26 avqust, 2026
Paylaş:

Güllələnmiş türkologiyanın qurbanları

Fyodor Aşnin, Vladimir Alpatov və Dmitri Nasilovun “Repressiya olunmuş türkologiya” kitabı Bakıda “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 320 səhifəlik kitab SSRİ dövründə təqib olunaraq qətlə yetirilən türkoloq alimlərin acınacaqlı taleyindən bəhs edir.

Özlüyündə, geniş araşdırma materiallarının I Türkoloji Qurultayın 100 illiyi qeyd olunan vaxt dilimizə çevrilib nəşr edildiyini yubileyə töhfə kimi dəyərləndirmək lazımdır. Diqqətçəkən daha bir məqam isə repressiyaya uğramış türkoloqların acı taleləri haqqında kitabı məhz rus müəlliflərin yazmasıdır.

Tanınmış rus türkoloqu Fyodor Aşnin bu tədqiqatları aparmağı özünə borc bilib və Vladimir Alpatovla Dmitri Nasilovu da köməkçi qismində araşdırmalara cəlb edib. O, dəfələrlə Aərbaycan, Qazaxıstan və Qırğızıstana ezamiyyətə yollanıb, DTK arxivlərində çalışaraq onilliklər boyu gizli qalan arxiv sənədlərinin üzərindən sirr örtyünü qaldıra bilib və belə bir kitabın ərsəyə gəlməsinə nail olub.

Yeri gəlmişkən, Fyodor Aşnin illərcə sovet dilçiliyinin kommunist basqısı dövrünə aid “ağ ləkələri” aradan qaldırmaqla, repressiya qurbanı olan filoloqların taleyi ilə məşğul olub. O, 1958-ci ildə “Azərbaycan, türk və türkmən dillərində işarə əvəzlikləri və onların törəmələri” adlı namizədlik dissertasiyası da müdafiə edib. Ötən əsrin 60-cı illərinin əvvəllərində isə F.Aşnin türkoloqlar Aleksandr Samoyloviç (30-cu illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun direktoru) və Bəkir Çobanzadə (Krım-tatar əsilli Azərbaycan filoloqu, ədəbiyyatşünas və dilçisi) bəraət aldıqdan sonra ilk dəfə onların elmi fəaliyyətləri haqında məqalələr dərc etdirib. O, 70-ci illərdə repressiya qurbanların irsini daha dərindən araşdırıb. Yenidənqurma dövründə isə türkologiya qurbanlarına aid həqiqətləri istintaq sənədləri əsasında aşkarlayan ilk simalardan biri olub.

Onu da qeyd edək ki, repressiyaya məruz qalmış alimlərlə bağlı bəzi qaranlıq səhifələr olduğuna görə, Fyodor Aşnin bu araşdırmaların çapına tələsməyib. Kitabın digər həmmüəllifləri Ön sözdə yazıblar ki, bu işlərə həsr edilən 3 ilin tamamında əlyazma hazır olsa da, müəyyən boşluqlar var idi. Toplanan materiallar türk dövlətlərinin heç də hamısını əhatə etmirdi. Buna görə də gələcəkdə çatışmayan marerialların toplanması ümidi ilə yaşayan cəfakeş alim Fyodor Aşnin axtarışları davam etdirməyin tərəfdarı idi. Lakin o, 2000-ci ildə dünyasını dəyişəndən sonra vaxt uzanmasın deyə, alimin həmkarları əldə olan mətni oxucuların mühakiməsinə təqdim ediblər.

“Repressiya olunmuş türkologiya”nın rusca nəşrindən 24 il sonra AMEA Dilçilik İnstitutunun Elmi Şurasının qərarı əsasında əsəri akademik İsa Həbibbəylinin təşəbbüsü ilə professor Nadir Məmmədli və Könül Mirzəyeva dilimizə çevirib nəşr etdirmişlər. Əsərdə ilk dəfə Rusiya, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik orqanlarının arxiv sənədləri əsasında 1937–1938-ci illərdə və bundan əvvəlki dövrlərdə də siyasi təqiblərə məruz qalmış türkoloqların taleyi sistemli şəkildə araşdırılır. Nəşrdə tanınmış elm və mədəniyyət xadimlərinin – Aleksandr Samoyloviç, Yevgeni Polivanov, Bəkir Çobanzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, Xalid Səid Xocayev, Əhmət Baytursınov, Maqjan Jumabayev, Kasım Tınıstanov və başqalarının həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilir.

Kitabın “A.N.Samoyloviçin ölümü...” və “Y.E.Polivanovun istintaq işi” adlanan ilk fəsilləri tanınmış rus türkoloq-alimlərinin amansız istintaqlarına aid materialların dolğunluğu ilə diqqət çəkir. Uzun müddət akademik Samoyloviçin həyatının son illəri – güllələnmə ilə nəticələnən ən faciəvi dövrü haqqında heç nə məlum olmayıb. Yalnız Fyodor Aşnin onun Moskvada Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılan istintaq işi ilə tanış olduqdan sonra əsl həqiqətlər aşkarlanıb. Guya, Samoyloviç əksinqilabi burjua-millətçi təşkilat yaradaraq mövcud rejimə qarşı mübarizə aparmaq istədiyinə, şərqşünas alim kimi, türk həmkarları ilə sıx əlaqə saxladığına, eləcə də “yapon casusu” olduğuna görə qondarma ittihamlarla məhv edilib.

Görkəmli dilçi alim və poliqlot Yevgeni Polivanova qarşı da, təxminən, eyni saxta ittihamlar irəli sürülüb və həyatı faciəvi sonluqla bitib. O, bir müddət Orta Asiyada yaşadığına görə və guya yapon kəşfiyyatına cəlb edildiyinə “şübhə” yaradıb və uzun sürən istintaqdan sonra ölüm hökmü verilib.

Kitabın “Azərbaycanda türk ziyalılarının məhv edilməsi” adlı fəsli daha əhatəlidir. 1937–1938-ci illərdə, habelə ondan əvvəlki dövrlərdə siyasi təqiblərə məruz qalmış türkoloqların taleyi sistemli şəkildə araşdırılıb. Həmin fəsildə müəlliflər repressiya qurbanı olmuş alim və şairlərin əvvəlcə dövrün ideoloji-siyasi tələblərinə uyğun fəaliyyət göstərməsinə “yaşıl işıq” yandırıldığını, sonradan isə onların həmin siyasətin qurbanına çevrildiyini arxiv sənədləri və tarixi faktlar əsasında təhlil edirlər. Burada Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlamış Mərkəzi Komitənin katibi Ruhulla Axundov, tatar tarixçisi və türk xalqlarının tarixinə aid fundamental əsərlərin müəllifi, professor Əziz (Qazis) Qubaydullin, Bakıda yaşamış və qurultayda xüsusi dəvətlə iştirak etmiş öbək əsilli istedadlı türkoloq Xalid Səid Xocayev, Abdulla Tağızadə, Artur Zifeld Simunyagi, İdris Həsənov, Qulam Bağırov, yazıçılardan Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, az qala, repressiya qurbanı olacaq Səməd Vurğun və digərləri haqqında tapılan məlumatlar yer alıb.

Ə.Qubaydullin haqqında yazılıb ki, o, 1926-cı ildə I Türkoloji Qurultayın təşkilatçılarından biri olub və qurultayda məruzə ilə çıxış edib. Buna görə də 1937-ci ildə pantürkist kimi bir qrup Azərbaycan ziyalısı ilə həbs olunub, əksinqilabi fəaliyyət göstərdiyini “etiraf” edib və güllələnib. Onun həyat oldaşı Rabiqa Şakirova isə “vətən xaini ailəsinin üzvü” kimi həbs olunaraq düşərgədə 5 illik cəza çəkib. Bu barədə müəyyən məlumatları kitabın müəlliflərinə Əziz Qubaydullinin oğlu Salman Qubaydullin verib.

Kitabda qeyd edilir ki, X.S.Xocayev türkologiya qurultayında 3 dəfə yalnız özbək dilində çıxış edib, fundamental “Osmanlı, özbək və qazax dillərinin müqayisəli qrammatikası” kitabının müəllifi olub. Onun haqqında məlumat toplayan müəlliflər dilçi alim Əkrəm Cəfərin vasitəsi ilə Xocayevin Bakıda yaşayan qızı Bəhicə Məmmədovadan dəqiq faktlarla zəngin bilgilər ala biliblər. Məsələn, Mahmud Kaşğarinin XI əsr türkçülük abidəsi olan “Divani-lüğat-it türk” əsəri üzərində Xalid Səidin ilk elmi iş kimi çalışmalarından ətraflı bəhs olunur. O da Moskvadan gələn “üçlüyün” cəmi 15 dəqiqəlik iclasının qərarı ilə ertəsi gün güllələnib.

“Azərbaycanda türk ziyalılarının məhv edilməsi” fəslində “istənilən yolla boynuna qoyulan” ittihamlarla günahlandırılan digər repressiya qurbanlarından ətraflı bəhs olunur. Burada saxta ittihamlarla güllələnən və ya uzun müddətə həbs olunan Hacı Kərim Sanılı, Hənəfi Zeynallı, nəşriyyat direktoru Ələkbərli (dəqiq adı yazılmayıb), Qantəmir (Əfəndiyev), Əli Nazim Mahmudzadə, Hacı Nəzərli, Əsəd Axundov, Salman Mümtaz, Tağı Şahbazi, Mikayıl Talıblı haqqında məlumatlar da verilib.

Qazaxıstan və Qırğızıstandan olan türkoloqların başına gətirilən müsibətlər də ilk dəfə qələmə alındığı üçün maraq doğurur. Bu barədə “İlk avropalı qazax”, “Dilçilər Şonanov və Jubanov”, “Turan Sosial Partiyası”, “Bəxti gətirənlər” sərlövhəli yazılarda dəqiq məlumatlar əksini tapıb.

Xatırladaq ki, qardaş Özbəkistanda da bir sıra türkoloq ailm və yazıçı – Abdurauf Fitrat, Abdulla Qədiri, Abdulhəmid Çölpan, Gozi Alim Yunusov, Qayum Ramazan, Qtajon Haşımov, Məcid Qədirov, Ziyo Səidov repressiya əzablarına düçar olub. Amma müəlliflər ötən əsrdə Özbəkistandakı arxiv sənədləri ilə tanış olmaq üçün icazə ala bilmədiklərini təəssüflə qeyd ediblər.

Beş fəsildən ibarət kitab türkologiya, dilçilik, tarix və digər humanitar elm sahələrində çalışan, Turan sevdalı tədqiqatçılar, müəllimlər, tələbələr, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Ə.Nəcəfxanlı,

“Xalq qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()