Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında 17 may 2018-ci il tarixdə Sərəncam imzalamışdır.
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə 05 iyun 2018-ci il tarixdə şairin Yasamal rayonundakı bağda yerləşən büstü qarşısında “Oxu tar” adı altında tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri v.i.e. Aslan Cəfərov, Bakı şəhəri Mədəniyyət idarəsinin rəisi Vüqar Zeynalov, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı, şair, tərcüməçi, ssenarist Anar Rzayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, nasir, publisist Çingiz Abdullayev, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, Azərbaycanın xalq şairi Fikrət Qoca, şair Oqtay Rza, bir çox ədəbiyyat, mədəniyyət, elm xadimləri, Azərbaycan Milli Kitabxanasının və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev Mikayıl Müşfiqin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verdi, bu tipli tədbirlərin bu il ərzində silsilə xarakter daşıyacağını, şairin indiyə kimi işıq üzü görməyən əsərlərinin çap olunacağını və bununla da onun gənc nəslin də qəlbində daim yaşayacağı vurğuladı.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası da öz növbəsində şairin 110 illiyinə həsr olunmuş “Könüllərdə yaşayan şair” adlı metodiki vəsait hazırlamışdır. Vəsait www.ryl.az saytında yerləşdirilmişdir. Həmçinin, kitabxanada Mikayıl Müşfiqin 110 illiyinə həsr olunacaq ədəbi-bədii gecənin keçirilməsi də planlaşdırılır.