12 iyun, 2023
Paylaş:

Henrix Heyne

"Məni alman dilində öpər və elə o dildə deyərdilər: "Mən səni sevirəm!.." yazsa da, Fransada dəfn edilməyə məhkum olan   alman şairi və jurnalisti Kristian İohan Henrix Heyne...

Heyne Düsseldorf şəhərində yəhudi taciri Samson Heynenin ilk övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və elə orada da  balaca Heynedə xristian dininə rəğbət yaranmışdır. Ancaq işə baxın ki, bu vətənpərvər gənc Almaniya-Fransa müharibəsində Napoleonun məğlubiyyətindən məyusluğa uğrayır. Bir zamanlar onu Napoleon ordusunun generalı kimi görmək istəyən valideynləri də həmin məğlubiyyətdən sonra Henrix üçün tacir peşəsini seçirlər. Bu səbəbdən də  milyonçu əmisinin yanına ticarət öyrənməyə yollanır, ancaq heç bir ümidverici fəaliyyət göstərə bilmir və elə o vaxtdan özünü yalnız şair kimi görüb-tanımağa başlayır.

Öz zərif şeirlərilə hərb havalı alman dilini xeyli lirikləşdirmiş bu şair  Qöttingen Universitetinə daxil olsa da,  bir il sonra tarixə düşmüş "duel əhvalatı"na görə oranı tərk etməli olur. Belə ki, o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Buna görə universitetdən xaric edilir (qarşı tərəf isə təhsildən vur-tut bir semestr kənarlaşdırılır).

Daha çox "Su pərisi" şeiri ilə bütün ədəbi aləmdə məşhurlaşan şair açıq-aydın şəkildə Napoleona olan rəğbətini bildirdiyi üçün əsərlərinə Almaniyada yasaq qoyulur və o,  Parisə köçür. Burada başlanan "ikinci yaradıcılıq mərhələsi"ndə, onun dünyəvi küskünlüyündə böyük rol oynamış Almaniyaya xiffəti də yer alır: "Mənim gözəl ana vətənim vardı, Orada hündür palıd ağacları bitərdi. Məni alman dilində öpər və elə o dildə deyərdilər: "Mən səni sevirəm!..". Həmçinin satira ustası olan  Heyne həyat yoldaşına ünvanladığı ən ironik vəsiyyətlərdən birinin müəllifi kimi də tarixə düşüb. O, 44 yaşında hamının Matilda adlandırdığı 26 yaşlı Kseniya Yevgeni Mira ilə ailə həyatı qurub. Heynenin dostlarının dediyinə görə, qız onun kimi savadlı olmayıb. Matilda hətta oxumağı belə bacarmayıb. Buna görə də bütün həyatı boyu Heynenin bir əsərini də oxumayıb. Üstəlik, o, kaprizli, cəld və çox tez əsəbləşən qadın olub. Buna baxmayaraq, Heyne onu sevirmiş.

İyirmi ildən çox Matilda ilə yaşayan Heyne bir gün arvadına pis oyun oynamaq qərarına gəlib. O, özü hekayəni bu cür danışıb: "Kilsədən qayıdandan sonra vəsiyyətnamə yazdım. Bütün əmlakımı həyat yoldaşıma buraxdım. Bir şərtlə: mənim ölümümdən sonra mütləq yenidən evlənməlidir. Əmin olmaq istəyirdim ki, dünyada heç olmasa bir nəfər mənim vəfatıma üzülüb deyəcəkmi: "Yazıq, Heyne niyə bizi tərk etdi? Sağ olsaydı, arvadını almazdım!". Bu vəsiyyət bir dahi zarafat olaraq tarixdə qalıb. Matilda isə Heynenin bütün mirasına sahib olub və bir daha evlənməyəcəyini açıqlayıb. Parisdə Heyne əsasən "Augsburger Allgemeine Zeitung" qəzetinin xarici müxbiri kimi çalışmış və Avropanın məşhur şəxsiyyətləri ilə (Düma, Humboldt və b.) tanış olmuşdur. Ancaq iki il sonra onu ölümə doğru aparan xəstəliyin simptomları başlanır; görmə qabiliyyəti tamamilə zəifləyir, işgüzarlığı məhdudlaşır, 8 il yatağa məhkum olur.  Xəstəliyi daha da şiddətlənən Heyne müxtəlif kurortlara getsə də,  səhhətində heç bir irəliləyişə nail ola bilmir və əsəbləri tamamilə pozulur. Hətta şeirlərinin birində yataqda keçirdiyi illəri  "Yataq qəbri" adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə də, 58 yaşlı şairin vəfatından sonra evində tapılan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir. Şairin bu yalanı  söyləməsinin səbəbi isə hələ də naməlum olaraq qalır...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()