21 avqust, 2025
Paylaş:

GÖRKƏMLİ ŞAİR VƏ BÖYÜK MAARİFÇİNİN PEDAQOJİ DÜŞÜNCƏLƏRİ

Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarifçi Seyid Əzim Şirvani yaradıcılığı boyu Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Lirikasında mənəvi dəyərləri tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual problemlərinə kəskin münasibət bildirmişdir. Xalqa xidmət naminə maarifçi düşüncələrini gerçəkləşdirmək məqsədilə ana dilində açdığı yeni üsullu məktəbdə təhsil tariximizdə xüsusi yer tutur.

Bu il Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur. Ölkə Prezidenti İlham Əliyevin "Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında" 4 aprel 2025-ci il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatı, maarifi və mətbuatı tarixində önəmli yeri olan şairin bəşəri dəyərləri tərənnüm edən zəngin yaradıcılığına, parlaq şəxsiyyətinə dərin ehtiramın təcəssümüdür. Sərəncama əsasən respublikamızda görkəmli söz ustasının yubiley tədbirləri keçirilir, unudulmaz xatirəsi böyük ehtiramla yad edilir.

Qüdrətli şair və böyük maarif xadimi S.Ə.Şirvaninin həyatına qısaca nəzər salaq. Şair əzab-əziyyətlərlə dolu çətin günlər, kasıb ömür yaşayıb. 1835-ci il iyul ayının 10-da Azərbaycanın qədim şeir-sənət ocağı Şamaxıda dindar ailədə dünyaya göz açıb. Yeddi yaşında olanda atası vəfat etdiyindən Seyid Əzim anası Gülsüm xanımla Dağıstanın Yaqsay kəndində yaşayan babası Molla Hüseynin yanına köçüb. Seyid Əzim on bir il Dağıstanda yaşayıb. Oğul övladı olmayan Molla Hüseyn balaca nəvəsinə xüsusi diqqət və qayğı göstərib, onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Bu illər ərzində Seyid Əzim ərəb və fars dillərini öyrənib.

1853-cü ildə Dağıstandan Vətənə qayıdaraq Ceyran adlı şamaxılı qızla ailə həyatı qurub. Şair təhsil almaq məqsədilə 1855-ci ildə İraqa gedib. Bir neçə il Nəcəfdə, Bağdadda, sonra da Şamda qabaqcıl mədrəsələrdə dini elmləri, İslam tarixini, Şərq fəlsəfəsini, ərəb ədəbiyyatını və dilinin sərf-nəhvini öyrənib.

Dini və dünyəvi elmlərə dərindən yiyələnən şair təhsilini başa vuraraq vətənə qayıdıb. Şamaxı varlılarından Əlabbas adlı şəxs onu Məkkə ziyarətinə aparıb. Ziyarətdən sonra Ərəbistanın şəhərlərini və Qahirəni gəzərək dövrün tanınmış alimləri, müdrik şəxsiyyətləri ilə həmsöhbət olub. Bütün bunlar Seyid Əzimin dünyagörüşünə, həyata baxışına təsir edib. Vətənə Hacı kimi dönərək el arasında Hacı Seyid Əzim Şirvani kimi tanınıb.

Seyid Əzim ədəbi yaradıcılığa 18-20 yaşlarında lirik şair kimi başlayıb. O, klassik şeirin qəzəl, qəsidə, qoşabeyt, təkbeyt, rübai, qitə, tərkibbənd, müxəmməs, müsəddəs, müstəzad kimi şəkillərində dəyərli poetik nümunələr yaradıb. Təsadüfi deyil ki, Seyid Əzim Şirvani müasirləri arasında məliküşşüəra - şairlər başçısı kimi şərəfli bir ada layiq görülüb. Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədov Seyid Əzim Şirvanini "köhnə dünyanın sonuncu, yeni dünyanın birinci şairi" adlandırıb.

Şairin yaşadığı dövrdə Şamaxıda da vəziyyət dəyişmişdi. İnsanlarda ictimai-siyasi məsələlərə maraq artmış, Avropa tipli məktəblərdə oxuyanların sayı çoxalmışdı. Dövrün tələblərinə uyğun Seyid Əzim öz həyat yolunu dəyişməli olub və özünün dediyi kimi, "məscid yolunu tərk edib", məktəbə üz tutub.

XIX əsrin 50-ci illərinin sonlarında Şamaxı məhəllə məktəbində müəllimlik etməyə başlayıb. Şair şəxsi mənafeyini, maddi rifahını xalqa xidmətdən üstün tutan ruhanilərin əməllərini cəsarətlə ifşa etməklə yanaşı dini ehkamları da kəskin tənqid edirdi. Dindarlar mühiti arasında şiddətlənən məfkurə döyüşləri nəticəsində şair hər yerdən təcrid olunmuşdu. Lakin xoşbəxtlikdən bu böhranlı vəziyyətin ömrü az oldu, Şirvan mülkündə şairin nadir istedadını, elmlərə dair zəngin biliyini qiymətləndirənlər tapıldı.

1874-cü ildə Şamaxıda qabaqcıl ziyalı və mütərəqqi din xadimi Hacı Səid Ünsizadənin təşəbbüsü və səyi sayəsində "Məclis" adlı müasir tipli məktəb açıldı. Seyid Əzim də orada müəllim işləməyə dəvət olundu. İlyarımdan sonra Hacı Səid və qardaşı Cəlal Tiflisə köçdüyündən məktəb 70 şagirdi ilə Seyid Əzimin öhdəsində qaldı. Çətin şəraitdə, heç bir rəsmi idarədən və cəmiyyətdən maddi yardım almayan şair şagirdlərin cüzi təhsil haqqı ilə məktəbi idarə etməyə məcbur oldu.

Dövrün qabaqcıl şəxsiyyəti olan böyük söz dühası zəngin, bənzərsiz mənəvi aləmə malik idi. Əxlaqi keyfiyyətləri, düşüncə tərzi, dövrünün eybəcərliklərinə qarşı mübarizəsi, doğma xalqı üçün çəkdiyi ürək yanğısı S.Ə.Şirvani yaradıcılığında öz dolğun əksini tapmışdır. Şair yaşadığı cəmiyyətin bir üzvü kimi mənfilikləri, eybəcərlikləri qəbul etmir, ədalətsizliyə, mövhumatçılığa qarşı barışmaz mübarizə aparır, elmi, təhsili təbliğ edir, gəncləri müəllimlərin, ziyalı insanların məsləhətlərinə qulaq asmağa çağırırdı.

Bəli, əsl sənətkar odur ki, əsərlərində söylədiyi fikirlər illər keçsə də öz aktuallığını, müasirliyini itirməsin, daim xalqa, gələcək nəsillərə örnək olsun. Təkcə maarifçilik sahəsini götürsək, tam aydınlığı ilə təsdiq edə bilərik ki, Seyid Əzimin pedaqoji görüşləri, fikir və düşüncələri müasir həyatımızla tam uzlaşır.

Müəllim peşəsini fəxri və məsul vəzifə hesab edən şair dövri mətbuatda ("Əkinçi", "Kəşkül" qəzetləri) müntəzəm çıxış edərək xalqın, millətin maariflənməsi, savadlanması yolunda müqəddəs missiyasını yerinə yetirib. O, xalqı qəflət və cəhalət yuxusundan oyatmağa çalışır, əsl müəllimin qarşısında ideallıq, prinsipiallıq, xalq işinə sədaqət və digər humanist tələblər qoyurdu.

Seyid Əzim pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyin olmaması üzündən çoxlu çətinliklərlə qarşılaşırdı. O, uşaqlar üçün tərbiyəvi parçalar seçib toplayır, tərcümələr edir, bəzi mətnləri özü yazırdı. Seyid Əzim 1878-ci ildə həmin mətnləri toplayaraq birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib edib. Dərsliyi çap olunmaq üçün Qafqaz Maarif İdarəsinə təqdim etsə də, nəşrinə icazə verilməyib.

Görkəmli maarifçi-pedaqoq ruhdan düşməyərək ildən-ilə dərslikləri yeni əlavələrlə zənginləşdirib, bəzi ixtisar və dəyişikliklər edərək "Rəbiül-ətfal"ı ("Uşaqların baharı") adlı ilk dərsliyi 1878-ci, "Tacül-kütub"u ("Kitabların tacı") adlı ikinci dərsliyi 1883-cü ildə tamamlayıb. Qeyd edək ki, dərsliklərdə olan materiallardan sonralar Aleksandr Osipoviç Çernyayevski "Vətən dili" dərsliyində istifadə etmişdir.

1886-cı ilin ortalarında Qafqaz Canişininin Mülki İşlər üzrə Dəftərxanası şairin xalq maarifi sahəsində səmərəli fəaliyyətini və xidmətlərini nəzərə alaraq onun Stanislav lentinin üzərinə "Za userdie" ("Səy göstərdiyinə görə") sözləri yazılmış gümüş medalla təltif olunması barədə məsələ qaldırıb. Rəsmi idarələr arasında iki il yazışma, məşvərət və məsləhətləşmələrdən sonra şairin təltif edilməsi haqqında qərar çıxarılıb. Lakin maddi ehtiyac içində yaşayan Seyid Əzim 7 manat 50 qəpik məbləğində poçt rüsumunu ödəyə bilmədiyinə görə medalı ala bilmir. Layiq görüldüyü medal şairə yalnız ölümündən on gün əvvəl - 1888-ci il mayın 10-da təqdim olunur. Görkəmli şair, qabaqcıl maarifçi, bacarıqlı pedaqoq may ayının 20-də, yaradıcılığının çiçəklənən vaxtında, 53 yaşında qəflətən vəfat edib və Şamaxının Şahxəndan qəbiristanlığında torpağa tapşırılıb.

Seyid Əzim Şirvani mürəkkəb və zəngin

yaradıcılıq yolu keçib. Onun dövrünün haqsızlıqlarını ifşa edən, xalqı maarifə, mədəniyyətə çağıran əsərləri bu gün də öz aktuallığını qoruyur. Şairin yazdığı əxlaqi-didaktik şeirlər gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Klassik şairin zəngin ədəbi irsi çağdaş dövrün tələbləri baxımından dərindən öyrənilməli və təbliğ olunmalıdır. Astara Pedaqoji Kollecində görkəmli şair, maarifçi və pedaqoq Seyid Əzim Şirvaninin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanıb və bu istiqamətdə silsilə tədbirlər keçirilir.

Azad Abdullayev,

"Respublika qəzeti"

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()