19 noyabr, 2024
Paylaş:

Gülağa Məmmədov

Sevdiyi qızı aldadıb onunla gizli nikaha girən, uzun illər övlad həsrəti çəkən, yubiley tədbirində aşağılandığı üçün şəkər xəstəliyinə tutulan Xalq artisti Gülağa Məmmədov...

Xanəndə Lənkəranın Kiçik Bazar məhəlləsində olduqca kasıb ailədə dünyaya gəlib. Atası Allahverdi kişi pinəçi, anası isə evdar qadın olub. Uşaqlıqdan musiqiyə maraq göstərən Gülağa tez-tez qonşu uşaqları başına yığıb mahnılar oxuyurmuş. Günlərin birində təsadüfən onların küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidib ayaq saxlayır. O, Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və onunla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. 12 yaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.

Həm məktəbdə oxuyan, həm də işləyən yeniyetmə oğlan meylini bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza salır. Amma qızın valideynləri onların evlənməsinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır. Böyük Vətən müharibəsi başlayır. O, Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan şəxsiyyət vəsiqəsini istəyir. Deyir ki, "bütün qonşularınkını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz vəsiqəni mənə ver". Bir müddətdən sonra Aliyə vəsiqəsini geri alanda heyrətdən donub qalır. Görür ki, ora evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin "hərisini" ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurulduqdan sonra sənədi geri qaytarır. Evlənirlər. Cütlük uzun illər övlad həsrəti çəkir. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyirlər. Lakin evləndikləri vaxtdan on il keçəndən sonra tale onların üzünə gülür. Yeganə övladları - Gülarə dünyaya gəlir.

Xanəndə haqsızlığa, ədalətsizliyə dözə bilməyib. Hansısa işi irəli getsin deyə, kiməsə minnətçi düşmək istəməyib. Düzgünlüyü sevib. 1942-ci ildən radioda Bədii Şuranın üzvü olub. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz!". Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Belə hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.

Sənətinə layiqli qiymət verilməməsi, laqeydlik ona çox toxunur. Ən böyük ədalətsizliklərdən biri isə 60 illik yubileyi ərəfəsində olur. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılır. Afişalar asılır, dəvətnamələr paylanır. Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəlir ki, tədbir keçirilməsin. Bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirirlər. Sonra qərara gəlirlər ki, tədbiri Aktyorlar Evində keçirsinlər. Oranın pərdələri cırıq, oturacaqları sınıq idi. Xanəndə buna razı olmur. Deyir, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər". Bu haqsızlıq ona çox pis təsir edir. Deyir, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? O, əsəbiləşib gecə ilə bütün afişaları çıxarır. O biri respublikalara da teleqram vurur ki, qonaqlar gəlməsin. Bu haqsızlıqlara dözə bilməyən sənətkar şəkər xəstəliyinə tutulur. Bir neçə ildən sonra 68 yaşında qəflətən infarkt səbəbindən vəfat edir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()