Gerçək-yalan arasında... büsbütün Şair(ardı)
"Yandım" deməyi belə?..
...Yox, mən bağırmalıyam,
Yox, mən çığırmalıyam!..
80-ci illərdə yazdığı "Mərziyə" poeması da "dil, millət" deyə, "azadlıq" deyə fəryad edirdi. Bəxtiyar "Təzadlar"da Vyetnamı tutalqa eləmişdi.
Millətimin dərdini ünvanlayıb özgəyə,
Başqasının yasında öz ölümə ağladım.
60-cı illərin sonunda
Mənim sərvətimə cahan göz dikdi,
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin. ("416").
- deyənin başını sığallamırdılar.
Qənbər Hüseynlinin xatirəsinə həsr etdiyi "İki qorxu" poeması Zamanın - insanı riyakara döndərən Zamanın və İnsanın faciəsinə həm ağıdır, həm ittiham...
Və nəhayət, ən yaxın tariximizin, şərəfli tariximizin şərəfli səhifəsinə, həm də qanlı səhifəsinə istiqlal aşiqinin Söz abidəsi - "Şəhidlər" poeması... Elə bir azərbaycanlı tapmaq çətindir ki, "Şəhidlər"dən heç olmazsa 3-4 bənd əzbər bilməsin. "Şəhidlər" Bəxtiyarın "millət birliyi", "milli-lik anlayışı" arzularını cücərdən vətən oğullarının qeyrətinə bəstələdiyi himn oldu. Bizi 20 Yanvar faciəsindən illər ayırdıqca bir daha əmin olursan: "Şəhidlər" təkcə ona görə dildə-ağızda əzbərə çevrilmədi ki, xalq ağrısını, qəzəbini, əzmini ifadə edirdi, həm də ona görə ki, "Şəhidlər"i o ağır vaxtlarda, faciəli günlərdə xalqın yanında, xalqı ilə birlikdə olan, xalqın vəkili olmuş vətəndaş-şair yazmışdı. Bu haqqı qazanan insan!
Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə.
Bu dəfə şair "zamanı və məkanı dəyişməklə sözünü demək üsulu" haqqında düşünmədi - Azadlıq millətin qanından su içmişdi artıq!
Qoy qələm azad olsun.
Ürəyimin sözünü
Mən yazmaq istəyirəm,
Qələmin mübarək, ustad!
Mövzuya baxıb "mübarəkbadlığı" qınamağa tələsirsiz? Nə deyə bilərəm, amma əvvəl bu sözləri dinləyin, sonra...
Ələmlər bəstəsiyəm,
Mən arzumun səsiyəm.
Mənə dərman neyləsin,
Mən arzu xəstəsiyəm.
lll
Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar türk musiqi dünyamızın, musiqi mədəniyyətimizin inciləri sırasındadır. Şəfiqə xanım Axundovanın musiqisi ilə Bəxtiyarın şeirindən - "Nədən oldu?" nəğməsindən Əli Kərimin vəsiyyəti görünür, yəni belə "möcüzələr" ayılda bilər insanı. Və onlarla belə "möcüzə"... yaranıb musiqi ilə Bəxtiyar şeirinin birliyindən.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var...
(Ə.Kərim)
Bəxtiyarın da belə bir... xahişi var:
Dəfn edin siz məni"Zabul-Segah"ın Mayəsinə,
Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.
Bəxtiyarın muğama sevgisi təkcə bu beytə sığmayıb. Bəxtiyar muğama abidə ucaldıb, muğamı xalqa sevdirib.
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Xalq təfəkkürünün güzgüsü olan muğam - "Çahargah", "Bayatı-Şiraz","Segah", "Şur", "Qatar", "Humayun"... öz fəlsəfəsini Bəxtiyar qələminə etibar etdi.
Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
Şairin bir sıra qəzəlləri də muğam üstündə oxunur. Klassik qəzəl ustadlarının yaradıcılığı fonunda Bəxtiyarın qəzəlləri sadəliyi ilə seçilir. Bu qəzəllərdə ərəb-fars tərkibləri yoxdur.
Gülü də sevdirən bizə ətirdi,
Gəl hikmət axtaraq söz gülzarında.
Nehru Hindistana bahar gətirdi
Qırçınlı, o köhnə hind paltarında.
Bəxtiyar üçün dəyərlərin mahiyyəti də zahiri görüntülərdə gizlənmir.
Duyduqca biləmmir nə imiş umduğu məndən,
Bir yol nə olar, duymaya, ancaq bilə könlüm.
Şair Bəxtiyarın insani məziyyətlərini səciyyələndirən 3 məqam:
"1950-ci ildə evim olmadığından toyumu qonşunun evində eləmişdim. Bu toyda o zamanın elm və sənət adamlarından yalnız 3 nəfər iştirak edirdi: Mir Cəlal, Qasım Qasımzadə və Əziz Mirəhmədov. Toyun tamadası Əziz müəllim idi. O, mənalı, məzmunlu sağlıqları, incə yumoru, müdriklərdən dətirdiyi misallarla mənim kasıb toyumu zənginləşdirirdi..."
"Sən sağlığında mənim üçün ehtiyac idin. Sən o dünyaya köçməyinlə mənim əlimdən bu ehtiyacı aldın... Niyə biz insanlar xoşbəxt ikən xoşbəxtliyimizi anlaya bilmir, o günlərin xoşbəxtliyini o günlər əlimizdən çıxandan sonaranlayır və buna təəssüflənirik?.. Mən itirdiyim dostlarım, əzizlərim haqqında xatirə yazarkən, yaxud onları sadəcə yada salarkən, göyüm-göyüm göynəyir və yalnız o zaman nə qədər böyük itkilər verdiyimi və indi tək qaldığımı anlayıram. Təkliyin dəhşətlərini yaşamaq və anlamaq isə, dünyanın ən böyük əzablarındandır".
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın.
...Əziz Mirəhmədovu bu sözlərlə anırdı Bəxtiyar Vahabzadə.
Görkəmli alim İsmixan Rəhimovu tanımayan, bu zəngin, maraqlı taleli insanın repressiya olunduğunu bilməyən yoxdur. Sürgündən qayıdanlara ovaxtkı münasibət haqqında da çox yazılıb. Belə insanların keçmişində işıqlı məqamlar özləri üçün stimuldur, dinləyənlər üçün tanımaq fürsəti. İsmixan müəllimin bu söhbətini televiziya ekranından dinləmişdim: Sürgündən qayıdan İsmixan Rəhimov küçədə Bəxtiyar Vahabzadə ilə qarşılaşır. Fikirləşir ki, çoxu kimi, o da görüşməyə ehtiyat edəcək. Şairsə yaxınlaşır, sevinclə görüşüb qucaqlaşır... Şairin o andakı rəftarı, münasibəti sürgündən qayıtmış "xalq düşməni" üçün çox şey deməkdi, rəsmi bəraət qərarından da vacibdi, əhəmiyyətliydi. Üstündən bir ömür qədər vaxt keçəndən sonra İsmixan müəllim xatirəsi ilə bir Bəxtiyar Vahabzadə də tanıtdı onu dinləyənlərə...
Bir epizodsa yaxın illərin yaddaşındandır. 90-cı illərdə Ali Sovetin iclaslarının şouya, dramatizmlə dolu səhnəyə çevrildiyi vaxtlarda, "yıxılana" balta çalmağa mahir kəmfürsətlər zamanında "ətəyində namaz qıldıqları" insana "dərs keçməyə" qalxışanda, bircə Bəxtiyar Vahabzadə Kişilik göstərdi. Göstərdi ki, həmişə haqqı, ədaləti qoruyub, vəzifəyə əyilməyib!
...Doğrudan da Şairdir - təpədən-dırnağa, büsbütün Şair! Onu Şair edən, şeirə gətirən... nə rejimə nifrəti olub, nə qəzəbi, nə də mübarizə əzmi. Onu Şair edən... sevgidir.
Yox faidəsi, yoxsa əgər canda məhəbbət.
Yüz yol deyək ki, Bəxtiyar azadlıq fədaisidir, filosofdur, alimdir, xeyri yoxdur, Bəxtiyar, hər şeydən əvvəl, məhəbbət şairidir.
Sevgi bir oddur ki, düşsə qəlbinə,
Eylər öz-özündən dərbədər səni.
Bəxtiyar deyir ki:
Dünyaları öz hökmünə diz çökdürən hakim,
Bir gözləri ahuya, gözəl dilbərə möhtac.
60-70-ci illərdə Bəxtiyarın sevgi şeirləri, məhəbbət etirafları dildən-ağızdan düşmürdü. Kimin yadında deyil "Bir salama dəymədi", "Unudam gərək", "Kölgəm qədər", "Durna qatarı", "Gör necə güclüsən"... şeirləri?! Bəxtiyarın sevgi şeirləri gənclərin hisslərinə tərcümanlıq edirdi, etiraf-lara çiyin verirdi, sənəmlərin qəlbini ovsunlayırdı, aşiqə təsəlli olurdu, eşqin fəzilətindən söz açırdı, dünyanı gözəlləsdirirdi...
Sevə bilirəmsə əgər ürəkdən,
Dünyanın ən gözəl adamıyam mən.
Məgər, sən, oxucu, "Bir salama dəyməyən eşqə ölüm yarasdıranda", "Ayrıldıq... Ayrılmaq istəmədən biz" pesmanlığını yaşayanda Bəxtiyar şeirinin üstünə qaçmadınmı? Məgər unutmağın çəmini ondan soruşmadınmı?
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulam, təzədən gərək.
Məgər sən də onun kimi, nə vaxtsa məlum-məşhur əfsanənin acı nəsibinə təəssüflənib
"Leylini Məcnuna, Zeynəbi Zeydə,
Baharın odunu qışa...
versəydilər... - ax, nə gözəl olardı!" - fikirləşmədinmi? Sonralarsa həyatın bu suala cavabını da Bəxtiyar şeirində tapmadınmı?
Çiçəyə isti yox, bahar gərəkdir.
Heç olmayıbmı içində:
"Təbiətin hökmü olsaydı məndə,
Qanqalın ömrünü gülə verərdim"
Kimi bir iddia baş qaldırsın?
"Yaxud necə dəqiq tutub!" - deyə bu misraları pıçıldamadınmı?
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən böyük ölçü sayardım!
Yoxsa elə bildin ki, "dünyamız dəyişsin" deyəndə Bəxtiyar özünü fikirləşir?
Mənim gözlərimdə ağlayan dünya
Bu qızın gözündə gülür gör necə.
...Qız yenə sevinsin, o dəyişməsin,
Dünyamız dəyişib yaraşsın ona.
Yox, qardaş, yox, insan, Bəxtiyar gərdişə meydan oxuyurdu:
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül görüm.
Yox, qardaş, yox, insan, aldanma bu sözlərə:
Yalnız sona çatdıqda ömür, biz bunu qandıq,
Başdan-başa çarpışmada, qovğada bu dünya.
Hətta bu qaçılmazlıqda da Bəxtiyarın Həyata, İnsana, Gözəlliyə məhəbbəti aşıb-daşır, yaşamaqdan, sevgidən... zövq almağa, ömrün hər ayının, hər anının qədrini bilməyə çağırışı eşidilir.
lll
Deyirlər, hər kəsin taleyi adında kodlaşır. Bəxtiyara adı ata-ana verməyib, əslində, ona bu adı Taleləri Yazan verib. Bu adla bahəm qəlbinə şair qəlbinin dərmanını - dünyanın ən böyük nemətini qıyıb - Sevgini. Bəxtiyar da ona yazılmış ömrü bu sevginin gücünə yaşayıb...
Ömrümüzü arzular gözəlləşdirmir, ömrümüzü sevgi gözəlləşdirir, arzular da sevgi olmasa çiçəkləmir.
İndi Bəxtiyar deyibsə də:
"Bir ondan razıyam ki,
Özümdən narazıyam",
çox dərinə getməyin. Bəxtiyar dopdolu bir ömrü - gerçək-yalan arasında dövr edən həyatı şair kimi, "eşqdən intihasız zövq bularaq" yaşayıb.
Hər addımında Yaradanına sığınıb.
Məgər sevgi Yaradandan deyil?
Məgər sevə bilmək səadət deyil?...
...!!!
Südabə Ağabalayeva,
“525-ci qəzet”