26 aprel, 2023
Paylaş:

İncəsənət Gimnaziyasının məktəbliləri kitabxanada qonaq oldular

Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının məktəbliləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Məktəbliləri kitabxana və kitabxanaçılıq peşəsi ilə tanış etmək məqsədilə təşkil olunan görüşdə kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova gimnaziyanın müəllimi Sevinc Məmmədovanın rəhbərliyi ilə kitabxanaya gələn məktəbliləri salamlayaraq, kitabxananın yaranma tarixi, şöbələri, fəaliyyət istiqaməti haqqında onlara geniş məlumat verdi.

Məktəblilər üçün kitabxanaya səyahət Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsi ilə başladı. Uşaqlar “kitabxana” sözünün nə demək olduğunu öyrəndilər, “abunə”, “oxu zalı”, “sərgi” anlayışları ilə tanış oldular, kitabxanaçı peşəsinin əsas məqsəd və vəzifələri haqqında məlumat aldılar. Kitabxananın əməkdaşları məktəbliləri rəngarəng uşaq kitabları və jurnalları ilə tanış etdilər,  kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışdılar.

Məktəblilər kitabxanaya yazılma qaydaları, elektron xidmətlər, elektron,  ənənəvi kataloq və kartotekadan istifadə qaydaları  ilə tanış oldular. Kitabxana əməkdaşları məktəblilərə kitabxananın fondunda olan uşaq ədəbiyyatı, burada təşkil edilən sərgilər, kitab təqdimatları, tədbirlər haqqında danışdılar. Şagirdlər “Heydər Əliyev 100”, “Vətən şəhidləri”, “Tarixi qələbə, Zəfər Günü” və “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” sərgiləri ilə tanış oldular. Sərgilərin təşkilində önəm verilən məqamlar, sərgilənən materialların hansı meyarlar əsasında seçilməsi haqqında məlumatlandırıldılar.

Görüşdə gimnaziyanın müəllimi Sevinc Məmmədova belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirdi.

Görüşün sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olundu.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()