İlk azərbaycanlı ərəbşünas alim qadın Aida İmanquliyevanın anadan olmasının 80 illiyi münasibəti ilə “Elmin zirvələrində” adlı anım günü
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 09 oktyabr 2019-cu il tarixdə ilk azərbaycanlı ərəbşünas alim qadın Aida İmanquliyevanın anadan olmasının 80 illiyi münasibəti ilə “Elmin zirvələrində” adlı anım günü keçirildi.
Anım gününü kitabxananın direktoru Oruc Quliyev açıb görkəmli alim Aida İmanquliyevanın özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açması, "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" əsərlərinin yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etməsindən danışdı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ilk ərəbşünas alimin həyatı, elmi fəaliyyəti haqqında geniş məruzə etdi.
Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov dövrünün ən ziyalı qadını sayılan Aida İmanquliyevanın elmi, ictimai-siyasi fəaliyyəti ilə yanaşı tərcüməçilik sahəsində əməyi mövzusunda çıxış etdi.
Bakı Slavyan Universitetinin tələbələri İlahə Şıxəliyeva, Lalə Qasımova, kitabxananın əməkdaşları Ülkər Nağıyeva, Əfsanə İsayeva, Pərvin Mehdiyeva Şərq-Qərb elmi-mədəni əlaqələrinin nəzəri problem kimi əsaslı və sistemli şəkildə tədqiq, həmçinin, təhlil edilməsi, şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələsinin açılmasında Aida İmanquliyevanın əvəzsiz xidmətləri, zəhməti mövzusunda çıxışlar etdilər.
Tədbir boyu ilk azərbaycanlı ərəbşünas alim qadın Aida İmanquliyevanın həyat və elmi fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildi.