Hüseyn Arifin Vurğun dastanı - Səməd Vurğun 120 (2-ci hissə)
Heç də təsadüfi deyil ki, “Vaqiflə söhbət”dən sonra poema “Dağ yolu” ilə başlayır.
Müəllif xəyalən şairlə bir yerdə bütün aləmi gəzir, təbiətin seyrinə çıxır, onunla bir yerdə məclis qurur, onunla düşünür, xəyala dalır, birlikdəsaz çalır-söz qoşur. Bəzən ustadınınşeiri ilə öz şeirini qoşalaşdırır və bu o qədər təbii alınır ki, sanki bir müəllifin şeiridir. Diqqət yetirin:
“Bulud tez keçməsin başımın üstdən
Çay da yavaş axsın sular bboyunca
Baxım hər zərrəyə, baxım doyunca;
Ürək tərpənməyir ötəri səsdən
Nə çıxar bir anlıq yanan həvəsdən...”
O yenə düşünüb ilhama gəldi,
Elə bil meşələr salam gəldi...
Rəng verdi, rəng aldı min gül, min çiçək
Səslədi şoferi gülümsəyərək:
-Ayə çat ocağı,
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm.
Epiloq qarışıq 22 hissədən, 100 səhfədən ibarət, bir kitab həcmli bu poemanın hər bir hissəsi bir məkanda və bir ovqatda yazılıb. Bu hissələrin hər birində böyük şairin və müəllifin səyyah ömrünün bir anı əksini tapıb. Əsərin “Görüş” hissəsində Şair Qazxda, ilk təhsilini aldığı Seminariyada-Pedməktəbdə rayonun sakinləri ilə görüşü təsvir olunur:
Vurğun Qazaxdadır... Bu xəbər, bu səs,
Hər kəndə yayıldı, hər evə çatdı;...
Şadlıq paltarını geydi qız, gəlin
Kəsəmən yeridi, Salahlı axdı...
Açıldı qabağı gedib gələnin;
Şəhər birdən-birə ayağa qalxdı.
Xalq öz şair oğlunu görünməmiş bir coşqu və intəhasız sevgi ilə qarşılayır. Görüşdə xatirələr dil açır,şairin seminariya yoldaş Mirqasım müəllim tələbəlik illərindən, birgə keçirdiyi günlərdən, Səmədin nakam məhəbbətindən xatirələr danışır, sonra şair şeir söyləyir:
Şeir deyir Səməd Vurğun,
Gözlər onun gözündədir;
İlham onun ürəyində,
Ləzzət onun sözündədir.
Gülümsəyir şirin-şirin
Qaşlarını oynadaraq...
Poemada təsvir olunan bu görüşlə müəllif, əslində Səməd Vurğunun Vətənimizin müxtəlif guşələrində keçirdiyi çoxsaylı görüşlərin ümumiləşdirilmiş bir epizodunu yaradıb. Və şairin bütün ölkəmizi əhatə edən belə görüşlərinin sayı hesabı yoxdur. Bu görüşlər sonradanBöyük şair haqqında insanların qəlbindən heç vaxt silinməyən, həm də kitablara köçən xatirələrə çevrilib.
Təbii ki, kiçik bir yazıda dastanın bütün məziyyətləri barədəyazmaq və fikir yürütmək imkanı məhduddur. Bununla belə əsərin ayrı ayrı məqamları var ki, onlardan yan keçmək mümkün deyildir. Poemanın “Vaqif” dramına həsr olunmuş “Dostlar” bölməsinə keçməzdən əvvəl şairin qardaşı Mehdixan Vəkilovun “Vaqif” dramının yazılması ilə əlaqədar fikirlərini bu yazıya daxil etmək fikrimcə, maraqlı olardı. Mehdixan Vəkilov yazır: 1937-ci ilin yarısında Səməd Vurğun özünün ilk və ölməz əsğrini-”Vaqif”i yazdı. Həmin ildə baş verən hadisələrlə əlaqədar S.Vurğun bəzən sabahkı gününə əmin ola bilmirdi; o, böhtanlardan qorxurdu. Böhtana düşən dostlarının taleyi onu dəhşətə gətirirdi. Məhz belə bir zamanda o, “ Vaqif” dramını yazdı.”Hüseyn Arifin də, qəhrəmanının “Vaqif” dramınınyazılması zamanını və bununla əlaqədar şairin dostu görkəmli tənqidçi və yazıçı Mehdi Hüseynlə diloqunu poemada çox canlı və parlaq şəkildə təsvir edir. Müəllifin, şairlə dostu Mehdi Hüseynin dialoqun qurmaqda məqsədi məhz,onlarməşhur əsərlərini,məşum otuz yeddinci illərdə zamanın dəhşətli təhlükələrinin təzyiqi altında yazıldığı aydın şəkildə sezilir. Eyni zamanda, müəllifin məqsədi həm də bu iki böyük sənətkarın dostluğunun və ədəbi əlaqələrinin, həmçinin onların zehninin və ədəbi qudrətinin məhsulu olan “Vaqif”dramı ilə ”Tərlan” romanının yazılma şəraiti və bu şəraitdə hər iki ustadın ədəbi kamilliyinin möhtəşəmliyini oxucuya və gələcək nəsillərə çatdırmaqdan ibarətdir:”Otuz yeddinci ildir... Mehdi masa dalında, o, evində “Tərlan”ı bitirməyə tələsir. Tələsir, tələsməmək, bəzən mümkün deyildir, üfüqdə dan sökülür. Yarımçıq qoymaq olmaz. Otuz yeddinci ildir. O qədər çəkməyir ki, birdən qapı döyülür.Dillənir-kimsən! –deyə. Aç, ay Mehdi,mənəm, mən. Səs dostunun səsidir, Səməd girir içəri.Yenə qıpqırmızıdır, onun qaynar gözləri. –Ay Mehdi! -Səməd buyur!- “Vaqif”dən oxuyacam. Bir azca yaxın otur”:
Sonadək oxuyub bükür dəftəri
Duyulur qəlbinin döyüntüləri.
Gur qara saçları dağılmış yenə,
Əlini dostununqoyur çiyninə.
Hə Mehdi, necədir, açdımı səni?
Səməd lap yerimdən oynatdı məni.
Elə vuruldum ki, Vaqifə düzü
Dolaşdı fikrimdə “Tərlan”ın sözü.
Yox, yox “Tərlan”ıda çıxartma yaddan.
Vaqif Vaqif olsun, Tərlan da Tərlan.
1950-ci illərin əvvəllərində, 37-ci illər Səməd Vurğun üçün yenidən təkrarlanırdı. Onun xalq arasında olan böyük nüfuzundan, ona olan intəhasız xalq məhəbbətindən qorxuya düşən vəzifə sahibləri və onların əlaltıları Şairi tənqid atəşinə tutmuşdular. Həmin illərdə şair özünün məşhur “Aygün” poemasını yazırdı. Əsər “Azərbaycan” jurnalında dərc olunan kimi şairə yenidən hücumlar başlanır. Xalq şairi Bəxtityar Vahabzadənin sözləri ilə desək”Əsər amansızcasına tənqid atəşinə tututlur. Əslində bu, ədəbi tənqiddən çox təhrif idi.” Həmin illərdə Səməd Vurğun bu üzdən iraq tənqidçilərə, müxənnətlərə, “mefistofellər”ə, nihilistlərə ünvanlanan bir neçə şeirlər yazır. Belə bədxahların feilləri Hüseyn Arifin də diqqətində yayınmamışdı və o, poemada bu dədxahlara “Nihilist” başlığı ilə xüsusi bölmə ayırmışdır. Müəllif bu bölmədə şairə böhtan atan, onun əsərlərinə əsassız hücum edən,ağır ittihamlar irəli sürən fürsətçilərə “Xəyanət cildini dəyişdirərək, yırtıcılar kimi pusquda duranları”, “canavar döşündən süd əmib, niyyəti, fikri didib dağıtmaq olanları”, “xayalı zülmət, eşqi cəhənnəm olanları”, “şöhrət düşkünü, vicdan oğrusu, nacins öküz kimi yana çəkənləri” ifşa edir, öz qüdrətli qələmi ilə onların cavabını verir:
Nihilist!Gözündə qapqara eynək,
Elə vicdanı da qaradır onun.
Oxuyur yenə də qeyzə gələrək,
Qalın kitabını Səməd Vurğunun...
Götürüb qələmi, alıb varağı,
Yenidən “Aygün”ə hücum elədi.
Bir daha açıldı əli, ayağı,
Baxın nələr yazdı, nələr elədi.
Nihilist yatmayıb əli varaqda,
Nələr uydururdu, nələr deyirdi,
Lakin öz qadını başqa otaqda
“Aygün”dən parçalar əzbərləyirdi
Poemanı oxuduqca müəllifin ifadəsində Səməd Vurğunun ömür və həyat yolu bir kino lenti kimi xəyalından keçir. Onu gah Muğanda ovçular arasında, gah Mingəçevirdə “Muğan” dastanını yaradan inşaatçılar arasında, gah Mil düzündə pambıqçılar arasında görürsən. Gah səsi Talıstandan, gah Göygöldən, gah da Şuşadan gəlir. Gah görürsən ki, ali xitabət kürsülərində mühazirə oxuyur, gah da Sülh Konqresində onun gur səsi eşidilir:
Danışır köksünü verib irəli,
Qalib bir ölkənin nümayəndəsi.
Yayılır dünyanın hər tərəfinə,
Vurğunun-Sülh- deyə gurlayan səsi .
Sıxılır, açılır danışdıqca o,
Geniş alnındakı uzanan izlər
Qara qaşlarını çatıb baxanda
Kəpəzdən boylanan qartala bənzər.
Dastanın son boyları kədərli notlarla, göynərti hisslərlə qələmə alınıb. Xüsusilə əsərin “Yataqda”, “Yubiley gecəsi” və “Son ayrılıq” bölmələrini həyacansız oxumaq mümkün deyil. Həmin bölmələrin hərəsindən bir neçə bənd nümunə gətirmək istəyirəm: Bu parça “Yubiley gecəsi”bölümündəndir:
“On iki may, saat səkkiz, Salon dolu, səhnə dolu;Fikir, xəyal içində biz,Seyr edirik sağı solu...
Kürsüdəki qardaşıdır,
Yanağında o görünən
Ləkə deyil, göz yaşıdır...
O, Vurğunun məktubunu
Oxuduqca ağır-ağır,
Düşündürür sözlər onu,
Görkəmindən həsrət yağır.
Məktub adi məktub deyil
İnsandakı inama bax...
Aşağıdakı parça isə əsərin “Son ayrılıq” bölümündəndir:
Gözümün önündə fəxri xiyaban
Torpağın qoynunda yüz qəbir yatır...
Söylət hər kərpici, dindir hər daşı,
Neçəsöz gizlənib, neçə sirr yatır.
Yenə də üstümü aldı duman, çən,
Hüseyn hörmətlə ayaq saxla sən,
Cəfərin xəbəri varmı görəsən
Ynında Vurğunla Üzeyir yatır...
Görkəmli pedaqoq,şairin qardaşı Mehdixan Vəkilov “Ömür dedikləri bir karvan yolu” kitabında Səməd Vurğunun, həmin kitab nəşr olunanadək heç kimə məlum olmayan, gənclərə ünvanlanmış “Uzaq nəslə məktub”u barədə məlumat verir. Səməd Vurğun məktubunda yazır:”Mənim əzizi və doğma nəslim!Mən əsirlərin başı üzərində sənin xoşbəxt sifətini, səninböyük günəş kimi parlaq taleyini... görürəm...Mən xəyalən sənə çatıram. Səninlə bir cərgədə addımlayıram. Mən elə bil səninlə birlikdə nəfəs alıram, səninlə ələ-ələ verərək addımlayıram. Mən sənin məsud sifətində, sənin uzaqgörəngözlərinin parıltısında nə isə doğmalıq, yaxınlıq görürəm. Mənə belə gəlir ki, mən həyat vəyaradıcılığımı davan etdirirəm, sənmənim simamasan. Mən səninlə fəxr edirəm, mənim əziz nəticəm! ...Səninlə necə fəxr etməmək olar,mənim əziziim?! Axı sən bütöv bir gələcəksən...”
Hüseyn Arif poemada sanki, Ustadının fikirlərini davam etdirərək yataqda ağır xəstə yatan qəhrəmanının dili ilə yazır:
... Gəncliyə fikir verin,
Gənclik!-o gələcəkdir.
Sabahı yoxsa əgər,
Bu gün kimə gərəkdir?!
Maraqlıdır! Müəllif, Səməd Vurğunun dastanını başa çatdırandan sonra yazdığı “Cəfər” dastanında da Vurğunu yada salır, onun haqqqında yazdığı bu dastana nə qədər həssaslıqla, məsuliyyətlə yanaşdığını, onu nə qədər sevərək yaratdığını səmimi şəkildə etiraf edir:
Arayıb axtarmaq adətim oldu,
Qorxub çəkinmədim, çəndən, çisəkdən.
Dostlar yaxşı bilir, gizli deyil bu,
“Yolda”nı yollarda tamamladım mən.
On yol qulaq asdım bir xatirəyə,
On dəfə bir yurda ziyarət etdim.
Vurğununilk izi necəymiş deyə,
Bir ildə on dəfə Qazağa getdim.
Və bu da əsərin epiloqu. Müəllif oxucuya müraciət edərək, böyük sevgi və məsuliyyət hissi ilə başa gətirdiyi bu dastanın qəhrəmanının ömrünün bütöv xəritəsini çəkməyin asan olmadığını və onu8n sonunun bitmədiyini bildirir:
Sonu görünməyir şair ömrünün,
Hər vaxt seyr edəcək doğma diyarı,
Mənim demədiyim nə varsa, o gün,
Deyəcək sabahın öz sənətkarı.
Hüseyn Arifin qənaəti düz çıxdı. Səməd Vurğun haqqında yüzlərlə xatirələr, öçerklər, elmi-tənqidi məqalələr yazıldı. Osman Sarıvəlli, Süleyman Rəhimov, Mehdi Hüseyn, Məmməd Araz kimi sənət korifeyləri Səməd Vurğuna böyük məhəbbətin təzahürü kimi ədəbi yaradıcılıqlarında baş qəhrəmanı Səməd Vurğunun olan bir-birindən gözəl əsərlər yaratdılar. Ədəbiyyatçünaslıq elmimizin yeni bir qolu “Vurğunşünaslıq” yarandı. Səməd Vurğun yaradıcılığının müxtəlif sahələrinə dair 19 namizədlik, 3 doktorluq disertasiyası müdafi edildi. Mehdi Hüseyn, Bəxyiyar Vahabzadə, Qulu Xəlilov, Cəlal Abdullayev, Adilxan Bayramov, Famil Mehdi kimi görkəmli elm və söz adamları öz elmi tədqiqatlarını Səməd Vurğun yaradıcılığına həsr edərək Vurğunşünaslığa çox dəyərli töhvələr verdilər. Bu il anadan olmasını 120 illik yubileyini keçirəcəyimiz Xalq şairi Səməd Vurğunun vəfatından 70 il keçməsinə baxmayaraq, bizə hər gün ona mənən daha da yaxınlaşırıq. Böyük istedad, böyük duyğular, böyük arzular və ideallar şairi olan, bu arzu və idealları öz əsərlərində tərənnüm edən və ölməz əsərlər yaradan poeziya qartalımız Xalq şairi Səməd Vurğun, bu gün də bizimlədir, bizimlə birgə addımlayır, sabah da bizimlə olacaq və onun haqqında ən gözəl əsərlər indən belə yaranacaqdır. Xalq şairi Hüseyn Arif dastanın finalında dediyi kimi:
Çoxdur açılmamış incvə nöqtələr,
Xalq şair oğlunu hey anacaqdır.
Vurğunun haqqında ən böyük əsər,
Hələ indən belə yaranacaqdır.
Ramiz Göyüş,
“Şərq” qəzeti