18 mart, 2024
Paylaş:

Haruki Murakami

Elə şair-yazıçılar var ki, illər keçsə də yaddaşımızda həmişə cavan qalırlar, Lermontov, Müşfiq, Lorka kimi. Aydındır, bu, onların faciəvi taleləri, gənc yaşda həyata əlvida deməkləri ilə bağlıdır. Ancaq elə şair-yazıçılar da var ki, ömürləri yarıda qırılmayıb, uzun ömür sürüblər. Buna baxmayaraq, yenə də yaddaşımızda cavandırlar, qocalmayıblar. Yaponiyanın məşhur yazıçısı Haruki Murakami də belə yazıçılardandır. Nə qədər yaşlansa da yaddaşımızda qocalmaq bilmir. Bəlkə də bu, onun zərərli vərdişlərinin olmaması, sağlam həyat tərzi keçirməsindən qaynaqlanır.

Yazıçı Kioto şəhərində dünyaya gəlib. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəllimi olan Haruki hələ gənc yaşlarından ədəbiyyata meyil göstərib. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu söyləyib. Gənc yazıçı cavanlığının böyük bir hissəsini Kobe şəhərində keçirib.

Caz musiqisinin böyük pərəstişkarı olan Murakami əvvəllər "Jazz-Bar" işlədirmiş. Elə bu dönəmlərdə də yazıçı olmağa qərar verir və hər axşam müştərilər dağılışandan sonra qələm-kağız götürüb yazmağa başlayır. Murakami müsahibələrinin birində deyib ki, onun yazıçı olmasının səbəbi caz musiqisinə olan sevgisindən qaynaqlanır.

Yazıçı hər gün səhər tezdən durub qaçmağa və sonra gəlib yazı masasının arxasına keçib yazmağa adət edib. İçki və siqaretdən isə ümumiyyətlə uzaq durub. Şair cavanlıq sirrini belə açıqlayıb: "Uzun müddət yazının öhdəsindən gəlmək üçün sağlam ruh və bədən lazımdır. Uzun bir roman yazmaq və bu zaman vərdişə arxalanmaq daha çox yaşamaq cəhdidir. Fiziki güc yaradıcı təxəyyül qədər əhəmiyyətlidir".

Murakami dəfələrlə marafon yürüşlərinə qatılıb. Şair qaçışa ilham mənbəyi kimi baxır. Deyir ki, məhz qaçış zamanı ağlına yeni-yeni hekayələr, personajlar gəlir. O, bu təcrübələrini "Qaçış barədə danışdığım zaman nədən danışıram" adlı esselər kitabında toplayıb.

Sinif yoldaşı ilə ailə həyatı quran yazıçının övladı yoxdur. Lakin buna baxmayaraq, cütlük çox xoşbəxtdir. Hətta müsahibələrinin birində müxbirin: "Ən böyük nailiyyətiniz nədir?", - sualına qısa olaraq: "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var", - deyə cavab vermişdir. Yazıçının "Norveç meşəsi" əsərində Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin əyər-əskikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa, Murakaminin gözəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi vurğulamaq lazımdır. Belə ki, əsərlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət "Jazz-Bar" sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü büruzə verir.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində mühazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verir. Onun əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Dünya miqyasında milyonlarla oxucunun qəlbinə yol tapmış, daxili aləmi ilə daim barışıqda olan yazıçı heç vaxt şöhrət arzusunda olmadığını hər zaman bildirmişdir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()