir, daha sonra isə Siyasi Büroya üzv seçilir.
Müharibə illərində Malenkov müdafiə sənayesi ilə məşğul olub. Bu sahədə onun xidmətləri olduqca müsbət qiymətləndirilərək qənaətbəxş hesab edilib. Stalinin müavini sayılan Malenkov, ona ən yaxın adamlardan biri idi. Siyasi Büro üzvləri onu da dərk ediblər ki, Stalindən sonra ölkənin birinci şəxsi o olacaq. Belə də olub, amma bu rəhbərlik uzun çəkməyib, Xruşşov böyük hiyləgərliklə baş kürsünü ələ keçirib.
Stalin vəfat etdiyi günün səhəri Malenkov rəhbərin kabinetinə keçib. Stalinin dəfn mərasimində ilk nitqi o söyləyib. SSRİ-nin yazılmamış qanunlarına görə birincilərin dəfn mərasimində ilk çıxış edən adam növbəti birinci şəxs sayılıb. Sonra Kremldə keçirilən müşavirədə Beriya Malenkovun SSRİ Nazirlər Sovetinin sədri vəzifəsənə təyin olunması ilə bağlı təklif irəli sürüb. Təklif qəbul olunub və müşavirədə ölkənin idarəetmə sistemi müəyyənləşdirilib. Qərara gəlinib ki, Leninin dövründəki praktika tətbiq olunsun, ölkəyə Nazirlər Sovetinin rəhbəri başçılıq etsin. Malenkov partiya xəttindəki katiblik vəzifəsindən ayrılıb. Həmfikir olan Malenkov və Beriya özlərinə ciddi rəqib saymadıqları Xruşşovun isə partiyaya rəhbərlik etməsinə qarşı çıxmayıblar. Bu isə Xruşşov üçün böyük şans, hakimiyyəti ələ keçirmək üçün əla fürsət olub.
Lavrenti Beriyanın həbsindən bir neçə gün sonra rəyasət heyətinin iclası keçirilərkən Malenkov iclas zalına daxil olanda Xruşşovun sədr kürsüsündə əyləşdiyini görüb və dərhal təəccüblə reaksiyasını bildirib: Nikita Sergeyeviç, axı biz qərara gəldik ki, ölkənin idarəetmə sistemi Leninin dövründəki kimi olacaq. Xruşov gülümsəyərək cavab verib: Siz özünüzü Lenin sayırsınız?
Malenkov əsas dəstəyi olan Beriyanı itirdikdən sonra siyasi qətiyyət nümayiş etdirə bilməyib. Xruşşov baş katib (o dövrdə Sov.İKP MK-nın birinci katibi) kürsüsündə hakimiyyəti asanlıqla ələ keçirib.
Sıravi vətəndaş kimi həyat sürən, ictimai nəqliyyatdan istifadə edən, arada bir şüşə araq və konservləşdirilmiş balıq almaq üçün ən adi mağazalardan alış-veriş edən Georgi Malenkov ömrünün sonuna qədər unudulmuş rəhbər kimi yaşayıb. 86 yaşında dünyadan köçəndə onun vəfatı ilə bağlı heç bir rəsmi məlumat verilməyib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.