Hüseyn Cavid
İblis nədir? - Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis!..
"İblis" pyesi ilə Azərbaycan ədəbiyyatında mənzum faciə janrının əsasını qoyan, şeir və dramaturgiyada yeni dil, üslub yaradan şair, yazıçı Hüseyn Cavid özü də ruhunu şeytana satan insanların qurbanı oldu...
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini doğulduğu bölgədə molla məktəbində alıb. Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirən ədib İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, əvvəlcə Naxçıvanda, sonra Gəncə və Tiflisdə, daha sonra isə Bakıda müəllimlik edib.
Şərqin Şekspiri, müsəlman şərqinin Nitşesi adlandırılan Cavid əfəndi Mişkinaz xanımla ailə qurub. Mişkinaz xanım da Cavid kimi Naxçıvanda anadan olub, amma təhsil almayıb. Çox gənc yaşda yaşlı bir kişiyə məcburi ərə verilib. Amma bu evliliyə tab gətirə bilmədiyi üçün bir neçə ay sonra baş götürüb qaçıb. O, Cavidin bacısı qızı ilə yaxın rəfiqə idi. 36 yaşlı Cavidi ailəsi Naxçıvana çağırıb, evləndirmək istəyir. Cavid əfəndi isə deyir, mən görmədən, bilmədən evlənə bilmərəm.
Bir dəfə Mişkinazı Cavidin böyük qardaşıgilə çağırırlar. Cavid o vaxt üstünə yük yığılmış sandığın arxasında gizlənərək Mişkinaza baxır. Amma işıq arxa tərəfdən düşdüyündən Mişkinazın üzünü seçə bilmir və bu işə razı olmur. Ailəsi vaz keçmir, ikinci dəfə Mişkinazı Cavidin bacısının evinə dəvət edirlər. Bu dəfə qapının arxasından Mişkinaza diqqətlə baxan Cavid razılığını verir və tezliklə ailə qururlar. Bu izdivacdan onların iki övladı (Ərtoğrul və Turan) dünyaya gəlir.
Cavid əfəndi Mişkinaz xanıma dərs verib, əlifbanı öyrədib. Sonralar o yazırdı ki, Mişkinaz mənim tələbələrimdən də bilikli biri oldu. O, məni anlayan, başa düşən ən yaxın dostum, sirdaşım idi.
Deyilənlərə görə, yazıçı adətən hamı yatandan sonra durub gəzər, öz-özünə danışarmış. Daha sonra isə yazı ilə məşğul olarmış. Təxminən gecə saat üçə qədər işləyən Cavid əfəndi sonra bir qədər yatar, dan yeri ağarmamış oyanıb səhər saat 7-ə qədər yenidən yazardı. Yazıçı "Zolotoye runo" tütünündən istifadə edib. Tütündən ona görə istifadə edirdi ki, yazı prosesində tənbəki bükməyə vaxt sərf etməsin və papirosu azaltsın.
Səhər süfrəni özü hazırlayar, övladlarını məktəbə yola salardı. Həyat yoldaşının səhər tezdən oyanmasına razı olmazdı.
Görkəmli şair Abdulla Şaiq "Xatirələrim" adlı kitabında Cavidin yaxşı səsinin olduğunu və alver etməyi bacardığını desə də, həyat yoldaşı Mişkinaz xanım bunu təkzib edib: "Cavidin nə yaxşı səsi vardı, nə də alver etməyi bacarardı. Bir neçə dəfə bazarlıq etməyə getdi, onu da bacarmadı".
Cavid əfəndi çox qayğıkeş, mülayim, xoşrəftar olub. O, uşaqlara və gənclərə çox həssas və mehriban idi. Xüsusən yazdığı əsərlər haqqında fikir söyləyən adamla həmişə hesablaşar, deyiləni diqqətlə dinləyərdi. Yalnız əsər haqqında deyil, müəyyən həyati məsələlər barəsində də uşaqların, gənclərin fikirlərini, rəylərini öyrənməyə çalışardı.
59 rəqəmi Cavid Əfəndinin həyatında bir çox təsadüflərlə doludur. Maraqlıdır ki, o 59 yaşında rəhmətə gedib, evi, məzarının nömrəsi, papağının ölçüsü də 59 olub, nəşi Azərbaycana gələndə Turan xanım 59 yaşında idi.
Repressiya dövründə Sibirə sürgün olunan 59 yaşlı yazıçı 1941-ci il dekabr ayının 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndinin əlillər xəstəxanasında vəfat edib. Deyilənə görə, ölümünə səbəb ürək iflici və ayaqlarının donmasından yaranan sepsis olub. Amma bunu ailəsinə düz 7 il sonra deyiblər. Görün ailəsi ondan gələcək məktubun həsrəti ilə neçə il yanıb-yaxılıb...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.