Henri Ford
Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir? Hər kəsin cavabı fərqli olsa da yəqin ki, çoxları sevgi, etibar, səadət deyəcək. Bütün bunlardan savayı bir-birinə dəstək də çox mühüm amildir.
Bu adamın adı bütün dünyada məşhurdur. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. İstehsalatda inqilab edən, avtomobil sənayesini kökündən quran və dünyanın ən böyük şirkətlərindən birinin təsisçisi Fordun valideynlərinin təhsili olmayıb. Atası fermer olub. 17 yaşında məktəbi qurtarıb, mexaniki emalatxanada usta yanında şagird kimi işə başlayanda belə atası Fordun məqsədini reallaşdıra biləcəyinə inanmır, qonşuları isə onu dəli hesab edirdi. Amma həyat yoldaşı onu o qədər sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi üçün soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlaya bilərdi.
Uzun illərdən sonra günlərin birində cütlüyün evindən böyük gurultu səsi eşidilir. Qapı açılanda bütün qonşular “dəlinin” öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görürlər. Beləliklə, bu qədər illərin zəhməti öz nəticəsini göstərir. Henri Fordun uğuru bütün dünyaya yayılanda, o artıq məşhur sənaye sahibi idi. Onu da qeyd edək ki, deyilənlərə görə, avtomobilin ixtiraçısının heç vaxt sürücülük vəsiqəsi olmayıb. Bütün jurnalistlər bu dahidən müsabiqə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərin biri zarafatla “Başqa həyatda kim olmaq istərdiniz?”- sualını verir. Ford isə cavabında gülümsəyir və “Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun!”- deyir.
Dahi şəxsiyyət pul qazanmağın ən yaxşı üsulunu – pula qarşı hərislik və tamahkarlıq nümayiş etdirməməkdə görürdü. O, “gördüyün işin doğru, dürüst olduğunu bilirsənsə, məhz bu məmnuniyyət hissini yaşamaqdan ötrü çalışırsansa, onda pullar özü gəlib səni tapacaq və kifayət qədər bol olacaq, “Pul bir qol və ya ayaq kimidir.Ya istifadə edərsən, ya da itirərsən” – deyərdi.
84 yaşında beyninə qansızması nəticəsində vəfat edən bu dahinin həyat hekayəsi sevginin var olduğunu bir daha sübut edir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.