İlya Repin
Görkəmli rus rəssamı Repin İlya... "Burlaklar Volqada" əsəri ilə bütün dünyada məşhurlaşan, mistik gücə malik olan bu rəssamın fırçasında sanki bir sehr var idi...
İlya Repin indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində anadan olub. Atası hərbçi, anası isə müəllim idi. İlya Repin Bunakov adlı ikona sənətçisinin yanında şagird olaraq işləyib və ondan portret rəssamlığı üzrə ilkin təhsilini alıb. Çəkdiyi ikonaları yerli kilsələrə sataraq dolanışığını təmin edib. Daha sonralar Sankt-Peterburqa gedən rəssam Rus İncəsənət Akademiyasında təhsil almağa başlayıb.
Repinin fırçasının gücü qəribədir: onun bütün qəhrəmanları rəsm başa çatandan sonra vəfat edirdilər. Onların çoxu da öz əcəli ilə ölmürdü. Rəssamın "qurbanlar"ının arasında bu adları çəkmək olar: Musorqski, Pisemski, Piroqov, aktyor Mersi d`Arjanto. Fyodor Tyutçev isə Repin onun rəsmini hələ çəkməyə başlayanda vəfat edib. Bununla yanaşı, tamamilə sağlam kişilər də "Yedəkçilər" adlı əsəri çəkiləndən sonra vəfat ediblər.
İlya Repin əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı təsvir edib və sosial haqsızlıqları göstərməyə çalışıb. Bundan başqa, tarixi və dini mövzularda rəsmlər, eləcə də əsasən bir sıra bəstəkar və yazıçıların portretlərini çəkib. Əsərlərində rəng və işıq oyunlarını ustalıqla istifadə etməsi impressionizmin təsiri şəklində qiymətləndirilib, çəkdiyi insan portretləri isə duyğuları əks etdirməsi ilə önə çıxıb.
Həyatı boyu iki dəfə evli olan rəssam birinci xanımı Vera Şevtsova ilə 15 il həyat sürüb. Bu izdivacdan onun 3 qızı, 1 oğlu dünyaya gəlib. İkinci həyat yoldaşı isə ədəbiyyatşünas və fotoqraf Nataliya Nordman olub və o gənc yaşda vərəm xəstəliyindən həyatını itirib.
Tədricən iş qabiliyyətini itirən rəssam 86 yaşında dünyasını dəyişib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.