29 oktyabr, 2024
Paylaş:

Həsən Məmmədov

"Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Axırıncı aşırım" (Abbasqulu bəy), "Gün keçdi" (Oqtay), "Dədə Qorqud" (Dədə Qorqud), "Arxadan vurulan zərbə" (Qəmərli) filmlərində yaddaqalan obrazlar ilə tamaşaçılarının qəlbində taxt quran Xalq artisti, Azərbaycan kinosunun əsas simalarından olan Həsən Məmmədov...

Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda fəhlə ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra sovet dövrünün nümunəvi gəncləri kimi atasının istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu müəllim görmək istəsə də, Həsən 2-ci kursda təhsilini yarımçıq qoyub aktyorluqla məşğul olur. Bir müddət sonra isə Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir.

Aktyorun kinoya gəlişi "Böyük dayaq" filmi ilə başlayır. Həmin filmdə Qaraş rolunu canlandırır. Ona birdən-birə şöhrət gətirən bu film atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr var idi. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Nəhayət, qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan-uzağa bağlanır. Uzaqdan sevirlər bir-birilərini. Və elə bir gün gəlir ki, artıq Həsən Lətifəyə qəlbini açır və onlar tezliklə evlənirlər, övladları dünyaya gəlir - Aynur və Əvəz...

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Olduqca mülayim adam olub. Hamıya "qurban sənə" deyə müraciət edirmiş. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi. Aktyorun ən yüksək keyfiyyətlərindən biri də sədaqətli olması idi. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə bəlkə də onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.

"Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəp gəlir. A.Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L.Şıxlinskaya bu epizoda razı olduğu halda, Həsən Məmmədov kəskin şəkildə etiraz edir. Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H.Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən bu epizodun çəkilməsinə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da onun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.

Bir dəfə aktyor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə...

Onun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...

Aktyor ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()