Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Cəfər Cabbarlı adına Ev-Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əsərləri” adlı kitabın və sənətkarın həyat və yaradıcılığı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov, Cəfər Cabbarlının Xızıda yerləşən Ev Muzeyinin direktoru Həcər Rəsulova, yazıçı – publisist Nəzakət Əhmədova, elm, mədəniyyət, ədəbiyyat, təhsil və mətbuat sahəsinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı görkəmli ədibin 125 illik yubileyi çərçivəsində görülən işlər, layihələr və təqdimatı olan kitablar haqqında geniş məlumat verdi. Yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi və “Seçilmiş əsərləri”nə daxil edilmiş “Ulduz” və ya “Trablis müharibəsi” əsərinin müəllifin ömrünün gənclik çağında, 18 yaşında qələmə aldığını, bu əsərdə hadisələrin İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan etdiyini, “Ədirnə fəthi” pyesində isə türk xalqının itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatının, qəhrəmanlıq və rəşadətinin əsərin əsas mövzusunu, ana xəttini təşkil etdiyini diqqətə çatdırdı. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu bildirərək, onun özündən sonra zəngin ədəbi-bədii, elmi irs qoyub getdiyini, romantik bir yazıçı kimi koloritli, dolğun bədii üslubu əks etdirən bədii dil yaratdığını söylədi.
Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi. 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Gənclər Kitabxanasının əməkdaşlarının hazırladığı dramaturqun həyat və yaradıcılığının bütün aspektlərini əhatə edəcək 800 səhifəlik biblioqrafiyanın böyük əmək sayəsində ərsəyə gələn fundamental bir əsər olaraq, ədibin 125 illik yubileyinə əsl töhfə olacağını bildirdi. Professor Asif Rüstəmli Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatını, ədəbi dilini, bu dilin zənginliyini mükəmməl bilən qələm sahibi olduğunu, ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, öz yaradıcılığında qadın azadlığı mövzusuna geniş yer verdiyini söylədi.
Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, “Ulduz”, “Ədirnə fəthi” kimi əsərlərində türkçülükdən, milli ideologiyadan bəhs olunduğunu bildirərək bu əsərlərin onun həyatında müstəsna əhəmiyyət daşıdığını söylədi. Uzun illər boyunca bu əsərlərin geniş oxucu kütləsinə təqdim edilmədiyini söyləyərək yalnız 80-ci illərdə bu pyeslərin onun tərəfindən təhlil edilməsinə və sonradan professor Asif Rüstəmli sayəsində əlyazmalardan kitab halına köçürülməsinə imkan yarandığını bildirdi. İlk dəfə məhz Cəfər Cabbarlının Trablis müharibəsi və Ədirnə fəthi mövzularını dramaturgiyaya gətirdiyini söyləyərək bu mövzuların hətta Türkiyə ədəbiyyatında da əks olunmadığını və bununla da dramaturqun bir ilkə imza atdığını dilə gətirdi. C.Cabbarlının 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsəri türk milli düşüncəsinin, şüurunun formalaşmasını və bu prosesin türkün tarixi taleyində oynadığı həlledici rolu bədii çalarlar, yüksək peşəkarlıqla təsvir etdiyini söylədi.
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova pedaqoji fəaliyyətində dramaturqun yaradıcılığına daim müraciət etdiyini, bir insanın obrazında bu qədər çalarların, istedadların vəhdət təşkil etdiyini – Cəfər Cabbarlının görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor olduğunu bildirdi. Ön söz müəllifi Qəmər Seyfəddinqızı olan “Böyük sənət fədaisi” adlı kitabçada oxucuların böyük yazıçı və dramaturq Cəfər Cabbarlının həyatının önəmli məqamları, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacağınından, xüsusən Sovet dönəmində ədibin oxuculara qadağan olunmuş İstiqlal yaradıcılığı və həyatının gizli saxlanan qaranlıq səhifələri haqqında maraqlı məlumatlar əldə etmələrindən böyük məmnunluq duyduğunu dilə gətirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı – publisist Nəzakət Əhmədova yaradıcılığı ilə milli oyanış ideyalarının carçısına çevrilmiş Cəfər Cabbarlının 35 illik ömür yolunda yaratdığı dəyərli əsərləri ilə dilimizin saflığını, azadlıq və istiqlal məfkurəsini təbliğ etdiyini, azadlığı, türkçülüyü, istiqlalı alqışlayan milli ruhlu ziyalı, dramaturgiyamızın klassik nümunələrini yaratmış görkəmli dramaturq olduğunu söylədilər.
Sonda Qəmər xanım Seyfəddinqızı və Bəhlul Abbasov Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürlərini bildirdilər, təqdimatı keçirilən kitablar kitabxanaya hədiyyə edildi.